0
Thursday 12 February 2009 - 23:09

21-Cİ ƏSRİN SOYQIRIMI: QƏZZA FACİƏSİ

Story Code : 625
21-Cİ ƏSRİN SOYQIRIMI: QƏZZA FACİƏSİ
21-Cİ ƏSRİN SOYQIRIMI: QƏZZA FACİƏSİ
Ötən ilin 27 dekabr tarixində - yəhudilər üçün müqəddəs sayılan şənbə günü işğalçı İsrail ordusunun onlarla hərbi təyyarəsi Qəzza zolağı ərazisində 190-a yaxın obyekti bomba və raket zərbəsinə hədəf aldı. “Yeni Şərq”in İsrail KİV-inə istinadən verdiyi məlumata görə, Qəzzaya 170 tondan artıq mərmi və raket atıldı. Qəzza zolağında demək olar ki, bütün xarakterli binalar, o cümlədən mülki yaşayış binaları, inzibati binalar, məscidlər, məktəblər, səhiyyə ocaqları və s. İsrailin mərmi və raketlərinin intensiv zərbələrinə məruz qaldı. Nəticədə yüzlərlə dinc sakin, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi. Xatırladaq ki, havadan ilk zərbə ardıcıl olaraq 3 dəqiqə 40 saniyə davam etmişdir.
Hava zərbələrinin ilk həftəsi 750 müxtəlif obyekt hədəfə alınıb. Hətta, 900 gündən bəri blokadada saxlanılan Qəzza ilə Misiri birləşdirən yeraltı tunellər də dağıdılıb. Qeyd edək ki, fələstinlilər bu tuneldən iqtisadi-humatitar blokadanı yarıb, Qəzzanı ərzaq və tibbi ləvazimatla təmin etmək üçün istifadə edirdilər. Belə ki, bir tərəfdən İsrail Qəzza zolağını tam mühasirəyə alıb, oraya giriş-çıxışı bağlayıb, digər tərəfdən də rəsmi Qahirə Misirlə sərhəd keçid məntəqəsini qapadıb ki, nəticədə Qəzza tam şəkildə blokadaya alınıb. Dünyanın gözü qarşısında qəzzalılar humanitar faciə ilə üzbəüz buraxılıb...
Lakin bir həftədən bəri Qəzzanın havadan darmadağın edilməsinə baxmayaraq, İsrailin işğalçı ordusu yerüstü əməliyyata başlamağa tələsmir, yaxud risk etmirdi. İsrailin rəsmi dairələrinin dəfələrlə “tezliklə yerüstü əməliyyat keçirib, HƏMASın bütün qüvvələrini sıradan çıxaracağıq” iddialarıyla çıxış etmələrinə baxmayaraq, hərbi ekspertlərin hesablamalarına görə, HƏMAS (“İslam Müqavimət Hərəkatı”) təslim olmayıb, güclü müqavimət göstərəcək ki, bu da İsrailə heç də xoş müjdələr vəd etmirdi. İsrailli analitiklər 2006-cı ildə Livanın cənubunda yerüstü əməliyyatlar zamanı “Hizbullah”ın müqavimətini xatırladır və o zaman gözlənilməz olaraq bu kiçik müqavimət hərəkatının təpədən dırnağadək silahlanmış İsrail ordusu üzərində zəfər çaldığını, İsrailin isə bütün dünyada biabır olaraq, öz məqsədlərinə çatmadan Livanın cənubunu tərk etdiyini önə çəkdilər. İndi də İsrail ordusunun Qəzzada yerüstü əməliyyatlara başlayacağı təqdirdə, eyni aqibətlə üzləşəcəyini və nəticədə HƏMASın tarixi qələbə çalacağını proqnozlaşdıraraq, siyasi-hərbi dairələri bu kobud səhvə yol verməməyə çağırdılar. Digər tərəfdən, bir sıra digər israilli siyasilər “nə qədər ki, Buş hakimiyyətdədir, HƏMAS məsələsini çözməliyik!” şüarından vaz keçə bilmir və Barak Hüseyn Obamanın hakimiyyətə gəlişilə bu planın alt-üst olacağından ehtiyatlanırlar.
Doğrudur, “Hizbullah”ın 2006-da verdiyi dərsdən düzgün nəticə çıxarmağı bacaran siyasilər müəyyən bəhanələrlə yerüstü əməliyyatları ləngitməyə çalışsalar da, “fürsəti qaçırmaq istəməyən” siyasilər daha çevik tərpəndilər. Hər halda, döyüşlərin 8-ci günü yerüstü əməliyyatlara yaşıl işıq yandırıldı...
Müşahidəçilərin qeyd etdikləri kimi, HƏMASın günü-gündən nüfuzu daha da artır və artıq bu müqavimət hərəkatına dəstək aksiyaları bütün ərəb dövlətlərini, o cümlədən Misiri bürüməkdədir. Rəsmi Qahirə savaşın ilk günlərindən fərqli olaraq, HƏMASla danışıqlara girməyə məcbur oldu. Qeyd edək ki, faktiki olaraq Misir dedikdə, bunu İsrail kimi də anlamaq olar. Belə ki, rəsmi Qahirə bu savaşda yeganə ərəb dövləti oldu ki, yüzlərlə dinc sakini qətlə yetirən işğalçı İsraili deyil, illərdən bəri bu işğala qarşı müqavimət göstərən HƏMASı qınadı. Beləliklə, Qəzzadakı qətliamlarda İsraillə həmrəy olduğunu nümayiş etdirdi.
Savaşın ikinci həftəsinin ilk günü dünyanın aparıcı KİV-ləri yerüstü əməliyyatların başladığı xəbərini yaydılar. Beləliklə, İsrail 3 dekabr tarixindən, maraqlıdır ki, yenə də yəhudilər üçün müqəddəs sayılan şənbə günündən etibarən qanlı aksiyaların ikinci mərhələsinə qədəm qoydular. Müharibə nisbətən daha açıq müstəviyə keçdi. Lakin yerüstü əməliyyatlarda israillilər gözləmədikləri müqavimətlə üzləşdilər.
Onu da qeyd edək ki, İsrail rəsmi şəkildə öz itkiləri haqda xəbər yaymağı qadağan edib və əhali arasında ruh düşgünlüyü yaranmasın deyə, döyüş meydanlarında olan hərbçi və əsgərlərin mobil telefonlarını əllərindən alıb. İsrail tərəfi hər bir vəchlə öz uğursuzluğunu gizlətməyə çalışır.
Hadisələrin gedişatı həqiqətən də 2006-cı ili xatırladır. Müstəqil mənbələr də təsdiqləyir ki, İsrail ordusunun Qəzzada hava qüvvələrinin dəstəyilə həyata keçirdiyi yerüstü əməliyyatların ilkin mərhələsi tam iflasa uğrayıb və israillilər güclü və münəzzəm müqavimətlə üzləşərək, bataqlığa giriblər. Baş qərargah çaşqınlıq içində daha effektiv üsulların işə salınması üzərində çalışır və işğalçılar bu arada rüsvayçılıqdan yaxa qurtarmaq üçün hava zərbələrini daha da intensivləşdirirlər. İsrail ordusunun gücü dinc əhaliyə divan tutmağa - yaşayış massivləri, məktəblər, məscidlər, inzibati binalar, bir sözlə, daşın daş üstə qoyulduğu bütün tikililəri bombardmana məruz qoyub, günahsız insanları qətlə yetirməyə çatdı. Bütün dünyanın gözü qarşısında yüzlərlə məsum körpəni qanına qəltan etdi. Həm də həyasızcasına öz mənfur cinayətlərinə haqq qazandıraraq. BMT Təhlükəsizlik Şurasının qətnaməsinə - savaşa dərhal son qoymaq tələblərinə əhəmiyyət vermədən öz vəhşiliklərini, vandalizmini, kütləvi qırğınlarını, bir sözlə, dövlət səviyyəsində terror aktını davam etdirdi. Dünya da durub baxdı və quru bəyanatlardan başqa, bu qaniçənlərə bir təpki göstərə bilmədi. Və az sayda dövlətlər istisna olmaqla, dünya bu vəhşiliklərə bir seyrçi kimi tamaşa etdi...
“Yeni Şərq” Araşdırmalar Mərkəzinin ekspertlərin şərhlərinə əsasən, bu müharibənin başladılmasının bir neçə səbəbi olmuşdur. Ancaq əsas səbəb kimi dörd amil xüsusi ilə qeyd edilməlidir:
1. Fevral ayının 10-u İsraildə seçkilər keçiriləcək və müharibə də elə bu seçkilər üçün hesablanmış addımdır. Bununla da son aylar əhali arasında populyarlığını itirən indiki iqtidarda olan KADİMA partiyası seçicilərdə rəy formalaşdırmaq istəyir ki, israillilərin təhlükəsizliyini qoruyacaq real və cəsarətli siyasi qüvvə yalnız onların partiyasıdır;
2. Yanvar ayının 20-i İsrailin bölgədəki siyasətini dəstəkləyən Corc Buşun prezidentlik dövrü başa çatır. Hakimiyyətə gələn Demokratlar partiyasının namizədi Barak Hüseyn Obamanın isə Yaxın Şərq siyasəti Buşunkundan nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu səbəbdən də Obamanın and içməsinə qədər İsrail bölgədəki təhlükəli rəqiblərindən olan HƏMASı sıradan çıxarmağı qarşıya məqsəd qoymuşdu. 20 yanvaradək İsrailə “yaşıl işıq” yandırıb, “işi bitirmək” üçün fürsət yaradıldı. İsrail də tez-tələsik var gücü ilə HƏMAS-ı sıradan çıxarmağa çalışdı. Belə ki, Obama gəldikdən sonra çox ehtimal ki, demokratik yolla hakimiyyətə gəlmiş və xalq dəstəyinə sahib olan HƏMAS-la danışıqlar aparacaq və fələstinlilərin real qüvvəsi kimi bu qurumla əməkdaşlıq edəcək;
3. 2006-cı ildə Fələstində ilk dəfə keçirilən demokratik seçkilərdə əhalinin 70 faizinin səsini qazanıb, qalib gəldikdən sonra HƏMAS-la İsrailə loyal münasibətdə olan Mahmud Abbasın tabeçiliyindəki qüvvələr arasında toqquşmalar oldu. Nəticədə Fələstin Muxtariyyəti iki ayrı siyasi-hərbi gücün - Qəzza zolağı qanuni hökumət qurmuş HƏMAS-ın, mərkəzi Ramallah olmaqla İordan çayının Şərq sahili isə FƏTH-in idarəciliyinə bölündü. İsrail isə bu qarşıdurmada maraqlı tərəf kimi “sözəbaxan” FƏTH-i dəstəkləyərək Qəzzanı blokadaya alıb, işğalçı qüvvələrə qarşı barışmaz mövqedə duran HƏMAS-ı zəiflətmək istədi. Məqsəd Mahmud Abbas hakimiyyətini Qəzzada da tətbiq etmək idi. Müharibə ilə rəqibini məhv edib fələstinlilər arasında yeganə qüvvə kimi, Mahmud Abbasın komandasını bərqərar etməyə çalışırdılar;
4. Nəhayət, əsas səbəblərdən biri, həm də əhəmiyyətlisi bu amansız müharibə ilə təcavüzkarlığa qarşı mübarizə aparan ümumfələstin müqavimət hərəkatını, müqavimət ruhiyyəsini qırmaq və fələstinliləri de-fakto İsrail işğalı ilə barışdırmaq məqsədi güdülürdü.
Lakin, “Yeni Şərq”in ekspertlərinə görə, İsraildə keçiriləcək seçkilərdə xal qazanmaqdan başqa, Olmert-Livni-Barak üçlüyü qarşısına qoyduqları məqsədlərə çata bilməyəcəklər. Belə ki, heç bir silah qəti iradə və inanca söykənən müqavimət ruhunu qırmağa qadir deyil və istənilən halda, bu savaş bir tərəfdən İsrailin həqiqi simasını bütün dünyaya bəyan etdi, digər tərəfdən isə, fələstinlilərin müqavimət əhval-ruhiyyəsini daha da möhkəmləndirdi.
Bütün bunlarla bərabər, bu müharibədə 420-si az yaşlı uşaq, 110-u qadın olmaqla 1300-dən artıq günahsız insanın qanı su yerinə axıdıldı. Qəzzada axıdılan bu qanlar 2009-cu ilin ilk ayını - yanvar ayını QANLI YANVARa çevirdi...
Comment