0
Thursday 12 February 2009 - 17:29
05/02/2009

Yerin boş qalsın, Lalə xanım!

Natiq Pənahlı
Story Code : 624
Fevarlın 4/2009- Milli Məclisin üzvü, xanım millət vəkili Lalə Abbasova İsrailin Qəzzədə törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupundan istefa verdi.
Fevarlın 4/2009- Milli Məclisin üzvü, xanım millət vəkili Lalə Abbasova İsrailin Qəzzədə törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupundan istefa verdi.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünyanın gözü qarşısında - Davosda Peresin ağzının payını verəndə həm qürrələnmişdim, həm də “buna bənzər addım niyə bizdə atılmır?” deyə məyus olmuşdum. Çünki Türkiyəni qəzzəlilərə bağlayan mənəvi tellər bizimlə qəzzəlilər arasında da var. Türkiyənin göstərdiyi cəsarəti biz də göstərməli idik. Təbii ki, hər ölkə öz imkanları daxilində.
Dünən Milli Məclisin üzvü, xanım millət vəkili Lalə Abbasova İsrailin Qəzzədə törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupundan istefa verib. Xanım deputatımız kişi kimi addım atıb. Bu addımda cəsarət də var, mərdlik də var, insanlıq da var, haqsızlığa etiraz da var... Düşünürəm ki, Lalə xanım imkanları daxilində verə biləcəyi ən effektiv qərarı verib.
Lalə xanımın verdiyi qərar Ərdoğanın Davosdakı məlum davranışından az əhəmiyyətli deyil. O da, Ərdoğan da mövcud vəziyyətdə ancaq o qərarı verə bilərdilər, əldəki imkanı ancaq o formada dəyərləndirmək olardı. “Səni dinləmək istəməyən, sənə məhəl qoymayan insanların yanında olmayacaqsan” düsturu hər zaman doğrudur. Sadəcə olaraq, fərq ondadır ki, Lalə xanım millət vəkilidir, Ərdoğan isə Baş nazirdir, hərənin çıxara biləcəyi səs tutduğu mövqeyə uyğundur.
Adıçəkilən qrupun sədri, yəhudi əsilli deputat Yevda Abramovun Lalə xanımın addımına reaksiyası isə heç xoş deyildi. Azərbaycanın tanınmış xalq mahnısından sitatla (“Gələrsən, qadan allam, gedərsən, yola sallam”) məsələyə münasibət bildirən Yevda Abramovun cavabı başdan-ayağa ironiyadır. Ancaq onun cavabında başqa bir məqam da var. O deyib ki, işçi qrupunu parlament təsdiq edib, parlament də yenisini seçəcək. Hətta o: “Qrup məgər mənim xahişim və təklifimlə yaranmışdı?” - deyə minnət də edib. İndi mənim üçün maraqlıdır. Görəsən Lalə xanımın tərk etdiyi yeri kim tutmaq istəyəcək? Kim bu işçi qrupunda təmsil olunmaq üçün namizədliyini verəcək? Kim xanım deputatımızın kişi kimi addımı qarşısında addım ata biləcək?
Əslində Lalə xanım o işçi qrupunda böyük bir boşluq qoyub getdi. O boşluğu kimsə doldura bilməyəcək. Çünki o yer həmişə Qəzzədə günahsız körpələrin cəsədlərini, parçalanmış sifətlərini, al-qana qərq olmuş bədənlərini, onların gələcəyə bədbin baxan gözlərini xatırladacaq. Lalə xanımın bu addımından sonra həmin yerə seçiləcək (?) şəxs bunu əsla unutmamalıdır. Hər kəs də onu “Lalə xanımın İsrail vəhşiliyinə etiraz əlaməti olaraq, tərk etdiyi qrupun üzvü” kimi tanıyacaq. Bəli, məhz vəhşiliyə etiraz olaraq tərk edilmiş bir yerin “yiyəsi” olaraq... Bu yerdə Lalə xanıma bir “qarğış” eləmək istərdim: yerin boş qalsın, Lalə xanım!
Çox istərdim ki, həmin yer boş qalsın. Bax bu, İsrailin vəhşilik siyasətinə verilən əsl reaksiya olardı. Bu, o mənaya gələrdi ki, Lalə xanımın tərk etməsi ilə işçi qrupunda əmələ gələn boşluğu əslində digər millət vəkilləri də dəstəkləyir.
Bu addım indiyə kimi Qəzzə hadisələri ilə bağlı Azərbaycandan göstərilən ən ciddi reaksiyadır. Lalə xanımın bu qərarı Xarici İşlər Nazirliyinin ikicümləlik məlum bəyanatından daha təsirlidir. Kaş ki belə addımları atanların sayı çox olaydı. Kaş ki işçi qrupunun bütün üzvlərinə bu, nümunə olaydı. 
Bu və buna bənzər addımları əsla HƏMAS-a dəstək kimi başa düşmək olmaz. Bu, hər hansı sadə yəhudiyə qarşı atılan addım kimi dəyərləndirmək də yersiz və məntiqsizdir. Bu, günahsız körpələrin vəhşicəsinə qətlinə etiraz məqsədilə yüksəldilən səsdir.
Belə hadisələrdə “mənə dəyməyən ilan yüz yaşasın” prinsipi ilə yaşamaq doğru deyil. Bir gün o ilan səni də sancar. Çünki o, bir ilandır...
Source : www.zaman.az
Comment