0
Monday 26 October 2015 - 14:06

İmam Hüseynlə (ə) Həzrət Məhdinin (ə.f) oxşarlıqları

Story Code : 493712
İmam Hüseynlə (ə) Həzrət Məhdinin (ə.f) oxşarlıqları
İmam Zaman ağa (ə.f) Həzrət Hüseynin (ə) övladıdır. Onun qanının intiqamını alan İmamdır (ə.f). Onlar “Sarəllah” və “Vitrul-məvtur” ləqəbində şərikdirlər. Hər iki İmamın (ə) hədəfi müştərəkdir. İmam Baqir (ə) buyurur: “O zaman ki, Qaim (ə) qiyam edəcəkdir, hər bir batili aradan aparacaqdır”.

İmam Hüseynin (ə) “Ərbəin” ziyarətindəki hədəfi bu cür bəyan edilir: “Öz qanını sənə təqdim etdi ki, insanlara nadanlıqdan nicat verəsən”. Hər iki İmamın (ə) zamanında cəhalət artacaq, ictimai fəsad çoxalacaqdır. Hər iki İmamın (ə) tərəfdaşları öz İmamlarına (ə) sadiq olacaq və ona itaət edib, sevgi bəsləyəcəklər.

Aşura mədəniyyəti intizar mədəniyyətini formalaşdırır. İntizar - Aşuranın davamıdır. Aşura ziyarəti iki yerdə Həzrət Qaimə (ə.f) işarə edir. Ona görə də bu intizar, intiqam intizarıdır. Həzrət Qaimin (ə) davamçılarının hamısı aşuralıdırlar. Hər kim Həzrət Məhdinin (ə.f) ordusunda olacaq, deməli Hüseyn (ə) məktəbinin yetirməsidir. Haqla batili ayırmaq meyaranı öyrənmişdir.

İmam Hüseyn (ə) Quran və Peyğəmbər (s) sünnəsini bərpa etmək və dirçəltmək və Bəni-Üməyyə hakimiyyətinin yaratdığı bidətləri aradan qaldırmaq üçün qiyam etmişdi. O, Kərbəla yolunda bu hədəfinə işarə edərək, buyurmuşdur: “Mən cəddim Peyğəmbərin (s) ümmətində islah yaratmaq üçün qiyam etmişəm, istəyirəm ki, əmr-be-məruf və nəhy-əz-munkər edim. Cəddim Peyğəmbərin (s) və atam Əli ibn Əbutalibin (ə) adət və ənənələrinə əməl edirəm”.

İmamın (ə) bu sözlərdən qiyamın hədəfini aydın görmək olur. Qiyamın hədəfi - Quranı dirçəltmək, Peyğəmbər (s) sünnəsini dirçəltmək, İmam Əli (ə) üsul-idarəsini dirçəltmək idi. Haqqı hakim etmək, haqpərəstlərə hakimiyyəti bağışlamaq, zalım hökuməti məhv etmək idi. İctimai, iqtisadi ədaləti təmin etmək istəyirdi.

İmam Əli (ə) Həzrət Qaimin (ə.f) hökumətini belə təsvir edir: “O zaman ki, başqaları havayi-nəfslərini hidayətdən üstün tutarlar, (Həzrət Məhdi (ə)) nəfsani meylləri hidayətə qaytarar. O şəraitdə ki, başqaları Quranı öz rəylərinə uyğun təfsir edərlər, həmin əqidə və rəyi Qurana qaytarar. O, insanlara göstərəcəkdir ki, necə yaxşı ədalətlə rəftar etmək olar. O, Quranın yaddan çıxmış təlimini və nəbəvi sünnəsini dirçəldəcəkdir”.

İmam Baqir (ə) buyurur: “Ali-Muhəmmədin (s) Qaimi (ə.f) insanları Allah Kitabına, Peyğəmbər (s) sünnəsinə, Əli ibn Əbutalib (ə) vilayətinə tərəf dəvət edəcəkdir”.

İmam Sadiq (ə) buyurur: “Həzrət Məhdi (ə.f) bütün dünya üzrə dində yaranan bidətləri aradan aparacaqdır. Nəbəvi sünnələri tək-tək icra edəcəkdir”.

Həzrət Qaimin (ə.f) ləqəblərindən biri “Muntəqim”dir, yəni intiqam alan. Bu ləqəbi izah edən çox sayda mövzu vardır ki, onlardan biri də İmam Baqirdən (ə) nəql edilən hədisdir. O Həzrətə (ə) sual verilir ki, niyə ancaq sonuncu İmama, Qaim (ə.f) deyirlər? Həzrət (ə) belə cavab verir: “Çünki o saatda ki, düşmənlər cəddim İmam Hüseyni (ə) qətl etmişdilər, mələklər narahat halda nalə çəkərək, demişdilər: “Pərvərdigara! O kəslər ki, sənin seçilmişini və seçilmişinin oğlunu şəhid ediblər, bağışlayacaqsanmı?” Cavabında Allah onlara buyurar: “Ey, Mənim mələklərim! İzzət və Cəlalıma and olsun ki, onlardan intiqam alacağam, baxmayaraq ki, uzun zamandan sonra”. O zaman Allah Təala onlara İmam Hüseynin (ə) nurunu göstərir, onlardan qiyam halında olana işarə edərək, buyurur: “Bu Qaimlə onlardan intiqam alacağam””.

“Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işgəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır)”. (“İsra” 33)

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Bu ayədə məzlum olan İmam Hüseyndir (ə). O, məzlumcasına qətl edildi. (Ayənin davamı) isə İmam Məhdidir (ə)”.

Nəticədə deyə bilərik ki, Aşura qiyamı ilə Həzrət Qaimin (ə.f) qiyamının hədəfi eynidir. İntizar qiyamı Aşura qiyamının meyvəsidir. Onun bərəkəti nəticəsində ədalət bərqərar olacaq və zülm aradan gedəcəkdir. Bütün peyğəmbərlərin - Adəmdən (ə) tutmuş Xatəmə (s) qədər, hədəfi yerinə yetəcəkdir. Bəşər həqiqi ədalət, səadət və sülh şərbətini dadacaqdır.
Source : Deyerler
Comment