0
Tuesday 24 November 2015 - 12:39

Zərdüşt Əlizadə: “Rusiya-İran yaxınlaşmasının Azərbaycana təsiri hökumətimizdәn asılıdır”

Story Code : 499977
Zərdüşt Əlizadə: “Rusiya-İran yaxınlaşmasının Azərbaycana təsiri hökumətimizdәn asılıdır”
Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasında səfərdədir. Rusiya prezidenti Tehranda qaz ixrac edən ölkələrin III Forumunda iştirak edəcək. V. Putinin İran prezidenti Həsən Ruhani və ali dini rәhbәr ayәtullahul-üzma Əli Xamneyi ilə görüşüb. Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Bu səfərin yaxın qonşulara, o cümlədən Azərbaycana da təsirinin olacağını deyən ekspertlər, düşünür ki, belə həssas dönəmdə bu səfər ciddi məsələlərin həllinə təkan verə bilər.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən politoloq Zərdüşt Əlizadə deyib ki, Azərbaycan qaz resursları baxımından Qərb şirkətlərinin nəzarəti dairəsindədir: “Putinin İran səfəri Azərbaycana təsirsiz ötüşməyəcək. Amma bu təsirin mənfi və ya müsbət olması hökumətimizin addımlarından asılıdır. Əgər kənar qüvvələrin mənafeyi naminə özünün yaxın qonşuları ilə ziddiyyətə girərsə əlbəttəki Azərbaycanın durumu Rusiya-İran yaxınlaşmasında yaxşılaşmayacaq. Əksinə Azərbaycan hökuməti dövlət maraqlarını əsas götürsə, qonşularla bərabərhüquqlu yaxınlaşma siyasəti qura bilərsə Şimal və Cənub qonşularımızın yaxınlaşması Azərbaycanın xeyrinə işləyə bilər. Qaz məsələsi isә bir qədər fərqlidir. Azərbaycan qaz resursları baxımından Qərb şirkətlərinin nəzarəti dairəsindədir. Bu baxımdan Azərbaycan Rusiya və İran kimi, müstəqil qaz siyasəti yürüdə bilməz.

Eyni zamanda, məlum oldu ki, Rusiya mart ayına kimi, S300 raketlərini İrana verəcək. Bundan əlavə, daha geniş müqavilələr bağlayacaq. İran və Rusiya arasında hərbi sahədə əməkdaşlıq genişlənir. Suriyada İran və Rusiya əməkdaşlığı göz önündədir. Yəqin ki, bu artan xətlə gedəcək. Hər halda hər iki dövlət birləşərək Qərb birliyinə qarşı öz müqavimət gücünü artırmağa çalışacaq”.
Source : Deyerler
Comment