QR CodeQR Code

İŞİD-in “B planı” – Avropaya ən yaxın ölkə...

8 Mar 2016 08:30

Islamtimes - Ötən il İraq və Suriyadakı “torpaqları”nın 14 faizini itirən İŞİD terror qruplaşması Liviyada güclənir.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sirt şəhərində vilayət quran İŞİD ölkənin digər şəhərlərini ələ keçirmək üçün buranı baza olaraq istifadə edir.

Liderlər Liviyaya keçdi

İŞİD-in Liviyada nəzarət altına aldığı ilk torpaq Derna şəhəri olub. Aralıq dənizinin sahilindəki 2014-cü ilin aprelində qurulan “İslam Gənclik Şüura Şurası” təşkilatı iki ay ərzində digər silahlı qruplara qalib gələrək şəhərdə nəzarəti ələ keçirib və İŞİD-ə bağlılığını elan edib.

Dernanın İŞİD-in nəzarətə keçməsindən sonra, 2014-cü ilin sentyabrında təşkilatın yüksək vəzifəli üç komandiri Əbu Həbib əl-Cazravi, Əbu Baraa əl-Azadı və Əbu Nabil əl-Anbari Liviyada təşkilatlanmaq üçün dəniz yolu ilə Dernaya gedib. Təşkilatın növbəti addım isə devrilmiş lider Müəmmər Qəddafinin məmləkəti və son qalası Sirt olub. “Toyota” karvanı ilə 18 fevral 2015-ci ildə Sirtə girən 400 nəfərlik İŞİD birliyi 60 min əhalisi olan şəhərə nəzarətə ələ keçirib. Aerodrom, qatar yolu, liman, hərbi bazası və geniş neft yataqlarına sahib Sirt İŞİD-in əsas bazasına çevrilib.

Qəddafinin qəbiləsi biət etdi

Şirtdə nəzarəti ələ keçirən İŞİD qəbilələr arasındakı mübahisələrdə vasitəçilik edir, ehtiyacı olan ailələrə yardım edir və uşaqlara məktəb vəsaitləri paylayır. Sirtdə İŞİD-ə qatılan qruplar arasındakı ən əhəmiyyətlisi isə Qəddafinin mənsub olduğu qəbilədir. Məhəmməd peyğəmbərin qayınatasının soyundan gələn Musa al-Kazemin də daxil olduğu qəbilə Sirtin ətrafında geniş bir əraziyə nəzarət edir. İŞİD-in növbəti hədəfi isə Aralıq dənizi sahilini ələ keçirməkdir.

Qaçaqmalçı iqtisadiyyat


Mərkəzi Asiyadan Balkanlara, Yaxın Şərqdən Mərkəzi və Şimali Afrikaya qədər uzanan şəriət dövləti qurmağa hədəfləyən İŞİD üçün Liviya strateji mövqeyi və iqtisadi dəyəri baxımından çox əhəmiyyətlidir. Qəddafi dövründə illik 30-45 milyard dollar neft gəliri olan Liviyada həmin dövrdə toplanılan böyük silah arsenalı var. Liviyanın Avropa ilə yaxınlığı həm İŞİD-ə döyüşçülərini qitəyə keçirməyə, həm də insan qaçaqmalçılığı ilə məşğul olmağa imkan verir. İsraildə fəaliyyət göstərən bir təşkilata görə, ərəb və Mərkəzi Afrika ölkələrindən gələn qaçqınların Avropaya axınından illik 330 milyon dollara qədər gəlir gətirir. İŞİD bu işlə məşğul olan cinayət qrupların əksər hissəsini özünə bağlayıb. ABŞ-ın “Soufan Group”un yanvar ayında dərc etdiyi hesabata görə, həm “Əl-Qaidə”, həm də İŞİD Liviyanı etibarlı bir liman kimi istifadə edir.

Yeni döyüşçü nəsli yetişdirir

Liviyada möhkəmlənmək isyətən İŞİD gələcəkdə ona qatılacaq yeni döyüşçü nəsli yetişdirir. Hərbi təlim düşərgələri quran İŞİD təbliğat üçün “İslam Dövləti bölgəsindən xəbərlər” adlı “qəzet” nəşr edir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in İraq və Suriyadakı döyüşçülərin sayı 31 min 500-dən 25 minə qədər azalıb. Eyni vaxtda Liviyadakı döyüşçülərin sayı iki dəfə artaraq 6 min 500-ə çıxıb. İŞİD-in Liviyadakı döyüşçülərinə ayda 1000 dollar maaş ödədiyinə dair hesabatlar dərc olunub. Tunis mətbuatına görə, ciddi iqtisadi böhranla boğuşan Tunisdən 1000-1500 gənc Liviyada İŞİD-ə qatılıb. Nigeriyada aktiv olan və İŞİD-ə biət edən “Boko Haram” terror təşkilatından mindən çox döyüşçü İŞİD-ə qatılmaq üçün Liviyaya gəlib. Terror qruplaşması ilk dəfə Liviyada qadınları “Cihadçı gəlinlər” adı ilə kamikadze olaraq istifadə edir.

Yeni müharibə meydanı

Suriya və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlar terror qruplaşmasını Liviyanı öz yeni müharibə meydanına çevirməyə məcbur edə bilər. Rusiya və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bombardmanlarına məruz qalan İŞİD Liviyaya köçməyi planlaşdırır.

Müəmmər Qəddafinin devrilməsindən sonra keçən beş il ərzində Liviyada nə güclü dövlət strukturu, nə də vahid hökumət formalaşıb. Liviyada vahid hökumət mövcud deyil, ölkə ikihakimiyyətlilik şəraitində yaşayır. Şərqdə Misirlə sərhəddə yerləşən Tobruk şəhərində seçkilərlə formalaşdırılan və beynəlxalq cəmiyyət tərəfindən tanınan parlament fəaliyyət göstərir. Eyni zamanda paytaxt Tripoli şəhərində yerli musəlmanlarla bağlı, amma İŞİD-i dəstəkləməyən Milli Konqres yerləşir. Güclü dövlət strukturlarının olmadığı geniş rayonlara hakimiyyət nəzarət etmir.

Liviya və Qərb mənbələrinin məlumatına görə, İŞİD-in mövqelərinə ABŞ tərəfindən aviazərbələrin endirilməsindən başqa, Amerika hərbçiləri və onların avropalı həmkarları artıq İŞİD ilə fəal mübarizə aparılması üçün xüsusi bölmələrin yaradılması üzərində işləyirlər. Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Böyük Britaniya öz hərbi məsləhətçilərinin gizli şəkildə Liviyaya göndərib. Britaniyalı hərbi məsləhətçilər ABŞ-dan olan həmkarları ilə birgə Misurata şəhərində Liviyanın xüsusi təyinatlı dəstəsinə təlim keçəcəklər.


Story Code: 526180

News Link :
https://www.islamtimes.org/az/article/526180/işid-in-b-planı-avropaya-ən-yaxın-ölkə

Islam Times
  https://www.islamtimes.org