QR CodeQR Code

Türkiyə NATO-ya güzəştə gedəcəkmi?

14 Aug 2010 11:35

Ermənistan Türkiyə ilə sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirib.


İşğalçı ölkədə ümid edirlər ki, NATO-nun sentyabrda Ermənistanda keçirilməsi nəzərdə tutulan 1 həftəlik təlimlərindən sonra sərhədlər uzun müddət açıq qala bilər. NATO-nun təlimlərindən sonra Ermənistan-Türkiyə sərhədinin açıq qalması məsələsi prezident Abdullah Gülün Azərbaycana səfəri zamanı müzakirə mövzusu olacaq və Ankara Bakını bu məsələdə razı salmağa çalışacaq. Erməni ekspertlər bu qənaətdədirlər. Lider xəbər verir ki, yayılan məlumata görə, sentyabrın 11-17-də Ermənistanın Kotayk bölgəsində NATO-nun humanitar yardımla bağlı keçirəcəyi təlimlər zamanı istifadə olunacaq bəzi malların Türkiyə ərazisindən quru yolla Ermənistana daşınmasına icazə veriləcək. Plana əsasən, Ermənistanda 1988-ci il dekabrın 7-də baş verən zəlzələdən sonra 20 min insanın həlak olduğu dağıntı bölgələrində insanlara kömək göstərilir. Təlimlərdə Türkiyə 4 nəfərlik qrupla təmsil olunacaq. Rəsmi Ankara bəyan edib ki, sərhədin müvəqqəti açılması onun sonra da açıq qalacağı anlamına gəlmir. Amma işğalçı ölkədə ümid edirlər ki, Vanda yerləşən «Aktamar» kilsəsində sentyabrın 19-da keçiriləcək ayinlərdə iştirak etmək üçün sərhədin açıq qalması mümkündür. Kilsəni ziyarət etmək üçün Türkiyə tərəfi Ermənistanın Mədəniyyət nazirliyinə rəsmi dəvətnamə göndərməlidir. Amma bu dəvət reallaşmayıb. Mədəniyyət nazirliyindən bildirilib ki, iki ölkə arasında diplomatik əlaqələr olmadığından dəvət Xarici İşlər nazirliyi vasitəsilə göndərilməlidir. Xarici siyasət idarəsi isə bəyan edib ki, Ankaradan rəsmi dəvət daxil olmayıb. Ekspertlər hesab edirlər ki, NATO-nun bu təlimləri keçirməkdə məqsədi əslində Ankara-İrəvan münasibətlərinin normallaşmasını sürətləndirməkdir. Amma Türkiyənin Şimal blokunun təsiri altına düşəcəyi inandırıcı görünmür. Ankara açıq bəyan edir ki, təlimlərin keçirilməsi sərhədlərin uzun müddət açıq qalması anlamına gəlmir. Bu, yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər. Ekspertlər hesab edirlər ki, indiki məqamda Türkiyə Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Və Abdullah Gülün Bakıya səfəri zamanı bu məsələ müzakirə mövzusu olmayacaq.


Story Code: 34064

News Link :
https://www.islamtimes.org/az/article/34064/türkiyə-nato-ya-güzəştə-gedəcəkmi

Islam Times
  https://www.islamtimes.org