0
Tuesday 6 January 2015 - 11:32

Devid Kramer Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırdı

Story Code : 430663
Devid Kramer Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırdı
Siyavuş Novruzov: “Öz yolumuzla davam edəcəyik, istəyir onların xoşuna gəlsin, istəyir gəlməsin”

Ötən ilin son ayında AzadlıqRadiosunun fəaliyyətinin dayandırılması 2015-ci ildə ABŞ-Azərbaycan münasibətlərində gərginliyin daha da artacağı barədə ehtimalları çoxaldıb. Bir sıra ekspertlər radionun qapadılmasını Amerikanın sonuncu qalasının zəbti kimi dəyərləndirir.

Müzakirələrin gedişində bir sıra maraqlı şərhlər də ortaya çıxır. Məsələn, AzadlıqRadiosunun Azərbaycan bürosunun sabiq rəhbəri Mirzə Xəzərin radio barədə sensasion açıqlamaları yayılıb. “2000-2003-cü illərdə ”Azad Avropa" və AzadlıqRadiolarının rəhbərliyi Bakı bürosuna bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şəxsi fikir ifadə etmək olmaz, korrupsiyadan yazmaq, hökuməti tənqid etmək, “Cənubi Azərbaycan” kəlməsindən istifadə etmək, “erməni işğalçıları” təbirini işlətmək olmazdı... 2003-cü ilin sentyabrında redaksiyanın rəhbəri işdən çıxarıldı. Oktyabr ayında prezident seçkiləri keçirildi və İlham Əliyev dövlət başçısı seçildi. Sonrakı illərdə İlham Əliyev hökuməti ilə “Azadlıq” arasında “ittifaq” pozulmadı. AzadlıqRadiosuna FM dalğası verildi. Radionun bürosu rəsmi status aldı. Əsl bal ayı... Və qəflətən radionun siyasətində 180 dərəcə dönüş oldu. Radio İlham Əliyevə qarşı radikallaşdı".

Bir vaxtlar AzadlıqRadiosunun aparıcı əməkdaşlarından biri olmuş Rövşən Əliyev isə iki ölkə arasındakı gərginliklərə görə radionun özünü günahlandırıb. R.Əliyev yazıb: “Radionun tarixində Bakı-Ceyhana əngəl olmaqdan tutmuş İlham Əliyevi dəstəkləməyəcən, bu yaxınlarda Azərbaycan-Amerika münasibətlərini altdan-altdan pozmağa qədər çoxsaylı siyasi fəaliyyətlər olub. Radiodakı vertikal idarəçilik qaldıqca, iş yaxşı padşahların ümidinə buraxıldıqca belə də davam edəcək. Yaxşı padşah anlayışı isə mənim dünyagörüşümdə yoxdur. Mən o radionun düzəlməməsinin, ordakı bütün peşə pozuntularının, bütün əyintilərin səbəbini bunda görürəm. Elə Azərbaycanın özünün də düzəlməməsinin səbəbi bənzərdir. Bir haşiyəni də çıxım ki, tutalım, gürcü redaksiyasında Azərbaycan redaksiyasındakı qədər pozuntuların olması mümkün deyildi. Bu da ayrı söhbətdir. Burda istər jurnalist kollektivinin, istər auditoriyanın hazırlığı az rol oynamır. Ümumiyyətlə, AzadlıqRadiosu haqqında şərhlərin 90 faizi ilə razı deyiləm.

İstər tərifləyənlərin, istər tənqid eləyənlərin arqumentləri çox vaxt sanballı olmur”.
“Dekabrın 18-də dövlət katibinin yardımçısı Tom Malinovski AzadliqRadiosuna müsahibəsində Azərbaycan hakimiyyətinə xəbərdarlıq səsləndirdi ki, özünün ictimai sektora hücumları ilə ABŞ-Azərbaycan münasibətlərini təhlükə altına qoyur. Bundan 8 gün sonra prokurorluq və polis AzadliqRadiosunun Bakı ofisinə basqın edərək avadanlıq və sənədləri müsadirə etdi, ofisi möhürlədi, radio əməkdaşlarını isə həbs və sorğu-suala məruz qoydu. Bu, ABŞ-a birbaşa meydan oxumaq idi, Obama administrasiyası İlham Əliyev rejiminə belə hərəkətlərin nəticəsiz qalmayacağını nümayiş etdirməlidir”. Bunu, “Freedom House”un sabiq prezidenti, hazırda Vaşinqtondakı Makkeyn İnstitutunun baş direktoru Devid Kramer yazıb. Müəllifin fikrincə, Obama administrasiyası Prezident Əliyevə xəbərdarlıq kimi 2 vacib addımı atmalıdır. Birinci təklif Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır. Kramer yazır ki, insan haqlarının pozulmasında iştirak edən Azərbaycanın vəzifəli şəxslərinə ABŞ vizası qadağası tətbiq olunmalı, onların ABŞ banklarındakı hesabları dondurulmalıdır: “2011-ci ilin avqustunda verilmiş rəsmi fərmana görə, ciddi insan haqları pozuntularına yol verən şəxslərə viza verilməsi qadağan olunur. Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır”.

AzadlıqRadiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli şərhlərlə tanış olmadığı üçün heç nə deyə bilməyəcəyini bildirdi. Onu da qeyd etdi ki, bu kimi məsələlərə Praqadakı rəhbərlik şərh verə bilər. Bununla belə, Z.Məmmədli bəzi fikirlərini bölüşdü. Həmçinin Mirzə Xəzərin dediklərini oxuduğunu vurğuladı: “Mən bütün bunlara şərh vermək istəmirəm. Bu, ayrı-ayrı adamların fikridir. Bunu nəyə görə deyirlər, şəxsi məqam var, ya yoxdur, dəqiq demək mümkün deyil. Mən ümumiyyətlə, media azadlığı məsələsinin şəxslərin münasibətləri çərçivəsində araşdırılması və müzakirəsinin əleyhinəyəm. Əslində bu, bizi həqiqətdən xeyli uzaqlaşdırar. Bu, maqazin, bir az da sarı media yanaşmasıdır. Yəni ciddi media məsələlərə daha dərindən yanaşmalıdır. Bunun üçün də informasiya çatışmazlığı var, odur ki, sizi də qınamıram. Ortada yarımçıq doğru və yarımçıq yalanlar var”.

Z.Məmmədlidən radionun sonrakı taleyi ilə bağlı gözləntilərini də soruşduq. Bildirdi ki, o, məsələyə Azərbaycanda söz və media, ifadə azadlığının kontekstində baxır: “Bütövlükdə Azərbaycan vətəndaşları buna ehtiyac hiss edir, ya yox? Ayrılıqda bir vətəndaş media azadlığı ilə bağlı nələrisə itirəndə öz güzəranında, düşüncəsində, yaşam tərzində hansısa dəyişiklik hiss edirmi? Mən məsələyə bu kontekstdən baxmağı xoşlayıram. Azərbaycan bundan itirirsə, təbii ki, vətəndaş çox ciddi həyəcan təbili çalmalıdır. Söhbət konkret bir qurumdan getmir. Balaca-balaca azadlıqlar səndən alınır, bir də görürsən ki, artıq müdafiə etməyə heç kim yoxdur, söhbət bundan gedir. Azərbaycanda ciddi, həyatı olduğu kimi verməyə çalışan media üçün təəssüf ki, imkan yoxdur”.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Mirzə Xəzərin dediklərini şərh edərkən dedi ki, radionun fəaliyyəti, onun imkanları haqqında son vaxtlar dərc olunan yazılarda bir çox yanlışlıqların olduğu qənaətindədir: “Ümid etmək istərdim ki, bu, məqsədli yayındırmalar deyil. Şəxsən mən heç vaxt buna rast gəlməmişəm ki, AzadlıqRadiosunda hansısa məhdudiyyətlər tətbiq olunub. 2002-2003-cü illərdən bu radio ilə müntəzəm əməkdaşlıq edirəm. Heç zaman hansısa açıqlamalarıma məhdudiyyət tətbiq olunmayıb”. Politoloq radionun keçmiş rəhbəri Cefri Gedminlə görüşünü də xatırlatdı: “Radionun efirində elə o zaman da ən tənqidi çıxışlar edən şəxslərdən biri mən idim. Cefri Gedmin də əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirirdi. O, bütövlükdə radionun rəhbəri idi. Bakı bürosunun fəaliyyətinə qiymət vermək üçün radionun Rusiya, yaxud Ermənistan xidmətinin saytlarına baxmaq kifayət edər. Ona görə də məhdudiyyətlərlə bağlı fikirlər mənə təəccüblü gəldi. Mətbəxin içində olmasam da, orda daimi ekspertlərdən biri olaraq şəxsən mən belə şeylər görməmişəm”.

Ə.Oruclu Azərbaycan-ABŞ münasibətlərinin 2015-ci ildə hansı istiqamətdə cərəyan edəcəyi barədə təxminlərini də bölüşdü: “Təsadüfi deyil ki, bu gün artıq ABŞ-dakı kifayət qədər nüfuzlu mediada Devid Kramerin, Cefri Gedminin məqalələri dərc olunur. Bu məqalələr kifayət qədər nüfuzlu nəşrlərdə, ən oxunaqlı qəzet olan ”Vaşinqton Post"da əksini tapır. Bu, artıq göstərir ki, ABŞ-da Azərbaycan hakimiyyətinin Vaşinqtona qarşı apardığı kampaniyaya adekvat reaksiyalar başlanıb. Əslində biz bunu proqnozlaşdırmışdıq ki, anti-Amerika xətti sonsuzluğa qədər davam edə bilməz və hər hansı bir məqamda adekvat reaksiyalar doğuracaq. Artıq biz bu reaksiyaların ilkin əlamətlərini görməyə başlayırıq. Nəzərə alaq ki, yanvarın 12-də Vaşinqtonda Azərbaycanla bağlı ekspertlər səviyyəsində dinləmələr olacaq. Bu ərəfədə belə məqalələrin dərc olunması, bu cür mövqelərin ifadə olunması şəraitində istisna etmirəm ki, həmin ekspert müzakirələri sonda ictimai rəyə, media vasitəsilə ABŞ hakimiyyətinə tövsiyələr verə bilər ki, Azərbaycan hakimiyyətinə qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır. Əgər bu istiqamət götürüləcəksə, münasibətlərin perspektivi aydındır. Amma rəsmi Bakının ABŞ-a yönəlik sərt xətti, təbliğatı fonunda Vaşinqtonun Bakı ilə danışıq aparacağı inandırıcı görünmür". Politoloq AzadlıqRadiosunun bağlanmasından cəmi 4 gün əvvəl ABŞ dövlət katibi ilə prezident İ.Əliyev arasında telefon danışığı olduğunu qeyd etdi: “Bundan 4 gün sonra radionun bağlanmasından nəticə çıxartmaq olar ki, o telefon danışığı hansı tonda, hansı məsələlər ətrafında olub. Digər tərəfdən isə bəzi KİV-lər bunu Azərbaycan cəmiyyətinə Bakı ilə Vaşinqton arasındakı gizli sövdələşmə kimi təqdim edir. Bu, Azərbaycan əhalisini axmaq yerinə qoymaqdır. Guya ABŞ hökuməti Azərbaycanla anlaşmaya gedib ki, ”siz AzadlıqRadiosunu da bağlayın, eybi yoxdur, əsas odur ki, strateji xətti qoruyub-saxlayasınız". Bu, ağ yalan, primitiv, çox səviyyəsiz yalandır. Artıq rəsmi Bakı sanksiyalar ərəfəsindədir. Bu təbliğat kimə lazımdır və bunun verəcəyi effekt kimə lazımdır, şəxsən mənə çatmır".

İki paytaxt arasındakı gərginliyin səbəblərinə gəldikdə, Ə.Orculu bunları bildirdi: “Rəsmi Bakının xarici siyasət kursunda rusiyapərəst çalarların güclənməsi, Azərbaycan- Türkiyə- Rusiya birliyinin formalaşması istiqamətində səylər bu reaksiyanı doğurdu. Həm də insan haqları ilə bağlı bizə Vaşinqtonun, Brüsselin dəyərləndirməsi lazım deyil. Məgər biz bilmirikmiki Azərbaycanda insan haqları hansı səviyyədədir? Əgər ölkənin bütün vətəndaş cəmiyyəti fəalları həbsxanadadırsa, aparıcı jurnalistlər tutulursa, mənə nə Vaşinqton, nə Brüsselin rəyi vacib deyil. Heç Marsdan gələnlərin də rəyi lazım deyil. Biz burda yaşayır və reallığı görürük. Əgər Azərbaycanda siyasi partiyalar, KİV-lər sıradan çıxarılırsa, ayrı-ayrı fərdlər fərqli siyasi düşüncəsinə görə təqib olunursa, kiminsə nə deməsi vacib deyil. Azərbaycan hakimiyyəti bundan nəticə çıxartmalıdır. Çıxarmasa, nə daxili, nə xarici siyasətdə uğura aparan yol olmayacaq”. Ancaq Ə.Oruclu güman etmir ki, Avropa Yay Oyunlarının boykotu dövlətlər səviyyəsində reallaşa bilər: “Amma Avropa Oyunları ən yaxşı halda dünyada Avrovizion effektini verəcək”.

YAP-çı deputat, icra katibinin müavini Siyavuş Novruzov isə D.Kramerin fikirlərinə reaksiyasında öncə ABŞ Konqresinin işgəncə faktları ilə bağlı 6 min səhifəlik dosyeni ortaya çıxardığını xatırlatdı: “Onlar da etiraf ediblər ki, insanlara terrorun qarşısını almaq üçün işgəncə veriblər. Yəni ABŞ-ın təhlükəsizlik sistemi terror qorxusu yarananda özünün fundamental prinsiplərindən də kənara çıxır. Belə olan halda ərazisinin 20 faizi işğal olunan, mütəmadi olaraq Ermənistan və digər dövlətlərin diversiya təhdidləri ilə üzə-üzə qalan, metrosunda terror hadisələri baş verən Azərbaycanı bir radioya görə ittiham etmək düzgün deyil. Bu radio ilə bağlı da söz, fikir azadlığı ilə bağlı yox, bu və ya digər cinayət hadisələri ilə əlaqədar istintaq hərəkətləri aparılır. İstintaqın getdiyi zamanda belə bir bəyanatın verilməsinin özü qanunaziddir, insan hüquqlarının pozulmasıdır. Necə olur ki, Amerika öz təhlükəsizliyinin qayğısına qala bilər, biz yox?” S.Novruzov rəsmi Bakının ABŞ-a həmişə isti münasibət göstərdiyini bildirdi: “Azərbaycan antiterror əməliyyatlarında iştirak edib. Silahlı Qüvvələrimizin nümayəndələri İraq, Kosovoda, Əfqanıstandakı proseslərdə iştirak edib, digər strukturlarda əməkdaşlıq davam edir. Belə olan halda adi bir radioya görə bizə qarşı necə şübhəli ittiham irəli sürə bilərlər?” YAP-çı deputat Azərbaycanın İranla 765 km, Ermənistanla 733 km-i işğal altında olan 1007 km, Gürcüstanla 400 km, Rusiya ilə 390 km sərhədinin olduğunu xatırlatdı: “Bu dövlətlərdə müxtəlif hadisələr baş verir. Ona görə də təhlükəsizliyimiz, dövlət müstəqilliyimiz hər şeydən öndədir. O baxımdan nə qərar vermələrindən asılı olmayaraq milli maraqlarımız, dövlətimiz, vətəndaşımız, ölkəmiziin təhlükəsizliyi naminə prinsiplərimizdən geri çəkilməyəcəyik. Bu gün Azərbaycanı ”sabitlik adası" adlandırırlar, öz yolumuzla da davam edəcəyik. İstəyir onların xoşuna gəlsin, istəyir gəlməsin". /musavat.com/
Source : Musavat
Comment