0
Friday 23 May 2014 - 11:37

Həqiqi kamal axtarışında

Story Code : 385368
Həqiqi kamal axtarışında
Həqiqi kamal axtarışında
Bismilləhir-Rahmənir-Rahim!

İnsan həyatı mahiyyətcə müxtəlif imtahan, çətinlik, sınaqlarla müşayiət olunur. İnsanı başqa varlıqlardan fərqləndirən də onun seçimli, iradəli varlıq olmasıdır. İnsanın bu mənada həyatını tənzimləyən, müəyyən edən – onun iradəsidir.
Optimal hədd
Bu mənada hər bir şüurlu, dərkli insan diqqətli olmalıdır ki, yaşayışında, mövcudiyyətində onun mühiti, onun ətrafında baş verənlər, daxildəki nəfsi onu məşğul etməsin. Ayıq olmalıdır ki, bütün bu amillər onu qəflətə salmasın, özündən xəbərsiz olmasın. Bu amilləri təsnifləndirməlidir, təsirlilik və davamlılıq baxımından ayırmalıdır. Daha təhlükəlilərini xüsusən tanımalıdır. Axı bəzən insanı məşğul edən şey – onun öz vəzifəsini icrasında ifrat-təfritə varmasıdır. Yəni insan mütəxəssis olaraq, peşəkar olaraq, ata olaraq, övlad, qohum olaraq, həyat yoldaşı olaraq üzərinə düşən vəzifəsinin icrasında ifrata vara bilər və nəticədə qəflət durumuna düşə bilər. Bir də ayılar ki, işi-gücü nəyin harada satılması, nəyin ucuz-baha olmasıdır, yaxud uşaqları harasa aparmaqdır, nə vaxt gətirməkdir və s. Əlbəttə ki, optamal həddə bunlar hamısı lazımdır, amma insan həyatını elə tənzimləməlidir ki, birinci dərəcəli mövzuları itirməsin.
Haradan gəldiyini, nə üçün bu dünyaya gəldiyini, haraya gedəcəyini, nə etməliləri unutmasın. Çünki nəhayətdə bir də ayılar ki, ömrünü maddi təminata və bu təminatın xərclənməsinə sərf etmişdir. Başını qatıb “vacib” işlərə, özü barədə, öz durumu barədə, özünün yaradılışda yeri barədə düşünməyə vaxt tapmır. Sözsüz ki, bunu yoluna qoymağın yolu – düşünməkdən, təfəkkür etməkdən, dərkdən keçir. Təhlil etməkdən, mühasibə etməkdən asılıdır onun öz real durumunu qiymətləndirməsi.
Allah-Təala düşünmədən yaşayanları, həyatlarını boş yerə sərf edənləri cəhənnəm əzabı ilə xəbərdar edir və bu bədbəxtşiliyin kökünün məhz düşünməməkdə, qafillikdə olmasını nəzərə çatdırır: “Doğrudan da, Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” surəsi 179-cu ayə).
Allah-Təala bizləri düşünənlərdən, qafil olmayanlardan qərar versin.

Həqiqi kamal nədir?
Həzrət İmam Baqir (ə) bu istiqamətdə bir neçə ciddi məqama toxunur. İmam (ə) buyurur: “Həqiqi kamal – dini başa düşmək, ağır bəla müqabilində dözüm və məişətində əndazəni saxlamaqdan ibarətdir”. Bir neçə məsələ sadalanır və mahiyyətcə həyatımız tam surətdə əhatə olunur. Həqiqi kamal – dini başa düşməkdir. Biz gərək “İslam nədir?”, “nə üçün göndərilib?”, “biz kimik?”, “Allahın göndərdiyi İslam baxımından həyatımız, dünyamız, imtahanlarımız nədir” suallarına cavab tapaq. Həyatımızın bütün müstəvilərində minimal İslami kimliyimizi yaşamaq üçün gərək bizim bilgimiz və məlumatımız olsun. Bu bilgi və məlumat həm fərdi müstəvidə, həm də ictimai müstəvidə zəruridir. Həqiqi kamal – dini, dinin ruhunu başa düşməkdir. Bütün bunlar nəhayətdə Allaha bəndəliyə aparmalıdır. Dinin ruhu budur ki, insanlarda Allaha bəndəlik ruhiyyəsi əmələ gəlsin. Əgər bizim məşğuliyyətlərimiz Allaha bəndəliyə gətirib çıxarmırsa, o məşğuliyyətlər boş və əbəs yerədir. Allah bəndəlik bu anlamda avtomatik olan məsələ deyil. Düşünməklə, hesabat aparmaqla təsbit edilən bir halətdir.
Dinin əsas hədəfi
Dinin hədəfi, mahiyyəti – bizlərdən Allah bəndəsi yetişdirməkdir. Məhz buna nail olsaq, həqiqi kamala yiyələnmiş olarıq. Namazlardan tutmuş gündəlik məşğul olduğumuz bütün işlərə qədər hamısı – nəhayətdə Allaha bəndəçilik üçün bu dünyada bizə vasitələrdir. Bu dünya, Allaha bəndə kimi yetişmək üçün ən münasib yerdir. Allaha bəndə olmaq üçün ən uğurlu, ən optimal imkanları olan yer – dünyadır. Bu mənada insan özünün inkişafı, təkamülü üçün dünyadan lazımi şəkildə istifadə etməlidir. Həyatımızın bütün müstəvilərində dinlə bağlı olan mövzuların yeganə hədəfi – bizdən Allah bəndəsi yetişdirməkdir.
Seçimli həyatın içərisində imtahanlar qarşısında iradəli seçim
Bu seçimli həyatda həqiqi kamal – ağır bəla müqabilində dözümdür. Seçimli həyatın içində imtahanlar, seçimli durumlar, müxtəlif müstəvilərdə gözlənilən və gözlənilməyən sınaqlar olur. İnsan diqqət etsə görəcək ki, bütün həyatı boyunca davamlı şəkildə seçimlərlə üz-üzədir. Dünən bu gün üçün yaramır. Dünənin öz şərtləri, öz qaydaları var. Bu məsələlərdə insanın müqaviməti, sabitliyi, davamlılığı, dözümü olsa və Allah bəyənəni axtarıb tapsa, həqiqi kamala yiyələnmiş olar.
Həqiqi kamal həm də məişətdə əndazəni saxlamaqdır. Biz ya ifrat, ya da təfritlər edən bir toplumuq. Ya hər şey çox, həddən artıq aşırı olur, ya da əksinə. Misal üçün, müstəqilliyi yeni əldə etdiyimiz illərdə işlə, güclə məşğul olmaq vərdişləri çox aşağı idi. Hamının saatlarla boş vaxtı olurdu və nəhayətdə işə, çalışmağa meyllənmə çox zəif idi. Son illər ərzində tam əks vəziyyət əmələ gəlib. İndi hamı məşğuldur. Çoxlarımız işlə məşğul olanda, artıq elə məşğul oluruq ki, özümüzə vaxt ayırmırıq. Bəzən işlə niyə məşğul olduğumuzu da unuduruq. Bəzən isə əksinə, heç nə ilə məşğul olmaq istəmirik. Məşğuliyyətlərimiz özünün əndazəsində olmalıdır. Bütün çalışmalarımız bizi Allaha yaxınlaşdırmalıdır, bizi qəflətə aparmalı deyil.
Öz nöqsanından xəbərdar olmaq – ağlın nişanəsidir
Həzrət Əli (ə) buyurur: “İnsanın kamalının və ağlının çoxluğunun nişanəsi – öz nöqsanından xəbərdar olmasıdır”. Əgər bir insan özündən çox razıdırsa, fərdi, ailə həyatında, ictimai həyatda özünün halından razıdırsa, demək ki, o ciddi şəkildə naqisliyin və şüursuzluğun astanasındadır. Çünki insanın ağlının, kamalının nişanəsi – onun öz nöqsanlarını görməsi ilə müəyyənləşir. Biz öz nöqsanlarımızı tanımalıyıq. Ağılla, düşüncə ilə, ruhiyyə ilə baxmalı, onları sıralamalı, tənzimləməli, aradan qaldırmağa çalışmalıyıq. Dünyada heç bir şey dəyişməyib. İmtahanlar yalnız forma və məzmunca dəyişə bilər, mahiyyət isə eynidir. Mühüm olanı budur ki, bizlərin öz durumu, ruhiyyələri necədir.
Xilas və qurtuluş gəmisi
Yaşadığımız mübarək Rəcəb ayı bir sıra əlamətdar tarixləri ilə səciyyəvidir. Rəcəb ayının bir günü – varlıq aləmində ən önəmli günlərdən biri olan Həzrət Nuhla (ə) bağlı olan günə təsadüf edir. Nuh peyğəmbər (ə) ən ağır şəraitdə və vəziyyətdə tövhid ruhiyyəsini, mənəviyyatı, dəyərləri topluma çatdırır. Və bu toplumda heç də elə olmur ki, hər kəs bunu qəbul etsin. Nəhayətdə Həzrət Nuh (ə), tövhidi qəbul edən, iman gətirən, cavab verəcəklərinə inanan, Yaradanlarına inanan, bir gün öləndən sonra sorğu-sual olunacaqlarına iman gətirən insanlarla birgə bir gün qurtuluş, xilas gəmisinə minir. Sonradan bu gəmi bəşəriyyət üçün xilas və qurtuluş gəmisi kimi nümunəyə çevrilir. Həzrət Nuhun (ə) və ona inananların həmin qurtuluş gəmisinə əyləşdiyi gün məhz Rəcəb ayının birinci gününə təsadüf edir. Rəcəb ayının birinci günündə həmin xilas gəmisinə minirlər və oruc tutmaq da onlara buyurulur və onlar oruc tuturlar.
Hər dövrün insanı gərək bu əlamətdar hadisədən örnək götürsünlər. Bizlər üçün həmin xilas, qurtuluş gəmisi – Əhli-beytdir (ə). İndiki bəşəriyyət üçün Nuhun (ə) gəmisi – Əhli-beytdir (ə).
Rəcəb ayının birinci günü həm də beşinci pak İmamımız – həzrət İmam Baqirin (ə) mövludu gününə təsadüf edir. Fövqəladə önəmli olan bir mövluddur. Aşuradan sonra Əhli-beytin (ə) başına gələn müsibətlər davam edir və Həzrət İmam Səccadın (ə) dövründə artıq insanları haqq yola dəvət etmək üçün münacatdan və duadan başqa bir iş görmək fürsəti də olmur. Amma, Əhli-beyt (ə) hər zaman üzərinə düşən vəzifəni yerinə yetirir. Nəhayət, bir mərhələ yetişir ki, müsəlman toplumunun bəlli bir tarixi yaşadığı dövrdə köklü elmi-mənəvi islahatlar aparmaq üçün müvafiq imkanlar yaranır. Bu dönəmdə Həzrət İmam Baqir (ə) meydana çıxır və elmləri yararaq, sonradan o imkanları bir qədər də ali məqamlara çatdıran İmam Cəfər Sadiqə (ə) ötürür.
Bu mənada Rəcəb ayının bu günü – həm də cahiliyyəti, savadsızlıqları, qaranlıqları yararaq elm nuru ilə, elm işığı ilə hər mənada aydınlıq gətirən əziz İmamımıza (ə) aid olan bir gündür. Nə xoşbəxtik ki, bu böyük şəxisyyətləri tanımaq, sevmək, onların yolunu getməyi istəmək səadətimiz var. İnancımız ən mənəvi günlərin də içində bizlərə öyrədir ki, İslamın təqdim etdiyi mənəviyyat – bu dünyanın, yaşayışın tərk edilməsi anlamında deyil. Həyatın içində mövcud olaraq, yaşayaraq, bu imtahanların içində mövcud olaraq Allah bəndəsi kimi yaşamağın dəyəri var.
Ustadın Rəcəb ayı xatirələri
Bu il Rəcəb ayının ilk günləri həm də böyük İslam alimlərindən, airflərindən, filosoflarından olan Şəhid Ustad Mürtəza Mütəhhərinin şəhadətinin ildönümünə təsadüf etdi. Şəhid Mütəhhəri İslam aləmində çox önəm verilən şəxsiyyətlərdən biridir. Hər mənada müəllim sözünü, ünvanını özündə canlandırmış bir şəxsiyyətdir. Şəhid Mütəhhərinin dilindən bəzi Rəcəb xatirələrini bu anlamda bölüşmək yerinə düşər. Əziz Şəhidin Rəcəb ayı ilə bağlı bir neçə xatirəsi var. Bizim mühitə də uyğun xatirələrdir. Şəhid öz xatirələrindən buyurur: “Uşaqlıq çağımızda öz evimizdə Rəcəb ayının gəlişinin intizarını çəkərdik və Rəcəb ayının gəlişinə bir neçə gün qalmış hər yerdə onun gəlişi ilə bağlı bu ay haqqında söhbətlər olardı. Rəcəb ayının hilalını müşahidə etmək üçün ilk gecəsini məscidə yığışardıq”.
Başqa bir yerdə də uşaqlıq xatirələri ilə bağlı Şəhid (r.ə) belə buyurur: “Evimizdə Rəcəb ayının gəlməsi artıq hiss olunardı. Deyirdilər ki, bir həftə qaldı, yaxud üç gün qaldı, yaxud bu gecə ehtimal var ki, Rəcəb ayının birinci gecəsidir”. Sonra evdəkilərin Rəcəb ayının ilk günü, ortası, son günü, bəlli günləri ilə bağlı oruc tutmasından danışır. Sonda buyurur: “Bu ay istiğfar, tövbə və ibadət ayıdır”. Allah Ustada rəhmət eləsin.
Rəcəb ayının yaşadılması ailələrdən başlamalıdir
Şəhidin xatirələrindən də bir daha anlaşılır ki, Rəcəb ayı ilk növbədə ailələrdə yaşanmalıdır. Hər kəsin evində bu ayın gəlişinə hazırlıqlar olmalıdır. Bu gün Rəcəb ayı ilə bağlı qurulan məclislərdə iştirak edən uşaqlar əslində gördüklərini yaddaşlarına həkk edir və xüsusən ağılları kəsdiyi zamandan başlayaraq, özləri də bu ayı yaşatmağa cəhd göstərirlər. Bəlkə də ilk oruclarını da Rəcəb, Şəban, mübarək Ramazan aylarında tutmağa cəhd edirlər. Namazları, ibadətləri, münacatları bu dönəmlərdə öyrənməyə başlayırlar. Uşaqların bu yaşlarından təbii surətdə bunları görmələri və özlərinin da yaşatmaları fövqəl dərəcədə önəmlidir. Bir var uşaqlara bunlar nəzəri olaraq deyilsin, bir də var ki, uşaq görsün ki, valideyinləri, nənəsi, babası oruc tutur, dua oxuyur.
Rəcəb əhli axtarılanda xəcalətli olmayaq
Şəhid Mütəhhəri (r.ə) Rəcəb ayı ilə bağlı cavanlıq dövrünə aid xatirələrindən birində buyurur: “Ariflərdən biri xüsusi bir şövq və ruhiyyə ilə gəlir və bu sözləri deyir: ”O vaxt ki, deyəcəklər “eynər-Rəcəbiyyun?” (haradadır Rəcəb əhli?) və biz də İlahi dərgahda xəcalətli olacağıq, Rəcəb ayından heç nəyimiz olmayacaq və rəcəbiyyundan sayılmayacağıq, o zaman nə edəcəyik?”" Yəni arif ona işarə edir ki, Qiyamət günü “haradadır Rəcəb əhli?” soruşularkən, biz Allah dərgahında başıaşağı ola bilərik. Əlimiz boş ola bilər, hər hansı bir bəhrə apara bilməyəcəyimiz məsələmiz ola bilər. Bu halda nə vəziyyətdə olarıq? Bu halda nə edərik? Gerçəkdən də bu sualı Rəcəb ayı ərzində hər gün özümüzə verməliyik. Rəcəb ayı haqqında məlumatımız olub, bu haqda eşitmişik, amma Allah etməsin ki, eşitdiklərimizdən nəticə çıxarmamış, bu aydan bəhrələnməmiş olaq.
Allahım, bizlərə dimizi dərk etməyi, ağır bəlalar müqabilində dözümlü olmağı, məişətdə əndazəmizi aşmamağı nəsib et! Allahım, bizlərə Rəcəb ayının qalan günlərindən bəhrələnməyi nəsib et! Allahım, bizləri Əhli-beytin (ə) xilas gəmisindən ayrı salma! Amin!
İlqar İbrahimoğlu
Source : Deyerler
Comment