0
Thursday 7 October 2010 - 17:39

SƏN KİMSƏN, EY DOST ?

Story Code : 39514
SƏN KİMSƏN, EY DOST?
SƏN KİMSƏN, EY DOST?
O zaman mən yalnız sənin adın öyrəndim. Lakin illər sonra bir təsadüf nəticəsində sənin haqqında bir az da ətraflı məlumat əldə etdim. Və qismən də olsa, səni tanıdım. Bu tanışlıq mənə və digər insanlara bir dərs oldu. Bizlər bu əməlləri həmişə Məsumların (ə) həyatından oxuyurduq. Lakin öz-özümüzə deyirdik ki, onlar Məsumdurlar! Onlar bu əməlləri edə bilərlər! Bir növ öz-özümüzü aldadırdıq. Lakin sənin həyatın bizlərin baxışını dəyışdı. Bəli, dəyişdı.

Sənin şəhadətindən artıq 30 ilə yaxın vaxt kecir. Lakin sənin həyatın hələ də təravətlidir. Cünki, sən həyatında həmişə Məsumları (ə) ozünə yol göstərən, rəhbər bilmisən. Mən sənin həyatından yalnız müəyyən məlumatları bilirəm. Bu az məlumatı kimə danışsam, hər kəs sənə vurulur. Hər kəs sənin haqqında daha da ətraflı məlumat öyrənmək istəyir, hər kəs sənin şəkillərini bir-birinə göndərir.

Sən bu eşqi, bu sevgini necə qazandın? Axi sən də bizim kimi bir insansan. Biz niyə bunları edə bilmirik? Biz niyə sənin tək Rəbbimizlə danışarkən bu sozləri "Allahım! Etdiklərim üçün Səndən əcr istəmirəm və öz fədakarlıqlarımdan ötəri lovğalanmıram. Hər nəyim var idisə, Sən verdin və nə etdimsə, Sən asanlaşdırdın ki, edə bildim. Bütün qabiliyyətlərim və bütün varlığım Sənin iradənin bir nəticəsidir. Sənə təqdim edəcək, özümdən olan heç bir şeyim yox. Öz- özümə əcr işləyəcək qədər heç bir şey edə bilmədim" deyə bilmirik?

Sən kimsən, ey dost? Axı sən bunları necə edirsən?

Ötən günlərin birində bir yazı oxudum. Bu yazı məni bir daha sənə valeh etdi. Yazıda bir şəhidin anasi deyir ki, oğlu hər zaman səni özünə müəllim bilib. İstəyirmiş ki, həyatda sənin kimi olsun. Həmin şəhid anası səni tanıdıqdan sonra övladlarını sənin ruhiyyəndə böyütməyə calışıb. Və onu iki övladı Allah yolunda sənintək şəhid olub.

Sən kimsən, ey dost? Bu mərtıbəyə necə catıbsan? Necə İmam Huseynin (ə) eşqindən faydalanıbsan? Məhz o eşqin nəticəsidir ki, Rəbbinlə danışanda belə deyirsən: "Ey Böyük Allahım! Mənim üçün şəhidlik yolunu açdın və bu torpaq dünyadan mücərrəd aləmə keçə bilməyim üçün mənə bir pəncərə göstərdin, mənə həyatımın ən ləzzətli ümidini seçə bilmək və bu yolda bütün çətinlik və əziyyətlərə dözə bilməyi müyəssər etdin".

Sən qəlbindən necə bir məhəbbət yetişdiribsən? Bizlər başımızı dünyaya qatarkən, sən mövlan Əli (ə) kimi dünyaya təlaq veribsən. Sən elə bir imkanlarını və məqamını tərk etdin ki, bu gün dünyada insanlar cox cəhd edirlər ki, o məqamlara yuksəlsinlər (iqtisadi cəhətdən). Sən isə Allahın istəyini öz nəfsindən üstün tutdun.

Məni hələ də sənin bu sözlərin düşündürür: “Ya Rəbbi! Bizə yandırıcı eşqinlə birlikdə səbir və helm ver ki, yolunun çətinliklərinə gülər üzlə dözək! Ya Rəbbi! Bizi elə cəzb et ki, Səndən başqasını düşünməyək, Səndən başqasını istəməyək, Səndən başqasına tərəf üz cevirməyək və bütün eqoizmi Sənin qurbangahında qurban edək. Ya Rəbbi! Bizi dünya sevgisindən qurtar ki, Sənin qurbangahında, İbrahim (ə) və İsmayıl (ə) kimi Sənin müqəddəs hədəfin uğruna bədənimizi eşqlə qurban etməyə hazır olaq”.

Sən kimsən, ey dost? Sən bu eşqi necə qazanıbsan? Müəllimim həmişə Ustad Şəhid Mütəhhəri ağadan bir sitat gətirərək, belə söyləyir: “Kamil insan həytaın bütün səhnələrində kamildir”. Ey dost, sənin həyatın barəsində çox az məlumatımın olmasına baxmayaraq, hara baxdımsa, səni kamil gördüm. Sənin ailə həyatındakı davranışların bu gün bizlərə örnəkdir. Bir səhnə də hec vaxt yadımdan cıxmır. Bu səhnədə sən bizə Əli (ə) və Xanım Zəhranın (s) ailə həytından neçə bəhrələndiyini göstərdin. Bəli, göstərdin. Yəqin ki, deyəcəksən hansı sənhəni deyirsən? Axı sənin həyatın başdan-başa bu səhnələrlə doludur. Lakin, mən bildiyim deyəcəyəm ki, qoy bilməyənlər də bilsin. Günlərin bir günündə ailə qurmaq üçün elci getdin. Xanımın anası səndən toydan sonra harada yaşayacağınızı soruşdu.

Sən, valideyn himayəsindən məhrum olan körpələrin yanında yaşayacağınızı bildirirdin. Bundan sonra xanımının anası həmin yerə gedib baxır və stress kecirərək, bir həftə xəstəxanada yatir. Daha sonra xanımın anası sənə belə bir sual verərək deyir:
"Evlənmək istədiyiniz bu qızın necə bir qız olduğunu bilirsinizmi? Bu elə bir qızdır ki, səhərlər qalxdığında əlini-üzünü yumadan və dişlərini fırçalamadan onun yatağını biri toplamalı, önünə bir stəkan süd qoymalı və qəhvə hazırlayıb otağına gətirməlidir. Siz belə bir qızla yaşaya bilməzsiniz. Onun üçün bir xidmətçi tutmağa da imkanınız catmaz axı...".
Sənin ona verdiyin cavab isə həmişə mənim yadımdadır və mənim ailə həyatımda bir mayakdir. Sən dedin ki, "Mən onun üçün bir xidmətçi tuta bilmərəm; amma söz verirəm, sağ olduğum müddətcə, oyandığı zaman yatağını yığıb, bir stəkan südü və qəhvəsini nimçədə qarşısında hazır edəcəyəm".

Sən kimsən, ey dost? Səni necə dərk edim?

Ey dost, mən sənin haqqında az məlumat bilirəm. Lakin bu az məlumatla sən mənə çox şey öyrətdin. Sənin xanımın sənin şəhadətindən sonra “Yarı Gizli Ay” adında bir kitab yazdı. Həqiqətən də sən bu gün bizlər üçün “Yarı Gizli Ay”san.

Ey dost, ötən günlərin birində dostlardan bir sənin qəbrini ziyarət edərkən, mənim üçün oradan bir görüntü gətirmişdir. O gorüntünü gördükdən sonra orada olmağı, səni ziyarət etməyi çox istədim. Allahdan istə Allah bu tofiqatı bizə nəsib etsin.

Mən dostumu sizə təqdim etməyi unutdum. Bəlkə də bunu heç onun özü də istəməzdi. Cünki, dualarının birində belə deyərdi: "Kimsənin məni tanımasını istəmirəm. Heç kim namazlarımdan və dualarımdan xəbərdar olmasın. Ta ki, Allahdan başqa heç kim, Ondan başqa kimsə dualarıma qulaq asmasın".

Lakin mən sonda olsa da, onun adını qeyd edəcəyəm. Haqqında bəhs etdiyim bu dəyərli insanın adı - Şəhid Mustafa Çəmrandır.

ZƏKİ ƏLƏMDAR






Source : Deyerler
Comment