0
Tuesday 3 January 2017 - 23:38

Fətva gücü altında "terrorist koalisiyası"

Story Code : 596902
Fətva gücü altında "terrorist koalisiyası"
Nur-az.com irna.ir-a istinadən:

Suriyada mövcud vəziyyətlə əlaqədar zahirdə müxalifəti təşkil edən terrorist qrupları birləşməyi çıxış yolları hesab edirlər.
Elan edilən son məlumata əsasən, artıq bu təklif və təşəbbüsə terroristlərin on yeddiyə yaxın tanınmış şeyxi rəsmi müsbət rəy bildirib və belə bir sənədin imzalandığı da, qeyd edilir. Bununla belə onun idarə forması ilə bağlı terroristlərin ən böyük qruplarını təşkil edən "Əhrar əl-Şam", "əl-Nüsrət" cəbhəsi və "Nurəddin əl-Zənki" arasında fikir ayrılığı var və hələlik yekdil nəticə görünmür.
Xəbər yayılandan sonra müxalifətin əksər informasiya vasitələri "Ceyş əl-Fəth" terrorist qruplaşmasının şəri hakimi sayılan ərəbistanlı Abdullah əl-Muhəysininin həmin fətvasını tənqid edərək bu çağırışı indiyədək buraxdığı səhvləri və bihudə şüarlarının, eləcə də, Hələbdəki son məğlubiyyətlərin üzərini ört-basdır etmək kimi qiymətləndiriblər.
Bu fətvanı rəsmən təsdiq edən terrorist qrupların başçıları arasında Abdullah əl-Muhəysini, "Əhrar əl-Şam"ın şəri məsul katibi Əbülfəth əl-Fərğəli, hazırda İdlibin böyük şeyxlərindən sayılan Əbdürrəzzaq Məhdi, "Əhrar əl-Şam"ın sabiq şəri məsul katibi Əbu Məhəmməd əl-Sadiq və İŞİD-lə yaxından həmkarlıq edən Əbu Tahir əl-Himəvi müşahidə olunur. Bu tanınmış şəxslərlə bərabər bir sıra digər qrupların başçıları və elə də mühüm mövqeyi olmayanların da, adları qeyd edilib ki, sonradan bəziləri öz adlarının ora onlarla heç bir müzakirə edilmədən artırıldığını bildiriblər. Bura "Nurəddin əl-Zənki"nin şəri məsul katibi Hisam əl-Ətrəş, şeyx Əli Səidu, Ömər Ramazan və başqaları daxildir.
Hisam əl-Ərtəş "Twitter"də öz şəxsi səhifəsində belə qeyd edir:
"Təkidlə bildirirəm ki, özüm, Əli Səidu və Ömər Zamazanla bu barədə heç bir müzakirə və razılıq əldə edilməyib."
Fətvaya əsasən, "Əhrar əl-Şam", "Fəth əl-Şam" (əl-Nüsrət cəbhəsi), "Nurəddin əl-Zənki" cəbhəsi, "Əcnad əl-Şam", "Türküstan İslam partiyası", "Liva əl-Həqq" və "Ənsar əl-din" qrupları tezliklə birləşməyi qarşılarına məqsəd qoyublar və bu təşəbbüs gələcək qələbə və həmçinin gözlənilən təhlükələri dəf etmək üçün zərurətdən doğur.
"Əhrar əl-Şam"ın şəri məsul katibi Əbülfəth əl-Fərğəli əl-Nuhasa cavab olaraq belə bildirib: "Bu təşəbbüsə şübhə və tənqidlə yanaşanların fikirləri ilə işim yoxdur, lakin onu kökündən rədd edənlərin isə zərrə qədər elmi savadı olmadığını deməliyəm... Hələbdəki məğlubiyyət, doğrudan da, çox ağırdır və lakin bəzilərinin müxalifətinə rəğmən, vəhdətdən yayınmaq olmaz."
Həmçinin Əbdürrəzzaq Məhdi "Twitter"də belə yazıb: "Bu təklif bizim sonuncu fürsətimizdir və onu əldən verməyin! Artıq qızıl, gümüş, bürünc dövranlarımız sovuşub, indi dəmir dövrünə keçmişik. Bunu anlayın, hərçənd gec də olsa, mümkündür bu yolla bir çıxış yolu tapa bilək."
Vəhdətə qarşı çıxanlar bildirirlər ki, bu məsələ dəqiq proqram əsasında həyata keçməli və hər hansı bir qrupun hegemonluğuna icazə verilməməlidir. Əhrar əl-Şamın xarici siyasət şöbəsinin katibi Ləbib əl-Nuhas belə bu fətvaya qarşı öz tənqid fikrini belə bildirib: "Maraqlıdır, hamını zorla bu təklifə vadar etmək üçün fətva əmrindən istifadə edilir. Biz vəhdətlə müxalif deyilik. Amma din bir minik vasitəsi deyil ki, bəziləri onu ağa-xan kimi minib, çapsınlar. Bizim iradımız onun şəriliyi ilə yox, mövcud vəziyyət və onun səbəbləri ilə əlaqədardır. Çünki vəhdəti iddia edənlərin çoxları dəfələrlə təfriqə və iğtişaşın amili olublar."
Hal-hazırda Əhrar əl-Şam özü iki qrupa ayrılıb: vəhdətlə müvafiq olan Haşim əl-Şeyx düşərgəsi və Əli əl-Ömər (Əbu Əmmar) düşərgəsi. Vəziyyət göstərir ki, bu qruplar vəhtədə qoşulanadək özləri daxildən parçalanma ehtimalı ilə üzbəüzdür.
Həmçinin Qətər dövləti əl-Nüsrət cəbhəsinin adını "Fəth əl-Şam"la əvəz edərək onu terrorist qrupları sırasından çıxarsa da, indiyədək həmin qruplar arasında özünə müstəqil mövqe qazana bilməyib.
Terrorist qrupları arasında vəhdət məsələsi, demək olar, Suriya böhranından etibarən daim səslənməkdədir, onların indiyədək qələbələri, məğlubiyyətləri, daxili ixtilafları, xaricdən gələn yardımların təşkili və s. dövrlərdə həmişə nəticəsiz qalıb. Hələbdəki ağır məğlubiyyətdən sonra bu zərurət özünü daha çox büruzə verir. Son vaxtlar müəyyən razılıqlar əldə edilsə də, idarə və təşkilatçılıqla bağlı hansı qrupun daha çox rolu məsələsində qətiyyən yekdil fikrə gələ bilməyirlər.
Bəzi yayılan xəbərlərə əsasən, son müzakirələrin nəticəsi göstərir ki, vəhdətə razı olan qruplar yeni "Suriya İslam Heyəti" adı altında vahid cəbhə təşkil etmək qəsdindədirlər. Belə ki, onun ali rəhbəri "Əhrar əl-Şam"ın başçısı Əli əl-Ömər, bütün qoşunların hərbi komandanı "əl-Nüsrət" cəbhəsinin başçısı Məhəmməd əl-Cövlani və təşkilatın mərkəzi şurasının sədri isə "Nurəddin əl-Zənki" cəbhəsinin başçısı Tofiq Şəhabəddin təyin ediləcək.
Amma hələ ki, əl-Nüsrət cəbhəsinin artıq tamah və tələblərinə görə, qəti razılığın əldə edilmədiyi vurğulanır və bütün qruplar bərabər imtiyazlara malik olmaq qəsdindədirlər. Görək, heç kimə aman verməyən və heç bir humanitar hüquq anlayışı olmayan bu azğın terrorist qrupları belə bir "koalisiya"ya nail olacaqlar ya yox...
Source : Nur.az.com
Comment