0
Wednesday 10 February 2016 - 12:22

6 il günahsız yerə həbsdə qalmaq bilirsinizmi nədir?

Story Code : 519722
6 il günahsız yerə həbsdə qalmaq bilirsinizmi nədir?
Bir il altı aydır mənim qardaşım həbsdədir – 11 avqust 2014-cü ildən. Mən zarafata deyirəm ki, bu, onun ikinci əsgərliyidir. Hökumətdə insaf olsa, daha onu “müddətindən artıq xidmət edən” hərbi qulluqçu kimi saxlamaz, buraxar, o da gedər ev-eşiyinə…

Əfsus ki, bizim say sistemimizlə hökumətinki düz gəlmir. Məsələn, biz yeni açılan iş yerlərini tapmağa çətinlik çəksək də, hökumət dünyaya deyir ki, bir milyon yeni iş yeri açıb.

Muradın həbs müddəti də bizim təqvimə görə başa çatıb, özü də artıqlaması ilə, amma hökumətin təqviminə görə, o, “özünü yaxşı aparsa”, ən yaxşı halda, 6 ilinin tamamında azadlığa çıxa bilər. 6 il günahsız yerə həbsdə qalmaq nədir, bilirsinizmi?

Nümunə verim, sizi uşaqlıqda cəzalandırmaq üçün heç küncə qoyublarmı? Uzağı 10 dəqiqəlik o “azadlıqdan mərhumolunma” necə uzun çəkirdi… Siz indi düşünün ki, 6 il, özü də günahınız olmadığı halda, sizi doğmalarınıza, evinizə həsrət qoyurlar. Yəqin onu da bilirsiniz: türmə çox bahalı yerdi. Indi türmədə yaşamaq, işsiz adamın “Torqovı”da kirayə qalması kimi məşəqqətlidir.

Nabələd oxucu bu an “qardaşını niyə tutublar?” sualını verməlidir. Düzü, bu məqalə də elə bu sual üçün yazılır. Bir eqoizm, bir az da söz oyunu kimi çıxsa da, yazmalıyam ki, qardaşım Murad Ədilovun həbsinin yeganə səbəbi, motivi mənim qardaşım olmasıdır. Muradın qardaşı ölkənin ən prinsipial müxalif qurumunda – AXCP (partiyanın sözçüsü və Rəyasət Heyətinin üzvü) və Milli Şurada təmsil olunur. Ölkənin efir məkanında azsaylı azad və tənqidçi media sayılan “Azərbaycan saatı” televiziya proqramında və “Azadlıq” qəzetində jurnalist işləyir. Bütün bunlar Muradın həbsi üçün bəs edirdi.

Bəs niyə məni yox, onu? Bu suala məntiqlə cavab tapmaq çətindir. Hadisəyə başqa bucaqdan baxanda, əslində, bu son sual nə günlərə salınmağımıza bariz nümunədir. Görün, ölkə nə gündədir ki, biz insanların cinayətə görə tutulmasına təəccüb etmirik, bu barədə kəsərli suallar qoymuruq, əksinə, günahsız, təmiz insanlara bir az da şübhə dolu nəzərlə sual veririk: “Qardaş, sən ki bu qədər təmiz adamsan, izn ver, səndən şübhələnək, neyçün səni tutmurlar?”

Bir neçə il qabaq olsaydı, deyərdim ki, mən Əliyevlərin vaxtında bir dəfə (2003, oktyabr) həbs olunub, borcumu vermişəm. Qurban Məmmədovun, Fuad Qəhrəmanlının 3-cü dəfə, Taleh Xasməmmədovun 2-ci dəfə həbsindən sonra “bir dəfə tutulub, peyvənd olmuşam” söhbəti kəsərini itirib.

***

Nəsə, sizə başağrı verməyim. Mövzumuz mən yox, Muraddır. Biz isə intizamlı vətəndaş olduğumuzdan Azərbaycan dövləti adından verilən hökmə dırnaqarası baxa bilmərik. Onun ciddiyyətinə kölgə salmaq yaxşı keyfiyyət deyil. Məhkəmə hökmündə isə göstərilir ki, qardaşım əməlli-başlı narkobaron imiş. Zarafat deyil, onun ayağına hardasa 1 kiloya yaxın cürbəcür narkotik maddələr yazıblar. Rəsmi ittiham elan ediləndə, mən evdəkilərə dedim ki, mən narkobaronların pis adam olduğunu bilirdim, amma daha bu dərəcə də yox!

Siz Allah, insafla qərar verin, adamın əlində bu qədər narkotik (oxu: pul) fırlandığı halda, bu insan aldığı rus maşınının kreditini anamın təqaüd kartındakı aylıq vəsaitlə ödəyirdi. Nə bilim, bunlardan nə desən çıxar, bəlkə də bu da bir fırıldaq imiş, özünü məzlum göstərirmiş ki, bizim ayıq-sayıq polislərimizdən yayınsın!

Siz hələ bunda başqa bir paxıllığa da baxın, adam tutulub gedib. Neçə dəfə xəbər yollamışam ki, qardaş, çöldə durum kötüdür, o plantasiya merəti harda salmısan, yerini de, gedək bir-iki kilo biz də xırd eləyib, həm sənin sovqatını vaxtlı-vaxtında çatdıraq, həm də evin işıq-qaz xərcini ödəyək. Daşdan səs çıxır, Muraddan çıxmır. Guya, onun cibinə leyləklər gətirib o nəşəni qoyubmuş!

Indi bizim də “bantodelimiz” yoxdu ki, onu toka qoşaq, barmağını qapının arasında qoyub plantasiya yerini öyrənək, demir də. Nə qədər hirslənsəm də, qardaşdır, duaçısıyam, bəlkə, Allah qəlbinə insaf sala, o xəzinənin yerindən bizi də hali edə.

Xülasə, heç bir kafər mənim qədər intizarda olmasın, intizardayam! (nopoliticalprisoners.org)

Natiq Güləhmədoğlu
Source : Nur.az.com
Comment