0
Thursday 12 December 2013 - 01:18

Yeni araşdırma meydana gəldi

Story Code : 329810
Yeni araşdırma meydana gəldi
Yeni araşdırma meydana gəldi
İki gündür Azərbaycan mətbuatı və sosial şəbəkələrində bir jurnalist araşıdrması bomba partlayışının effekti kimi səciyyələndirilən yazı kimi meydana gəldi.

Azərbaycan cəmiyyətinin izlədiyi bu yazı (www.azadliq.org/content/article/25195029.html) öz jurnalist araşdırmaları ilə ad çıxarmış, cəmiyyətdə tanınan, buna görə hakimiyyətin təzyiqi ilə üzləşən və beynəlxalq mükafatlar alan Xədicə İsmyılovanın imzası ilə təqdim olunsa da, mövzunu araşdıran təşkilat Global Witness (http://www.globalwitness.org/library/mystery-figure-behind-azerbaijan%E2%80%99s-state-oil-company-revealed) və bu təşkilatın təmsilçisi və təhqiqatçısı Tomas Meyndir.

Yazıda söhbət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) büdcəyə, xalqa çatacaq olan pulları şəxsi ciblərə axıdılmasından gedir. Əlbəttə, Tomas Meyn öz müsahibəsində (www.amerikaninsesi.org/content/article/1807504.html) qeyd edir ki, araşdırmasında korrupsiya halının olmasına iddia etmir, sadəcə olaraq Extractive Industries Transparency Initiative təşkilatının hesabatında adı şəffaf, təmiz olan Azərbaycanın nə dərəcədə şəffaf olmasını müəyyən etmək istəyib və bunun üçün də neft sektorunu araşdırmağa başlayıb, nəticədə isə bu araşdırma layihəsi meydana gəlib.

Portalımızın oxucuları həm mətbuatdan, həm də yazıda göstərilən linklərdən araşdırma haqqında oxuyacaqlarını nəzərə alaraq biz mövzunun şərhini verməyi uyğun bilirik.

Araşdırmada əsas söhbət, Anar Əliyev adlı 35 yaşlı şəxsin hörümçək toruna bənzəyən offşor şirkətlərlə milyonlarla manat pulları qısa bir zamanda qazandığından gedir.

Anar Əliyev araşdırmadan sonra meydana gələn isimdir, şəxsdir, SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğu iddia edilən adamdır. Ancaq sözsüz ki, bu adamın arxasında duran, onu praktik olaraq beynəlxalq biznes arenaya çıxaran şəxsləri haqqında araşdırmada dolğun məlumat yoxdur.

48 yüksək mənfəətli sövdələşməni həyata keçirən Anar Əliyevdən başqa araşdırmada adı keçən digər şəxs Valeriy Qolovuşkindir. Analizimizdən və araşdırma ilə tanış olduqdan sonra belə məlum olur ki, SOCAR 2008-ci ildən bəri Azərbaycanın hasil etdiyi neftdən əldə etdiyi payı dünya bazarına çıxarıb satmağı Valeriy Pavloviç Qolovuşkin olmadan həyata keçirə bilməzdi ki, həmin şəxsin iştirakı ilə də satılan neftdən əldə olunan gəlirdə Anar Əliyevin və Qolovuşkinin mənfəəti milyonlarla avro ilə ölçülür.

Anar Əliyev haqqında həm araşdırmada həm də mətbuat çox az da olsa məlumat əldə olundu və Rövnəq Abdullayevlə qohumluğu üzə çıxdı. Ancaq Valeriy Qolovuşkin haqqında demək olar heç bir şey bəlli deyil.

Mənbələrimizin verdiyi məlumata görə cənab Qolovuşkin qapalı və vacib adamlardan biridir ki, dünya neft bazarlarında önəmli treyderlərdən sayılır. Ofisi Londonda yerləşən və əslən yəhudi olan, Qolovuşkin sovetlər dönəmində KQB-nin Qərbi Avropa rezidenturasında önəmli isimlərində biri olan, polkovnik Arkadiy Vasiliyeviç Qukun qabağa çəkdiyi zabitdən biri olub.

Hələ o zamanlar polkovnik Quk Qolovuşkinə əsasən neft sektoru ilə bağlı məsələləri tapşırırdı və onu da qeyd edək ki, elə həmin zamanlar bu sektor üzrə verilən tapşırıqlar əhəmiyyətinə görə digərlərindən xeyli geridə qalırdı.

1985-ci ildən isə Sovetlər dönəmində həm də şərqi avropa ölkələrində kənd təsərrüfatında istifadə olunan yanacağın idxalında Qolovuşkin əsas fiqurlardan biri idi.

SSRİ dağıldıqdan sonra isə KQB ilə vidalaşan Qolovuşkin öz fəaliyyətini tamamən keçmiş SSRİ məkanında hasil olunan neftin qərbdə satılmasında iştiraka həsr etdi.

Rusiya, Qazaxstan, qismən Türkmənistan və Azərbaycan neftinin satışında treyder rolunu oynayan yəhudi əsilli Qolovuşkin bununla da kifayətlənməyib həm də İraq və İran daxil olmaqla yaxın şərq neftinin satışında da iştirak edib.

Onu da qeyd edək ki, Qolovuşkin İlham Əliyevlə Avropanın məşhur iş adamı Viktor Kojenni arasında olan qalmaqala da öz töhfəsini verə bilib. Yəni, İlham Əliyev üçün Viktor Kojenni təhlükəsinin zərərsizləşdirilməsində Qolovuşkinin rolu böyük olub, sözsüz ki, İlham Əliyevin böyük səxavəti qarşılığında.

Bir məqamı da vurğulayaq ki, araşdırma Azərbaycanın neftinin xaricə satılması mövzusunda talanan pulların miqyasının tam əhatə etmir, bu yalnız 0, ... neçə faizini əhatə edir.

Oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycanda korrupsiya mövzusunda peşəkar jurnalist araşdırmalarının beynəlxalq səviyyədə aparılması məhz İlham Əliyev hakimiyyəti dövrünə təsadüf etdi.

Xatırlayırsınızsa, ötən il Xədicə İsmayılovanın araşdırmaları da cəmiyyətdə səs küyə səbəb olmuşdu, ancaq bununla belə Azərbaycanda hakimiyyətə qarşı kütləvi etirazlara gətirib çıxarmadı. Ukraynada olduğu kimi yüz minlərlə adam küçə və meydanlara axışmadı.
Source : Islamtimes
Comment