0
Tuesday 15 November 2016 - 18:51

“Ərbəin hadisəsində həm ifşa etmə, həm əməl, həm də həmin ifşaçılığın hədəflərinin reallaşması vardır”

Story Code : 584067
“Ərbəin hadisəsində həm ifşa etmə, həm əməl, həm də həmin ifşaçılığın hədəflərinin reallaşması vardır”
Həzrət Zeynəbin (s.ə) və imam Səccadın (ə) xütbələri, ifşaedici çıxışları və əsl həqiqəti açıqlayan ismarışları güclü bir informasiya daşıyıcısı kimi baş verənləri, imam Hüseynin (ə) məqsədini, ideyalarını və hansı mövqeyi tutduğunu mümkün qədər geniş hüdudlarda insanlara çatdırmalı idi və çatdırdı da!

Boğucu mühitin spesifik xüsusiyyəti budur ki, insanlar dərk etdikləri həqiqətləri əməllərində göstərməyə cürət tapmırlar. Belə ki, əvvəla, istibdadçı və zalım rejim insanların dərk etməsi üçün şərait yaratmır, insanların idrakı və zehni nəzarət altından çıxdıqda və onlar həqiqətləri dərk etməyə başladıqda isə başa düşdüklərinə əməl etməyə əsla imkan vermir. Kufədə, Şamda və ümumən bütün yol boyu bir çoxları Zeynəbi-Kubranın (s.ə), imam Səccadın (ə) söylədiklərini eşitdikdə, yaxud əsirlərin vəziyyətini gördükdə çox şeyi anladılar. Lakin o zülm, diktatura, istibdadla dolu olan boğucu şəraitdə anladığı və dərk etdiyi həqiqəti aşkara çıxarmağa kim cürət edərdi, kim özündə belə bir qüdrəti hiss edərdi?! Baş verənlər kəndir kimi düyünlənib möminlərin hulqumuna keçmişdi. Məhz Ərbəin hadisəsi həmin düyünə batırılan ilk neştər oldu. İlk püskürmə elə ərbəin günü Kərbəlada baş verdi.

Mərhum Seyid ibn Tavus və digər dahi insanlar yazmışlar ki, əsirləri, yəni Həzrət Zeynəbi (s.ə) və digərlərini gətirən karvan ərbəin günü Kərbəlaya daxil olanda orada təkcə Cabir ibn Abdullah Ənsari və Ətiyyə Oufi deyildilər. Seyyidüş-Şühədanın (ə) məzarının ətrafında toplaşmış Bəni-Haşim qəbiləsindən olan bir qrup kişi Zeynəbi-Kubranı (s.ə) qarşılamağa gəldilər. Ola bilsin ki, Zeynəbi-Kubranın (s.ə) Şamdan dönərkən Kərbəlaya getməyi israr etməsi də imam xanədanına məxsus ali bir siyasət olmuş və Kərbəlada həmin kiçicik, lakin dərin məna daşıyan görüşün təşkil edilməsi məqsədini daşımışdır. Bəziləri əsirlərin ərbəin gününə qədər Kərbəlaya gəlib çata bilməsinə şübhə ilə yanaşmış və təəccüblə bunun qeyri-mümkün demişlər.

Mərhum şəhid Ayətullah Qazi bu işin baş verməsinin tamamilə mümkün olduğunu sübut edən müfəssəl bir əsər yazmışdır. Hər bir halda böyüklərin və qədim salnaməçilərin yazdıqlarında belə bir fakt öz əksini tapır ki, Zeynəbi-Kubra (s.ə) və Əhli-beytdən (ə) olan bir qrup insan Kərbəlaya daxil olduqları vaxt Ətiyyə Oufi, cənab Cabir ibn Abdullah və Bəni-Haşimdən bir qrup kişi orada idilər. Bu isə məhz şəhidliklə əldə edilməli olan məqsədin, yəni bu ideyanın yayılmasından, insanlara cürət hissini aşılamaqdan ibarət olan məqsədin həyata keçməsi demək idi. Elə həmin məqamdan da Təvvabin olayı ərsəyə gəldi. Təvvabin hərəkatı boğuldu, lakin buna baxmayaraq həmin hadisədən az sonra Muxtarın və Kufənin digər qəhrəman kişilərinin iştirakı ilə baş verən qiyam zalım və xəbis Bəni-Üməyyə sülaləsini biri-birinə qatdı. Əlbəttə, onlardan sonra Mərvanilər sülaləsi hakimiyyətə gəldi, lakin mübarizə yenə də davam etdirildi. Artıq yol açılmışdı. Bu, Ərbəin hadisəsinin özünəməxsus xüsusiyyətidir. Yəni Ərbəin hadisəsində həm ifşa etmə, həm əməl, həm də həmin ifşaçılığın hədəflərinin reallaşması vardır.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei
16 /Feb/ 2009
Source : Maide
Comment