0
Friday 13 December 2013 - 23:27

Toplumun inkişafı insanların öz əqidələrinə sadiqliyindən asılıdır

Story Code : 330398
Toplumun inkişafı insanların öz əqidələrinə sadiqliyindən asılıdır
Toplumun inkişafı insanların öz əqidələrinə sadiqliyindən asılıdır
Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimiz yalan danışmaq və bunun səbəbləri barəsindədir. Nədir yalan danışmaq və nə səbəb olur ki, insan yalan danışır? Əhli-beyt (ə) davamçılarının ən mötəbər hədis kitablarından olan “Usuli-Kafi”də yalan barəsində mübarək bir hədis keçir. Həmin hədis İmam Baqirdən (ə) nəql olunub. İmam (ə) buyurur: “Əli ibn Hüseyn (ə) (İmam Səccad) öz övladlarına belə nəsihət edirdi: ”Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük. Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir”. Məsum İmamımızın (ə) bu cümləsindən çox incə bir mətləb meydana çıxır ki, insan gərək hər cür yalan danışmaqdan çəkinsin. (Təbii ki, zəruri istisnaları çıxmaq şərtilə – bu, ayrıca bir bəhsdir). İstər bu yalan kiçik olsun, istərsə də böyük. Çünki insan kiçik yalanları söylədikcə yavaş-yavaş onda böyük yalanları da söyləməyə cürət tapılar və bu, onda adət halını alar, insan artıq yalandan çəkinməz.

İman olan yerdə yalana yer yoxdur
Əziz Peyğəmbərimizdən (s) də bu barədə bir hədis nəql olunur ki, iman əhli ilə yalan arasında heç bir ümumi məxrəc ola bilməz. Əziz Peyğəmbərimiz (s) buyurur ki, iman olan yerdə yalan yoxdur. İnsan əgər bir balaca bu haqq sədalarına diqqət yetirsə və anlasa ki, Peyğəmbərimiz (s) bunu həm də konkret olaraq ona söyləyir, yəni deyilənləri özünə götürsə və bundan müalicə olunmağa çalışsa, o zaman nicat tapacaq. Həzrət Peyğəmbər (s) sonuncu nicatverici olaraq, bəndəyə müraciət edir: “Mömin, iman əhli hər şeyə öyrəşə bilər, yalan və xəyanətdən başqa”. Yəni mümkündür ki, iman əhli bir çox şeylərə adət etsin, amma Rəsulullah (ə) məntiqinə görə, İslam məntiqinə görə iman əhlinin yalan və xəyanətə adət etməsi mümkün deyil. Necə ki, su quruluq qəbul etmir, o cür də iman əhli yalan və xəyanəti qəbul edə bilməz. Necə ki, 2 ədədi heç vaxt tək ola bilmir, həmişə cüt olaraq qalır, iman əhli də heç vaxt yalançı və xəyanətkar ola bilməz. Harada yalan var, xəyanət var, orada möminlik yoxdur.

Yalanla bağlı Məsumlarımızdan (ə) nəql edilən bəzi hədislərə nəzər salaq
İmam Baqir (ə) buyurur: “Dörd nəfərlə – ağılsız, xəsis, qorxaq və yalançı ilə yoldaşlıq və qardaşlıq etmə!” Gördüyümüz kimi, yalan, digər rəzil xislətlərlə birgə göstərilmiş və bu xislət daşıyıcısı ilə dostluq etməyə icazə verilmir.
Digər hədisdə Allahın Peyğəmbəri (s) yalandan imtina etməyi behiştə daxil olmağın şərtlərindən biri kimi göstərilir: “Mənim üçün altı şeyi öhdənizə alın, sizin cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi silovlayın, əllərinizi və dillərinizi saxlayın”.
İmam Səssaddan nəql edilən (ə) hədisdə isə yalan, digər günahlarla yanaşı, rəhmət nazil olmasının qarşısını alan amil kimi göstərilir: “Göydən yağışın yağmasının qarşısını alan günahlar – hakimlərin ədalətsiz hökm çıxarmaları, yalan şəhadət vermək və şəhadəti gizlətməkdən ibarətdir”.
Əziz İmam Əli (ə) yalanın tənqidini məşvərət müstəvisində edir. O Həzrət (ə) bizə çatdırır ki, yalançı ilə məsləhət-məşvərət etməyək: “Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəsək”.
Digər mübarək hədisdə isə yalanın cütü olan xislət kimi qorxaqlıq tanıdılmışdır. İmam Əli (ə) buyurur: “Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq şüsaətlə və qorxaqlıq yalanla birgə olar”.

Yalan niyə danışılır?
Əziz Peyğəmbərimiz (s) 14 əsr bundan qabaq, hələ psixoanalitika, psixologiya və bu kimi sahələr üzrə inkişaflar olmadan yalan danışmağın səbəbini, fəlsəfəsini, yalan danışmağın həqiqi bünövrəsini bəşəriyyət üçün bəyan etmişdir. Rəsulullah (s) məntiqinə görə, yalan danışan ona görə yalan danışır ki, o, öz şəxsiyyətini kiçik bilir, o, özünü şəxsiyyətsiz görür, o, yalan danışmaqla özünün şəxsiyyətsizliyindən xəbər verir. Həzrət Peyğəmbərə (s) görə, yalan danışan insanın şəxsiyyəti yoxdur. İslam məntiqinə görə, yalan danışmaq insanın daxili komplekslərindən irəli gəlir, onun daxili, batini aləmlərinin xəstəliyindən, xarablığından, fəsadlığından xəbər verir. İslam bunu bir vaxt söyləyib ki, hələ dünyada heç bir psixoanalitik yox idi. Hələ 14 əsr bundan qabaq qəlblərin həkimi olan Rəsulullah (s) deyir ki, yalan danışma, yalan danışmaqdan müalicə olun, bunun müalicəsi – sənin şəxsiyyətinin müalicəsidir.

Bütün günahların açarı olan yalan
Bəs bu yalan nədir ki, İmam Baqir (ə) onun kiçiyindən də, böyüyündən də çəkinməyi bildirir, Rəsulullah (s) onunla iman əhlinin bir yerə sığmayacağını bildirir? Yalan – çox sadə desək, insanın dili ilə törətdiyi kəbirə günahlardandır. Yalan – bütün günahların açarıdır. Yalan öndə durur, sonra zina gəlir, sonra oğurluq gəlir, müxtəlif zülm növləri gəlir. Yalan bütün pisliklərin, eybəcərliklərin başıdır. Necə ki, iman, həqiqi iman – bütün fəzilətlərin, yaxşılıqların, gözəlliklərin mənbəyi və başıdır, o cümlədən də yalan – bütün pisliklərin, eybəcərliklərin başıdır. Buna görə də imanla yalan bir yerə sığışa bilməz. Əksər vaxt yalan ona görə danışılır ki, insan istəyir hansısa düzgün yolları qoyub, daha “qısa” yollarla hədəfə çatsın. Daha anlamır ki, özünü son hədəfdən, son qurtuluşdan məhrum edir. Bugünkü dünyamızda dəyərlər o qədər dəyişib ki, yalan danışmaq – “zirəklik”, iş bacarmaq, siyasətçi olmaq kimi qələmə verilir. Düzgün insana isə “sən bacarıqsızsan, sən bu dünya insanı deyilsən, sən əfəlsən” – deyilir. İinsani dəyərlər bu dərəcədə dəyişib. Amma yalan danışan birinci özünü, özünün pak fitrətini aldadır. Onun fitrəti, onun daxili, onun batini onu yalan danışmağa sövq etmir. İnsan fitrəti, onun batini əslində insana deyir ki, yalan danışma, bu, sənə yaraşmır. İnsanın fitrəti, batini ona neçə gün yalan danışdığına görə əzab verəcək. Ona gecə rahat yatmağa imkan verməyəcək. Onu narahat edəcək. O vaxta qədər ki, onda insanlıqdan bir əsər-əlamət qalmayacaq. Qəlbi o qədər möhürlənər ki, yalan onun qidasına çevrilər.

Yalan xilqətin əksinə getməkdir
Yalan – şəxsiyyəti tapdalamaq deməkdir.
Yalan – ləyaqəti tapdalamaq deməkdir.
Yalan – insanın öz Rəbbini aldatmaq istəməsi deməkdir.
Yalan – Rəbblə düşmənçilik deməkdir. Gözəllik mənbəyi olan, yaxşılıq mənbəyi olan, fəzilət mənbəyi olan Rəbbə qarşı yalan danışmaq – şeytan ordusunun ən layiqli əsgərlərinə çevrilmək deməkdir.
Yalan – yaradılışın fəlsəfəsinə qarşı çıxmaqdır
Yalan – xilqətin əksinə getməkdir. Çünki yaradılış düzgünlük əsasında qurulub. Gerçəklik əsasında qurulub. Qurani-Kərimin “Ənam” surəsinin 73-cü ayəsində bu, açıq şəkildə bəyan edilir ki, göylər və yer haqq üzərində, düzgünlkük üzərində, sidq üzərində yaradılıb: “Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. “Ol” deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!”.
İmam Əli (ə) mübarək “Nəhcül-Bəlağə”də buyurur: “Dünya sidq və düzgünlük yeridir. O kəslər üçün ki, onu təsdiqləyələr”. Yəni bu, yalan sözdür ki, dünya – yalan yeridir, guya bu dünya – fırıldaqlıq, hoqqabazlıq yeridir, makiavellistlərin yeridir. Xeyr, belə deyil. Bu dünya nə üçün onların yeri olmalıdır ki?! Düz danışanlar öz düz danışmaqlarından kənara çəkilib, gedib yalan danışmağa başlamasınlar gərək. Öz düzgünlüklərindən, sidqlərindən geri çəkilməsinlər. Çünki, belə olduqda yalan danışanlar üçün meydan açılır. Dinimizin məntiqinə görə, dünya düzgünlük və sidq yeridir.

Nə zaman yalan insanların qəlbində rahat yer alır?

Yalanı elə-belə desən, heç kim qəbul etməz. Çünki insanın fitrəti var, onun daxilində hökm sürən bir fitrət var. O, batili dərhal qəbul etmir. Ona görə də yalan danışanlar haqdan istifadə edirlər, o yalana bir miqdar haqdan əlavə edirlər, nəticədə bu yalan, batil topluma yedizdirilməli, həzm etdirilməli bir hala gəlib çatır. Əziz İmam Əli (ə) də buna işarə edir. Buyurur ki, bəziləri haqdan bir miqdar, yalandan bir miqdar, batildən bir miqdar götürüb, bir-birinə qatırlar və nəticədə insanlara təqdim edirlər. Camaat da bunu həzm edir. Yalanın təkcə özünü isə belə rahatlıqla həzm etmirlər.
Allah-Təala bəyan edir: “Allahdan daha düz danışan kimdir? Bu, bir gündür ki, yalnız düz danışanlar öz düzgünlüklərindən xeyir apara bilər”. Allah Təala buyurur ki, Mənəm düz danışan. O birilər düzdür ki, səni aldada bilər, səni çaşdıra bilər, ey bəndə, bunu bil və qəbul et: kimdir Məndən düz danışan?! Əgər ən düz danışan Mənəmsə, Mən də deyirəm ki, o gün ancaq düzlük və sidq qəbul olunacaq.
Yaxud başqa bir yerdə yenə də ayıldıcı bir müraciət var. Allah Təala buyurur: “O gün mal və övlad heç bir kəsin halına xeyir verməyəcək. Yalnız səlim qəlblə, sağlam qəlblə, pak və təmiz qəlblə Allahın dərgahına gedənlərdən başqa”. Bəs qəlb nə vaxt təmiz olur? Qəlbin Sahibi deyir ki, o qəlbin təmizliyini Mən müəyyən edəcəm. Orada meyarlar başqa şəxslər olmayacaq ki, kimsə desin mənim qəlbim təmizdir. Bu, elə-belə sözdür ki, deyilir. Qəlblərin təmizliyinə yalnız Allah qərar verəcək.
Başqa bir ayədə buyurur ki, ey iman gətirənlər, təqvalı və düzdanışanlarla olun. Yəni ey mömin və möminələr, təqvalı olun, Allah nəzəri ilə nəzər salın, Allah məntiqi ilə nəzər salın. Allah rənginə bürünün. Bu beşgünlük dünyada aldanmayın. Allah insanı o qədər sevir, o qədər əziz bilir ki, ona həqiqətləri vəd edir. Hərə bir şey vəd edə bilər, amma Allah həqiqətləri vəd edir. Deyir, ey insan, təqvalı ol. Düzdanışanlarla ol. Rəsulla (s) ol, Əhli-beytlə (ə) ol. İnsanın həqiqi bədbəxtçiliyi onun şəxsiyyətsizliyindən, onun öz şəxsiyyətinə göz yummağından, öz ləyaqətini unutduğundan, özünü dördayaqlılar səviyyəsinə salmağından əmələ gəlir. Bu, çox böyük bir xəstəlikdir və bunu müalicə etmək lazımdır.

İman əhli nə qədər öz imanına riayət edir?
Günümüzə gəldikdə də, bu, açıq-aydın görünür ki, bütün cinayətlərin başında yalan durur. Bütün zülmlərin başında yalan durur. Bir dəfə, iki dəfə, üç dəfə kiçik yalan danışmaqla, adət edərək sonra böyük yalanlara keçilir. Bu, həm fərdi həyatda, həm ailə həyatında, həm toplumda öz davamını gətirir. Fərd əvvəl özünü aldadır. Özünü aldadandan sonra ətrafını, mühitini, valideynlərini, övladlarını, qardaşını, bacısını, ailəsini aldadır. Bu, paralel gedir. Çətini bu adətin insanda əmələ gələnə qədərdir. Sonra insan özünün imkanı səviyyəsində aldadır. Səlahiyyəti nə qədərdirsə, o səviyyədə aldadır. Çətini buna adət edənə qədərdir. Bütün fəsadların başı yalanla başlayır. Buna görə də iman əhli özünün vəzifələrini dərk etməlidir. Ola bilər, kimsə deyə bilər ki, bizim bundan xəbərimiz yox idi. Amma iman əhlinin bu sahədə məsuliyyəti böyükdür. İman əhlinin aldatmağa zərrədək ixtiyarı yoxdur. İslam məntiqində imanlı şəxs – məhz belə şəxsdir. Buna görə də hər toplumun inkişafı onun qabağında gedən, avanqardında gedən iman əhlinin nə qədər öz imanlarına riayət etməsindən asılıdır.
Allahım, bizlərə ibadət nemətini nəsib et.
Allahım, bizlərə günahlardan uzaq olmaq tofiğatını nəsib et.
Allahım, bizim dillərimiz düz danışan qərar ver.
Allahım, dillərimizi yalandan qoru. Ağsaqqalarımızı günbəgün vüqarlı et. Cavanlarımızı günbəgün elmli, təqvalı, mərifətli et.
Allahım, alimlərimizi, ziyalılarımızı günbəgün təqvalı et.
Allahım, Qarabağımızın azad olmasını bizlərə nəsib et. Amin!

İlqar İbrahimoğlu/musavat
Source : Musavat
Comment