0
Sunday 20 April 2014 - 09:02

Əsədin müxalifləri bir-bir səhnədən çıxır

Story Code : 374662
Əsədin müxalifləri bir-bir səhnədən çıxır
Ötən həftə Bəndər ibn Sultanın işdən kənarlaşdırılması ilə bağlı Ərəbistanda yayılan geniş şayiələr gerçəkləşməyə başladı. Ərəbistan şahzadəsi də Bəşar Əsədin müxaliflərinə qoşulanlardandır. Daha mühüm xəbər Ərəbistanın xarici işlər nazirinin işdən çıxarılması xəbəridir.

Suriya böhranından 3 il ötür. Ölkə əhalisi Suriya ordusu ilə əl-ələ verərək terroristlərə qarşı müqavimət göstərir. Yada salaq ki, Qərb və bir sıra region ölkələrinin yardımı ilə 80 ölkədən Suriyaya terrorçu göndərilir. Ötən həftə Ərəbistan kralı Abdullah ibn Əbdül Əziz Bəndər ibn Sultanı kəşfiyyat naziri vəzifəsindən uzaqlaşdırdı, onun yerinə Yusuf İdris təyin olundu.

Bəndər ibn Sultan Bəşar Əsədə qarşı çıxan, bu yolda hər işə əl atan birinci şəxs deyil. Qətərin sabiq əmiri Həməd ibn Xəlifə Ali-Sani, Qətərin sabiq xarici işlər naziri Həməd ibn Casim, Misirin həbsdə olan prezidenti Məhəmməd Mursi, Ərəbistanın xarici işlər naziri Səud əl-Feysəl Bəşar Əsəd üzərinə hücumun əsas tərəfdarı olublar. Onlar terrorçuların fəaliyyətlərini xalqın etirazı kimi qələmə verməyə çalışıblar. Bu şəxslər Əsədin legitimliyini inkar etdikləri bir zamanda özləri vəzifədən getdilər.

Məhəmməd Mursi ən pis şəkildə hakimiyyətdən uzaqlaşdırıldı. Xalqın etirazları və ordunun müdaxiləsi nəticəsində Mursi həbs edildi. Mursinin 2013-cü il 3 iyulda hakimiyyətdən uzaqlaşdırılması 30 iyun inqilabı kimi məhşurlaşdı. Mursi qısa sürən hakimiyyəti dövründə dəfələrlə Bəşar Əsədi ittiham edərək onun hakimiyyətini qeyri-legitim dəyərləndirdi.

Qətərin sabiq əmiri Həməd ibn Xəlifə 1995-ci ilin iyun ayında atasına qarşı çevriliş edib hakimiyyəti ələ keçirdi. Bu şəxs əvvəldən qanuni hakimiyyətə sahib olmayıb. Sonradan Amerikanın təzyiqləri altında hakimiyyəti gənc oğlu Təmimə verdi.
Həməd ibn Casim nazir olduğu dövrdə ərəb birliyi və BMT təhlükəsizlik şurasında Suriyaya qarşı əlindən gələni etdi. Hətta Rusiyanın xarici işlər naziri Lavrovla aralarında mübahisə də yarandı. Bu şəxs də getdi, Əsəd qaldı.

ABŞ-nın sabiq xarici işlər naziri Hillari Klinton Suriyaya qarşı kampaniyaya başçılıq edənlərdən idi. ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford onun əlaltısı idi. Klinton da Bəşardan qabaq vəzifədən getməli oldu. Hətta Robert Ford işdən uzaqlaşdırıldı.
Bəşar Əsədlə isti münasibətdə olan Türkiyə baş naziri Ərdoğan və Türkiyə xarici işlər naziri Davudoğlu qeyri-legitimlik ittihamı ilə üzləşdilər.

Ərdoğan və Davudoğlu ötən 3 ildə Bəşar Əsədi qeyri-legitimlikdə ittiham edib. Onlar öz xalqlarının etiraz aksiyaları ilə üzləşib. Bu aksiyalar göstərir ki, Ərdoğan dövlətini də qeyri-qanuni sayanlar az deyil. Türkiyədə aksiyaların dayanmasının səbəbi hökumətin sərt, amansız davranışı oldu.

Ötən həftə növbə Ərəbistana çatdı. Ərəbistan kəşfiyyat naziri Bəndər ibn Sultan ABŞ-a yaxınlığına görə Bəndər ibn Buş kimi tanınır. Onların Suriya layihəsi alınmadığı zaman vəzifədən getməli oldu. Onun istefa verdiyi deyilsə də əsas səbəb Səud ailəsindəki ixtilaflar idi.

Bəndər Amerikaya söz vermişdi ki, bir neçə aya Bəşar hökumətini devirəcək. O hətta Putini 50 min terrorçunun səhnəyə çıxarılması ilə hədələmişdi. Özünü “Suriyanın dostları” adlandıran Ceyşul-İslam qruplaşması da Suriya dövlətinə qarşı bir iş görə bilmədi.

Səud ailəsinə yaxın mənbələr bildirir ki, Suriya və İran işinin Bəndərdən alınıb əmisi oğlu Məhəmməd ibn Naifə verilməsi onu çox narahat edib. O ölkəni tərk edib, hətta Məlik Abdullahın Obama ilə görüşündə gözə dəyməyib. Suriya və İranın qatı düşmənlərindən olan Bəndər ibn Sultan terrorçu qrupların himayəsi və silahlandırılması sahəsində fəaliyyətləri ilə tanınır. Bu şəxs həm də Bəşar Əsəd və Hizbullah baş katibi Seyid Həsən Nəsrullaha qarşı düşmənçiliyi ilə tanınır.

Səud ailəsinə yaxın mənbələr bildirir ki, Bəndərlə Məlik Abdullah arasında münasibətlər normal deyil. Mənbələr bildirir ki, bundan öncə Ağ Evin israrı ilə Bəndər Ərəbistana qayıdıb və Kəşfiyyat İdarəsinə rəhbərliyi növbəti dəfə öhdəsinə götürmüşdü.

Bəndər ibn Sultanın 4 gün əvvəl işdən uzaqlaşdırılandan sonra isə Londonda çap olunan Rəyul-yəvm qəzeti xarici işlər naziri Səud əl-Feysəlin işdən çıxarılmasından yazıb. Bildirilir ki, nazir istefa üçün müraciət edib.

Bu şəxsin işdən uzaqlaşdırılması ilə istefa verməsi arasında böyük fərq yoxdur. Xalqın və ordunun Bəşar Əsədə dəstəyi nəticəsində çevriliş planının baş tutmaması Səud ailəsi daxilində ciddi qarşıdurmalar yaradıb. Hətta Ərəbistan məsulları prezident seçkilərindən danışmağa başlayıb. Suriya böhranında Səudiyyə Ərəbistanının nəzərindən qaçan nöqtə Əsədin xalq tərəfindən himayə edilməsi olub. Bu himayə sayəsində Əsəd hökuməti ən ağır hərbi, siyasi, iqtisadi təzyiqlər qarşısında dayana bilib. İndi Suriya hökuməti Qərb, ərəb ölkələri, İsrail tərəfindən himayə edilən terrorçu qruplara yer verilməyəcək gələcək Suriyanın qurulması istiqamətində çalışır.
Comment