0
Wednesday 6 October 2010 - 07:15

Hakimiyyətin özünüqoruma fəlsəfəsi

Story Code : 39337
Hakimiyyətin özünüqoruma fəlsəfəsi
Hakimiyyətin özünüqoruma fəlsəfəsi
"Hakimiyyət artıq diz çöküb. Istefa mütləqdir" kimi fikirlər artıq 20 ildir ki, səslənir. Amma hakimiyyət öz dayaqlarını günü-gündən möhkəmlədir. Maraqlıdır, bütün beynəlxalq təşkilatlar iqtidarın ünvanına zaman-zaman ittihamlar səsləndirir, cəmiyyətdə ciddi narazılıqlar var və sosial partlayış həddi yaranıb. Amma hakimiyyət dünən necə idisə, bu gün də elədir. Hakimiyyət daxilində ayrı-ayrı qruplaşmaların olduğu faktdır: kapital uğrunda savaş daha da güclənir, mərkəzdənqaçma meylləri açıq şəkildə görünür. Amma hakimiyyət yenə bir əlin işarəsi ilə mövqeyini qoruyur. Bəs bunun səbəbi nədir?

TOQQUŞAN İDEOLOGİYALAR

Çağdaş tariximizdə Azərbaycan iki ideologiyanı sınaqdan çıxartdı - öncə millətçilik, daha sonra isə azərbaycançılıq biçimində. Birinci xəttin daşıycıları birillik hakimiyyətdən sonra devrildilər. İkinci xəttin daşıycıları isə hələ ə hakimiyyətdədir. Çünki birinci xəttin daşıycıları millətçiliyi dövlət quruculuğu və idarəetməsinə tətbiq edə bilmədilər. İkinci xəttin daşıycıları isə bunu dövlət quruculuğuna, daha sonra isə hakimiyyətçiliyə transfer edə bildilər. İdeoloji bazası olmayan sistem çökməyə məhkumdur. İdeoloji bazası zamana uyğunlaşdırılan sistem isə mahiyyətindən uzaqlaşsa da, mövcudluğunu qoruyur. Bu gün hakimiyyət yenə də hakimiyyətdədir. Bu məsələnin birinci tərəfi.

İDEOLOJİ BAĞLILIĞIN PRAKTİK DÜYÜNLƏRİ

Yuxarıda da göstərdiyimiz kimi, mövcud hakimiyyət azərbaycançılıq xəttini əsas tutaraq mövqelərini möhkəmlətdi. Amma bunu da hamı bilir ki, çağdaş dövrdə yalnız ideologiyaya bağlılıq nə kütləni millət, nə də hakimiyyəti uzunmüddətli ev sahibi edə bilir. Bunun üçün hədəf olaraq göstərdiyin ideoloji prinsipin praktik düyünləri olmalıdır ki, nəticə əldə olunsun.

AZƏRBAYCANÇILIĞIN REGİONÇULUQ ÜZÜ

Mövcud hakimiyyətin formalaşması zamanı azərbaycançılıq regionçuluq kimi tətbiq olundu və inanılmaz müttəfiqlik gücü hakimiyyətin güclənməsinə müsbət təsirini göstərdi. Amma regionçuluğun maksimal həddə çıxması sadəcə olaraq sabah üçün başağrısına çevrilə bilərdi. Bunun üçün regionçuluq yüklü azərbaycançılıq cərəyanının daşıycıları:
-idarə edənlər;
-idarə olunanlar;
-çıxdaş edilənlər təbəqəsinə bölündü. Əslində xalqçılıq yükü olan azərbaycançılıq öz formasını dəyişirdi. Sadəcə olaraq, xalqçılıq yükünü qorumaq üçün cəmiyyətə alternativ olan cəmiyyət formalaşmışdı. Tam əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası əslində 1999-2000-ci ilə qədər partiya yox, alternativ cəmiyyətin bazası idi. Çünki idarə edənlər təbəqəsinin yaradılması daha ciddi iş idi və bu məsələ haradasa Sovetlər Birliyinin idarə olunması sisteminə bənzəyirdi. Qos-qoca və millətlərin "qardaşlıq" diyarı olan SSRİ-də Stalindən sonra slavyan olmayan kimsə hökmdar ola bilmədi. Azərbaycanda regionçuluq və idarə edənlər sisteminin formalaşmasında ilkin mərhələnin qayəsində də bu dururdu. Bu fakt isə hakimiyyətdaxili xəyanətləri, hakimiyyəti ələ alma həvəsini istər-istəməz sıradan çıxarırdı. YAP timsalında alternativ sosial baza isə hər ehtimala görə inkişaf etdirilirdi. 2001-ci ildə isə alternativ cəmiyyət yaratma qaydalarında dəyişikliklər oldu və YAP qeyri-rəsmi təsir yükünü itirdi. Bu gün hakimiyyətin stabil olaraq özünü qoruma səbəblərindən biri və birincisi, bəlkə də, budur.

VƏHŞİ KAPİTALİZMİN BUXOVLARI

Hakimiyyətin dayanıqlı olması üçün kapitalın gücünü inkar etmək mümkün deyil. Bəlkə də, müasir dövrdə ideoloji gücdən qat-qat güclü hesab olunacaq məqam - kapitala sahib olmaqdır. Mövcud hakimiyyət bunu gözəl bilirdi və buna görə də fəaliyyəti zamanı kapital itkisinə, başqa cür desək, kapitalın yad əllərə düşməməsini təmin etməklə problemi aradan qaldıra bildi. Hakimiyyət bilirdi ki, yenicə müstəqilliyini qazanmış və demokratik prinsiplərdən uzaq toplum mütləq və mütləq vəhşi kapitalizmin sınaqlarından çıxmalıdır. Vəhşi kapitalizm isə çirkli kapital uğrunda çirkli savaşlarla müşahidə olunan bir olaydır. Buna görə hakimiyyətdaxili qruplaşma sistemi işə düşdü. Əslində bu hakimiyyətdaxili parçalanma yox, həm kapitala sahib olmaq, həm də kapital sahiblərini nəzarətdə saxlamaq demək idi. Bir az da ciddi yanaşsaq, əslində, bu kapital sahiblərinin sahibinə çevrilmək və kapitalın qarantiyası olmaq deməkdir. Bu səbəbdən hakimiyyət daxilində qruplaşmalar nə qədər kinli toqquşmalara gedirlərsə də, bir o qədər də kapitallarını qorumaq üçün əmrə müntəzir olurlar. Bu gün Azərbaycanda intellektualçılıq hərəkatının başlandığını, müzakirələr mərhələsinin gəldiyini, təfəkkürçülük sisteminin təşkilatlandığını bildirsələr də, fakt budur ki, hələ ki, vəhşi kapitalizmdən imtina etmək mümkünsüzdür. Deməli, intellektual kapitalizmə keçid hələ olmayacaq və hakimiyyət dayanıqlığını saxlayacaq.
KƏNAR TƏSİRLƏRİN

NEYTRALLAŞDIRILMASI

Hakimiyyətin bu günə qədər təzyiqlərə və müxtəlif ittihamlara baxmayaraq özünü qoruma səbəblərindən biri də kənar təsirləri zamanında neytrallaşdırmasıdır. Türkiyə-Rusiya-İran-ABŞ-Qərb biznes klubları arasında öz kapitalına sahib çıxmağa çalışan Azərbaycan, xarici siyasətini də elə bu biznes klublarının qaydalarına uyğun qurdu. Milyardlarla dollar pulun dövr etdiyi bir mühitdə əsas şərtlər etibarlı tərafdaş olmaq və çərçivədən kənara çıxmamaqdır. Zaman-zaman müxtəlif qabarmalar olsa da, ümumi qaydalar pozulmur və Azərbaycana qarşı yönəlmiş sərt ittihamlar elə bir günün içində də aradan qalxır. Bu baxımdan da hakimiyyət uzunömürlülüyünü təmin edə bilir. Bu günə qədər müxalifət liderlərindən tək biri belə biznes klubların maraq dairəsinə düşəcək addım atmayıb və bu səbəbdən milyonlardan imtina edib, sabah nə edəcəkləri məlum olmayan bu simaların hakimiyyətə gəlişini təmin etmək heç kəsə sərf etmir.
Bu cür səbəbləri yetərli qədər saymaq mümkündür. Amma maraqlısı budur ki, hakimiyyətin dayanaqlığı təmin etmək üçün atdığı addımlar maraqlı və fərqli izlərlə ortaya çıxır. Bu isə yenidən praktik fəaliyyətdən ideoloji müstəviyə keçiddir.

RAMİZ MEHDİYEVİN YENİ DALĞASI

İndiki hakimiyyətin memarlarından biri olan Ramiz Mehdiyev azərbaycançılıq fəlsəfəsinə yeni baxışlar sərgiləyir, siyasi-ideoloji mühitdə tərpənişin yaranmasına çalışır. Bu addımın hansı zərurətdən yarandığını düşünmək daha maraqlı olar. Əminliklə demək olar ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət quruculuğu fəlsəfəsini bilən tək-tük insanlardan və dövlət məmurlarından biridir və bilir ki, prosesləri süni şəkildə sükunətdə saxlamaqla bütün prinsiplərdən kənarda qalma prosesi başlayacaq. Düzdür, bu gün hakimiyyət üçün təhlükə deyildiyi kimi deyil. Amma prinsiplərini itirən, ideoloji dəyərləri korroziyaya uğrayan, cəmiyyətlə ortaq dil tapmağa çalışmayan hakimiyyət gec-tez ağ bayraq qaldıracaq. Akademik bu gün Heydər Əliyevdən sonra yeni azərbaycançılıq dalğasına artıq start verib. Bu dəfə daha çox xalqçılığa və dövlətçiliyə söykənəkli azərbaycançılıq əslində vəhşi kapitalizmdən xilas mərhələsi olacaq. Bu dövr əslində ən təhlükəli mərhələ olacaq. Nüvə ətrafında hərəkət edən elektronların buna hazır olub-olmadığını müəyyənləşdirmək çətindir və xaotikliyin özündə belə bir xaotiklik yaranarsa silahlar aşağı salınacaq. Ramiz Mehdiyevin bu gün cəmiyyət içində ideoloji silahla təmin olunmuş bir qrup ortaya çıxartmaq cəhdi də məhz bununla bağlıdır. Digər tərəfdən, Ramiz Mehdiyev bilir ki, artıq sistemsiz, özünüidarəyə keçən hakimiyyət gec-tez özüntəcrid siyasətinə əl atmalı olacaq. Bu isə avtoritar rejimə keçidi daha da sürətləndirəcək. Deməli, avtoritar rejimə keçidi ləngitmək, özüntəcriddən qurtulmaq və hakimiyyəti qorumaq üçün elə hakimiyyətin öz içindən yeni baxışlar doğmalıdır. Bu gün Ramiz Mehdiyevin hər ay bir sahəni kəskin tənqid etməsi əslində nə deməkdir? Bu Ramiz Mehdiyevin ideoloji sistemdə dəyişiklik yaratmaqla yanaşı, hakimiyyəti dünən olanlara eyni gözlə, amma fərqli baxmağı öyrətməkdir. Ramiz Mehdiyev bu gün hakimiyyət üçün yeni dərslik kitabı hazırlayır. Bu dərsliyi oxuya biləcək insanların nə qədər olacağını isə demək bir az çətindir.
MÜXALİFƏT

BU GÜNƏ YOX, SABAHA BAXARSA...

Dediyimiz kimi, cəmiyyətin bir mərhələdən ikinci mərhələyə keçid prosesi başlayır. Bu mərhələ də çox qaydalar dəyişəcək və yetərli qədər maraqlı olaylar yaşanacaq. Bu mərhələdə müxalifətin atacağı addımlar da maraqlı olacaq. O halda ki müxalifət bu gün üçün yox, həm də sabah üçün strateji planlar hazırlasın. 15 ildir ki, taktiki gedişləri strateji proses kimi dəyərləndirib məğlubiyyətə düçar olan müxalifət üçün 2012-15-ci il üçün tam münbit bir şərait yaranacaq. Çünki bu mühit mühiti formalaşdıranlar üçün də yeni olacaq. Kapital faktorunu bir kənara qoysaq, mübarizə üçün bərabər şərtlər yaranacaq. Bu gün müxalifətin yeniləşməkdə olan azərbaycançılığa alternativ çıxara biləcəyi sistem müsavatçılıq ola bilər. Əslində, bu gün hakimiyyətin xalqçılıq və dövlətçiliklə pərçimlənmiş azərbaycançılıq baxışları Müsavatçılığa çox yaxındır . Sadəcə olaraq, ideoloji baxışlarla real fəaliyyət arasında uçurum yox, bir körpünün yaranmasına ehtiyac var.

...VƏ SONDA

Dünən yaşananı bu gün yaşamaq mümkün deyil. Amma hakimiyyəti bir müddət dünənki kimi idarə etmək olur. Necə ki, bu gün hakimiyyət hökmünü və gücünü hələ də saxlayır. Amma bir məqam nədənsə diqqətdən yayınır. Hakimiyyət hər il bir yaşda ömrünü artırıb kökləşmək əvəzinə çılğınlaşır, aqressivləşir, zordan daha çox istifadə edir. Çünki siyasi texnologiyalardan bəhrələnməklə ömrü artırmaq mümkün olsa da, reallığı texnoloqların köməyi ilə dəyişmək olmur. Bu isə artıq son olur. Hazırda isə sonluq görünmür. Amma saat əqrəblərinin artıq ləng hərəkətini müşahidə etmək olur. Hər şeyin zamana ehtiyacı var və zamanı dayandırmaq mümkün deyil. Deməli, zamanla ayaqlaşmaq tək çıxış yoludur. Bütövlükdə cəmiyyət üçün...

Eldəniz Elgün
Comment