0
Friday 7 April 2017 - 11:01

"Balıq başından iylənər" məsəlinin Azərbaycan təcrübəsi

Story Code : 625475
"Balıq başından iylənər" məsəlinin Azərbaycan təcrübəsi
Təqribən beş-altı il bundan qabaq iş tapmaq məqsədiylə Gürcüstana gedən yaxınların birinə qoşulub Saakaşvilinin ölkəsinə getmişdim. Ordan-burdan eşitmişdim ki, kişi Gürcüstanda "gül kimi" ölkə qurub, Sovet qalıqı olan Eduard Şevarnadzedən sonra gürcülər gün görüb.

Belə bir hadisəni əvvəllər də eşitmişdim. Deyilənlərə görə orada qutudan çəkmək üçün siqaret götürüb damağına qoyan şəxs azərbaycansayağı jest edib yol polisinə də təklif edəndə polis geri çəkilib və bildirib ki, rüşvət götürmür. Adam hərdən düşünür ki, Gürcüstan polisinin işi-gücü yoxdur, gəlib Azərbaycanda praktika keçməlidirlər. Bir gilə siqaret nədir ki, rüşvət hesab olsun. Məsələn regionun "lider" ölkəsi sayılan Azərbaycanda bir gilə siqaret yoxe, polisə, məhkəmə hakiminə, nazirə, generala tonlarla, milyonlarla pul vermək hörmət sayılır.

Əvvəllər eşitdiyim bu qəziyyəni təcrübə etmək qərarına gəldik. Yolda polisə yaxınlaşıb güya adres soruşurmuş kimi bir qədər danışdıq. Qonaq olduğumuzu bilib bizimlə bir qədər söhbətləşəndən sonra söz arası siqaret yandırdıq və polisə də təklif etdik. Kişi arxaya sıçrayıb yox, olmaz, biz rüşvət almırıq dedi. Dostla bir-birinə mat baxıb ləzzət aldıq. (Gürcülərin dilini bilmədiyimiz üçün rusca danışırdıq)
Elə o zamanlar da deyilirdi ki, Saakaşvilidən ölkədən rüşvəti necə məhv etdiyi barədə soruşanda demişdi ki, özüm almadım, beləcə rüşvətxorluq aradan getdi. Köhnə kişilərdən olan Abid dayı deyir çox nahaq yerə Mixail kişi belə bir iş görüb. Ona görə də qədrini bilməyib ölkədən qaçırtdılar. Gürcü xalqına bizim məmurlar kimi idarəçilər lazımdır.

Saakaşvili daha sonra Ukraynaya getdi. Orada Odessanın qubernatoru oldu. Sonra rəhbərliyə etiraz edib istefa verdi. Görünür Ukrayna rəhbərliyi və yaxud camaatı da rüşvətsiz yaşaya bilmir.

Bu kişi vorzakonlarla da ciddi mübarizəyə başladı. Vorzakonlar onun qabağında "zakon talkavat" edə bilməyib baş götürüb Ukraynaya qaçdılar. Saakaşvili vorzakonlar üçün "darıxdığından" o da getdi Odessaya və orada da kişilərin günü qara elədi. Düzdür, bizdə də Heydər Əliyev hakimiyyətə gələndə "qanuni oğru"lara divan tutdu. Amma fərqimiz bundan ibarətdir ki, bizim ölkədə "qanuni oğrular" rəsmən yığışdırılsa da, rəsmilər özləri oğurluqla məşğul olmağa başladı. Özü də "qanuni" şəkildə.

Atalar məsəlimizə uyğun olaraq Xəzərdə hansı balığın iyləndiyini görsəniz, bilin ki, başından iylənib. Amma ölkəmizdə qəribə bir tendensiya əmələ gəlib. Heç elə bil ki, bu məşhur zərbü-məsəl bizimki deyil. Məmurlara, deputatlara "itin sözü"nü deyənlər deyir prezidentdə günah yoxdur, dövrəsi xərəbdir. Bu cür məntiq isə ağıllı insanların nəzərində məqbul sayılmır. Birinci ona görə ki, məmur özbaşınalığından əgər rəhbərin xəbəri yoxdursa günahkardır, gərək xəbər tutsun. Əgər xəbəri var, özü bir söz demirsə yenə günahkardır. Xəbəri var, amma bacarmırsa gərək işi bacaranlara təhvil versin. Məsələn çevrilişlə hakimiyyətə gələn Komo diktatoru 22 ildən sonra seçkilərdə müxalifətə uduzub. Məzahir Pənahovdan fərqli olaraq ölkənin seçki komissiyasının sədri deyib ki, cənab diktator şələ-şüləsini yığıb gedir.

Bu gün siyasətdə rəsmi post rol oynamır, hansı siyasət adamı həyasızdırsa, siyasət dilində desək zirəkdirsə o qabağa gedir. Necə deyərlər ölkəni əlində fırlayır. Uzağa getməyək, götürək Türkiyəni. Prezidentin, Baş nazirin, hətta ordu böyüyünün söz sahibi olduğu bir dövlət. Bu dövlətdə birinci şəxs prezidentdir. Amma prezident Abdulla Gül Baş nazir Ərdoğanın əlindən baş götürüb qaçdı. Adını qoydular ki, bu ölkədə baş nazir də söz sahibidir. Amma Güldən sonra prezident olan Ərdoğan baş nazir qoyduğu Davudoğlunu, sonradan da indiki baş naziri ürəyi istədiyi kimi idarə edir. Əbəs yerə deyildir ki, Azərbaycanın idarəçiliyinin İlham Əliyevin yox, Ramiz Mehdiyevin əlində olduğunu iddia edirlər. Kişi, rəsmi olaraq ölkədə heç dördüncü adam olmadığı təqdirdə ikinci adam, bəlkə də birinci adam hesab edilir. Doğrudur, bizdə dağı yerindən oynatmaq naziri yerindən oynatmaqdan asandır. Amma söz sahibi olan şəxs bunu bacarmalıdır.

Bizim ölkəmizdə demək olar iylənməyən dövlət idarəsi, qurumu, nazirliyi yoxdur. Deputatxanadan tutmuş, prezident aparatına qədər üfunət hər yeri bürüyüb. Məşhur atalar sözü də bizə üfunətin kökünün harada olduğunu bildirir. Beləcə iylənə iylənə gedirik.
Source : Nur.az.com
Comment