0
Thursday 2 April 2015 - 18:10

Milli Şuranın 5 aprel mitinqinə müsavatçılar da qatılacaq

Story Code : 451620
Milli Şuranın 5 aprel mitinqinə müsavatçılar da qatılacaq
Milli Şuranın 5 aprel mitinqinə müsavatçılar da qatılacaq
Milli Şuranın 5 aprel saat 15:00-da “Məhsul” stadionunda “Talana son!” şüarı ilə keçirmək istədiyi mitinqlə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyəti hələ cavab verməyib. Təşkilatçılar isə mitinqə hazırlıqları davam etdirirlər. Milli Şuraya daxil olan AXCP bu işdə xüsusi fəallıq göstərir. Rayon təşkilatlarında mitinqə hazırlıqla bağlı toplantılar keçirilir.

Mitinqdə iştirak üçün Milli Şuradan kənarda olan partiyalara heç bir müraciət və ya təklif edilməyib. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bu barədə deyib ki, belə bir müraciət edilməsi nəzərdə tutulmayıb, mitinq hamı üçün açıqdır, kim istəsə qatıla bilər.
Qeyd edək ki, Milli Şuranın 15 martda bahalaşma əleyhinə keçirdiyi mitinqə Müsavat Partiyasının üzvləri də qatılmışdı. 5 aprel mitinqində iştirak məsələsində də partiya Divanı üzvlərə sərbəstlik verib.


Müsavat Gənclər Təşkilatının sabiq sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, ötən mitinqə qatıldığı kimi növbəti aksiyaya da qatılmaq fikrindədir: “Mən təbii ki, bu mitinqə qatılacağam. Çünki qiymət artımı ümumi bir məsələdir. Yəni bu məsələ ətrafında siyasi rəqabət aparmaq olmaz. Müsavat Partiyasının mitinqə qatılmaqla bağlı qadağa qərarı yoxdur. Odur ki, istənilən partiya üzvü bu mitinqdə iştirak edə bilər və məncə, iştirak da etməlidir”.

5 aprel mitinqinin kütləviliyi barədə gözləntilərə gəlincə, T.Abbaslı hesab edir ki, 15 mart mitinqindəkindən çox insanın iştirakı ehtimalı azdır: “Təbii ki, könül istət ki, yüksək olsun. Ancaq mənim müşahidələrim və cəmiyyətdəki siyasi fəallıq deməyə əsas verir ki, qatılım artan istiqamətdə olmayacaq. Hətta nisbətən əvvəlki mitinqdən zəif ola bilər. Mən şəxsən sonuncu mitinqdəki qədər insanın qatılımını uğur kimi qiymətləndirərəm. Ancaq yenə də qeyd edirəm ki, belə mitinqlərdə kütləvilik olduqca önəmli və lazımlıdır. Odur ki, hər kəsi bir daha mitinqdə iştiraka dəvət edirəm".

AXCP sədri Əli Kərimli isə Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı sahibkar təbəqəsinə facebook səhifəsində müraciət edib. O qeyd edib ki, 5 aprel mitinqində “Talana son!” tələb etmək ən çox bu ölkənin sahibkarlarına lazımdır. Mitinq təşkilatçılarının bu mitinqlərdə monopoliya, korrupsiya və rüşvətə son qoyulmasını, qeyri-rəsmi vergilərin, gömrük rüsumlarının və müxtəlif qanunsuz ödənişlərin ləğv edilməsini tələb etdiklərini xatırladan Ə.Kərimli vurğulayıb ki, bütün bunlar hər bir sahibkarın arzusudur, ancaq onlar aksiyaya qatılmağa ehtiyatlanırlar: “Amma sahibkarlar, iş adamları ”Talana son!" mitinqlərini dəstəkləmək üçün çoxlu yollar tapa bilərlər. Bu həmvətənlərimiz ən azı öz işçilərinin, ətraflarının mitinqə gəlməsinə mane olmamaqla, mitinqə uzaqdan gəlmək istəyən insanlara kömək etməklə, “demokratik açılımın tək çarə” olması barədə ictimai rəyin formalaşmasına yardım etməklə ümumi mübarizəyə öz töhfələrini verə bilərlər. Dünyanın hər yerində sahibkarlar, milli burjuaziya demokratik dəyişikliklərin əsas tərəfdarı kimi çıxış edib və edir. Və bu, təbiidir. İş adamları bilir ki, monopoliyanın dağıdılması, korrupsiyanın ləğv olunması, azad rəqabətin, hüququn aliliyinin, hamıya bərabər imkanların təmin edilməsi ilk növbədə sahibkarların daha çox qazanmasına və özlərini daha təhlükəsiz hiss etməsinə səbəb olacaq".
Source : Musavat
Comment