0
Thursday 4 December 2014 - 15:01

Bir ayağı haqq dünyasında olan Ramiz Mehdiyev...

Story Code : 423521
Bir ayağı haqq dünyasında olan Ramiz Mehdiyev...
Ramiz Mehdiyev məqaləsini diqqətlə oxudum. Həqiqətən diqqtəlayiq mətndir. İndi burda "Bu Ramiz Mehdiyevin məqaləsidir, ya Ramiz Mehdiyev üçün yazılan məqalədir" sualı ətrafında mübahisə aça bilərik.

Çünki, artıq çoxdan ictimailəşmiş düşüncədir ki, Mehdiyev yazmır, yazdırdır. Hər dəfə də bu adamın imzası görünəndə məqalə qalır bir yanda, başlar o sualla yorulur ki, görəsən bu dəfə kimlər onun üçün məqalə ərsəyə gətirib. Hə, kim yox, kimlər.

Açığı bu iddialar mətnlə işləyən adam kimi mənə inandırıcı gəlir. Mehdiyevin son məqaləni diqqətlə oxuyandan siz də görə biləcəksiniz ki, bölmədən-bölməyə yazıların üslubu dəyişir. Beləliklə, gəlin, lap biz də o müxalif üsnsürlərə qoşulub hesab edək ki, Ramiz Mehdiyev imzası bir neçə müəllifin birləşmiş, vahid ifadə formasıdı. Ancaq bunlara vaxt ayırmağa dəyməz. Bir halda Ramiz müəllim bu mətnin altına imza qoyub, biz onu elə Mehdiyevin dünya görüşü kimi qəbul etməliyik.

***

Düşünürəm ki, məqalə iki kontekstdən diqqətə layiqdir.

Bir. Hakimiyyətlə qərbin, xüsusi ilə ABŞ-ın münasibətləri çox kəskin, barışmazdı. PA rəhbəri durub ABŞ-ı terrorçuluqda, terror dəstələri yaratmaqda, korrupsiyada, müstəqil dövlətləri çökdürmək kimi ciddi ittihamlara tuş edirsə...

Özü də bunu ibarələrlə, örtülü formada yox, açıq konteksdə edirsə, demək bu adam ya obyektiv təhlil bacarığın itirib, ya anarxistdi, ya da demokratik dünya ilə körpülərinin tam yandığı qənayətindədir, açıq savaşa girir. Bu savaşda onları nə gözləyir, bu ayrı mövzudur.

İki. Hakimiyyət bu yazıda yırtıcı simasını açıq göstərir. Mehdiyev tər təmiz, aydın dildə demokratiyanı, liberalizmi, müxalif təşkilat və qht-ləri rədd edir, onları agent, üzdəniraq adlandırır. Bu isə o deməkdir ki, ölkədə fikir müxtəlifliyi-filan rəsmən rədd edilir. Onlara divan tutmaq dövlətçilik baxımından vacib sayılır.

Mehdiyev düşüncəsindəki güclü dövləti qurmaq üçün mənəvi dəyərlərin təəssübünü çəkməyi qətiyyətlə rəd edir. Yazır ki, bunlar -yəni şər, xeyir subyektiv məsələlərdir, yerə-zamana görə dəyişə bilər, ona görə onları rahat tapdalamaq rəva görüləndir. Təki güclü dövlət olsun. Onun təsəvvüründə, arzusunda olduğu güclü dövlət isə xatalı bir şeydir. Qulağa xoş gəlsə də, Mehdiyev o dövlətlər sırasına dolayısı ilə Stalin SSRİ-nı, Mao Çinini salır. İndi bəzən ictimai hay-küyə uyub, dırnaqarası dövlətçilik libasına bürünənlər özlərinə sual verməlidilər. Sabah Azərbaycanda qurulan Mao, Stalin modelli ölkədə yaşamağa hazırdılarmı?

***

Ramiz Mehdiyevə imza atdığı bu məqaləyə görə şəksiz təşəkkür düşür. Çünki o bizə, bu gedişlə Azərbaycan hara gedir sualına rahatca cavab tapmaq imkanı verib. Fəqət bu məqalə açıq deyim ki, məni qorxutdu. Nə qədər sadəlövhlük olsa da mən Azərbaycanı idarə edən bir adam bu qədər dağıdıcı bir təfəkkür yiyəsi olduğuna inanmazdım. Amma belə imiş. Mən bu məlum məqaləni oxuyanda dövlət siyasətini və eləcə də işi-gücü müxalifətə, azad düşüncə tərəfdarlarına qarşı kampaniya aparanları bir-bir göz önündən keçirdim. Necə də oxşar dəst-xətt! Necə də oxşar ifadə-tərzləri, hakimiyyətə beət etməyənlərə qarşı nifrət, kin-küdürət!

Bir ayağı haqq dünyasında olan bu qocaman filosof kəlmə başı təhqiramiz ifadələr işlədir, yürüdülən siyasəti bəyənməyənləri satılmış, agent və s adlandırır. Oturub onun agent çıxardığı təşkilatlarda cəmləşən adamların sayın hesablasaq məlum olar ki, respublika əhalisinin azı 15-20 faizi Azərbaycana qənim kəsilən dairələrə işləyir. Bu yerdə izacə verin, sual edək. Hörmətli akademik, siz ciddisinizmi. Ciddisinizsə, bir bizi başa salın, bu necə uğurlu daxili və xarici siyasət yürüdən ölkədir ki vətəndaşının önəmli kəsimi düşmənlərə meyl salıb?

***

Mehdiyevin məqaləsini son günlər gedən müxalifət-psevomüxalifət savaşına bir müdaxilə də saymaq olar. Təzə söhbətdir, dünən hörmətli Rauf Arifoğlu nalə çəkmişdi ki, Əli Kərimli onu İlham Əliyevin gözündən salır...

Onun fəryadı boz kardinal-RamiZ Mehdiyev tərəfindən dərhal cavablandırılıb. Ramiz müəllim öz məqaləsində Rauf Arifoğlu Əli Kərimli əleyhinə fikirlərini sitat verib və bunları təqdir edib! Bu həm də o deməkdir ki, neçə gündür YM-ın özünü şəhid eləməsi heç bir işə yaramadı. Necə deyərlər, indi tamaşa suflyorsuz davam edir. Suflyor özü səhnədədir. Biz onunla qarşı-qarşıyıq!

Azərbaycan siyasi səhnəsi heç vaxt bu qədər aydın mənzərəli olmamışdı.

Deyəsən bir nəfər demişdi axı, 2014-cü il maskaların cırılma ili olacaq. Maskalar yaman cırılır, amma nə qəribə ki, cırılan maska altından çıxan o bədheybətlər o bir nəfərin böyür başından çıxr. Onunçün, bu yazımı bir qədər qeyri-ənənəvi formada yekunlaşdırmaq istəyirəm. Təşəkkürlə!

Bu təşəkkür məqalədə xüsusi ağırlıqla üzərinə gedilən AXCP sədri Əli Kərimliyə aiddir. Bir vətəndaş, ölkədən demokratik dəyişiklik istəyən, yalan və talandan təngə gələn şəxs kimi düzgün və prinsipial mövqeyinə, müxalif ruhu ayaqda saxladığına Əli bəyə görə təşəkkür edirəm!

Natiq Güləhmədoğlu/azadlıq
Source : Azadliq
Comment