0
Tuesday 19 October 2010 - 23:01

İmam Rzanı (ə) ziyarət etməyin fəziləti

Story Code : 40932
İmam Rzanı (ə) ziyarət etməyin fəziləti
İmam Rzanı (ə) ziyarət etməyin fəziləti
148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində Musa ibni Cəfər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı. Ömrünün son illərini Abbasi xəlifəsi Məmunun əmri ilə Məşhəd şəhərinə gələn İmam (ə) burada xəlifə Məmun tərəfindən zəhərlənərək şəhid edilib. İmamın (ə) məzarı İranın məşhəd şəhərindədir. Bu gün sizə Məşhəd şəhərində olan İmam Rzanın (ə) mübarək ziyarətgahından danışacağıq.
Məşhədin məşhur ziyarətgahları...
Şəhərin ən mühüm ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət İmam Rzanın (ə) pak hərəmi, Gövhərşad məscidi, Pirizad mədrəsəsi, Balasər mədrəsəsi, Şeyx Bəhainin məqbərəsi, Balasər məscidi, Zərrin Səqqaxanası və digər mübarək yerləri əhatə edən Ostani-Qüds-Rəzəvi. Bundan başqa, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl günbəz), Nadir şahın məqbərəsi və s. də ziyarət olunmalı məkanlardır.
İmam Rzanı (ə) ziyarət etməyin fəziləti...
İmam Rzanı (ə) ziyarətin savabı, fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum İmamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, bir neçəsini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur: "Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər".
2. Yenə də Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən(s) belə nəql edir ki, o Həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar."
3. Şeyx Səduq Həzrət Əlidən (ə) nəql edir ki, o Həzrət buyurmuşdur: "Tezliklə mənim övladlarımdan olan bir kişi zülmkarlıqla zəhərləndiriləcəkdir. Onun adı mənim adım, atasının adı isə İmran oğlu Musanın adıdır. Agah olun ki, hər kim onu qürbətdə ziyarət edərsə, keçmiş və gələcək günahları ulduzlar, yağışın qətrələri və ağacların yarpaqları qədər olsa belə, Allah bağışlayar."
4. Şeyx Səduqdan nəql olunmuş başqa bir hədis belədir: "İmam Rza (ə) Məmunun əli ilə özünün necə öldürülməsini bəyan etdikdən sonra buyurur: "Hər kim məni qürbətdə, uzaqdan məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gəlib onu nigarançılıqdan və iztirabdan xilas edərəm; birincisi, insanların əməl kitabları sağdan və soldan onlara verilən zaman, ikincisi, insanlar Sirat körpüsündən keçən zaman, üçüncüsü isə əməlləri tərəziyə qoyulan zaman».
5. "Uyunul-əxbar"da İmam Cavaddan (ə) nəql olunmuşdur ki, o Həzrət buyurmuşdur:
"Atamın imamətinin həqiqiliyinə əqidəsi olduğu halda Tus vilayətini (Xorasanı) ziyarət edən şəxs üçün Allah yanında Cənnətə zaminəm".
Hər ay yüzlərlə insan ziyarətə gedir...
Vətənimizin demək olar ki, hər yerindən bu müqəddəs məkanı ziyarət etmək istəyən minlərlə insan vardır. Ziyarətə getmək istəyən insanlar müxtəlif yollarla, İran İslam Respublikası birtərəfli olaraq viza rejimini ləğv etdikdən sonra fərdi olaraq və ya xüsusi şirkətlər vasitəsi ilə ziyarətə gedirlər.
Ziyarəti təşkil edən şirkətlərdən biri ilə söhbətimiz zamanı məlum oldu ki, bu gün insanlar daha çox fərdi olaraq ziyarətə getməyə üstünlük verirlər. “Şahin” adlı ziyarət təşkil edən şirkətin rəhbəri Mir Mehdi bizimlə söhbəti zamanı bildirdi ki, “Təkcə bizim şirkət vasitəsilə hər il yüzlərə insan sırf ziyarət etmək üçün İrana səfər edir. Biz səfər zamanı ziyarətçiləri daşıyan avtobusları sığorta da edirik. Təxminən bu gün 110 manata rahat gedib bir həftəlik ziyarət edib, vətənimizə qayıda bilərik. Biz zəvvarları Bakı-Astara-Tehran-Qum-Məşhəd marşurutu üzrə aparırıq”.
Sonda hər kəsə Allahdan bu gözəl ziyarətgahı ziyarət etmək tofiqatını diləyirik və Allah bizi o Həzrətin imamlıq haqqına arif olan zəvvarlardan etsin deyirik! Amin! /Deyerler/
Comment