0
Thursday 13 April 2017 - 18:19

Başçı ədalətli olsa məmurda ədalətli olar

Story Code : 627426
Başçı ədalətli olsa məmurda ədalətli olar
Öncə ədalət rəmzi olan İmam Əlinin (ə) mübarək mövludu münasibətiylə müsəlmanları təbrik edirik. Allah-Təaladan arzu edirik ki, bu bayram hər bir Əli (ə) şiəsi üçün mübarək olsun.
Toxunmaq istədiyimiz məsələ bir çox insanların gündəmində hər zaman aktual olduğu üçün İmam Əlinin (ə) mübarək mövlud bayramını da nəzərə alıb bu məsələyə toxunmaq istərdik.
Ölkəmizdə, Əli (ə) şiələrinin yaşadığı Azərbaycanımızda məmur ədalətsizliyindən, hakimiyyət zülmündən, məmur özbaşınalığından əziyyət çəkən insanların "prezident yaxşıdır, məmurlar pisdir", "prezidenti məmurlar gözdən salır, onu işləməyə qoymur" kimi ifadələr işlədirlər. Amma, həqiqətdə bir Əli (ə) şiəsi gərək bu cür məntiqsiz söhbətlərdən uzaq olsun. Ən azındna ona görə ki, o, Əli (ə) şiəsidir. Ən azından ona görə ki, "əl tutmaq Əlidən (ə) qalıb" deyən xalqıq.
Vücudu başdan-başa iman olan Əli (ə) hər tərəfli şəxsiyyət və ilahi fəzilətləri özündə cəm edən dahi bir şəxsiyyət olduğu üçün Allah-Təala onun vasitəsiylə hətta bir rəhbər necə olmalıdır, bunu da bizlərə öyrədib. Bildiyimiz kimi İmam Əli (ə) İslam Peyğəmbərinin (s) vəfatəndan sonra 25 il siyasi səhnədən uzaqlaşdırıldı. 25 il sonra müsəlmanların yekdil rəyi ilə xəlifə seçildi. Xəlifə seçilməzədn öncə O Həzrətin (ə) platformasını Əli (ə) şiələrindən olan Əmmar ibn Yasir müsəlmanlara çatdırdı. İmam Əli (ə) bildirirdi ki, xəlifə olmaq, hakimiyyət onun üçün dişi keçinin burnundan gələn su qədər dəyərsizdir. Yaxud yamadığı çəkməsini qarşısında əyləşən şəxsə göstərib hakimiyyətin bu qədər dəyərsiz olduğunu bildirirdi. Çünki o, hər bir zaman hər işdə Allahı düşünürdü. Allahı düşünən insan isə həyatı boyu bütün səhnələrdə Allah üçün iş görür və bütün imtahanlardan qalib çıxır.
Əli (ə) o qədər ədalətə riayət edirdi ki, hətta qadınlarının mehriyyəsini beytül-malı (ümumi dövlət büdcəsi) talayaraq əldə edən insanların əlindən alıb beytül-mala qaytaracağını bildirir. Əmmar Yasir Həzrətin (ə) xəlifəliyə razı olmazdan qabaq tələbləriylə xalqı tanış edərkən buyurur ki, Əlinin (ə) hakimiyyəti dövründə Allaha, Peyğəmbərə (s) yaxın olan insanlar öz mükafatlarını Allahdan alacaqlar, beytül-maldan deyil.
İslam məntiqinə görə insan başqasına verdiyi nəsihətə ilk öncə özü əməl etməlidir. İmam Əli (ə) İslamı hamıdan gözəl tanıdığı üçün ilk öncə ədalətə özü riayət edirdi, sonra camaatdan riayət tələb edirdi. Rəhbər, başçı, prezident ilk öncə özü ədalətə, doğruluğa, paklığa riayət etməlidir. İmam Əlinin (ə) həyatına nəzər saldıqda görürük ki, xəlifə olar-olmaz hakimiyyətdə məmur dəyişikliyi etdi. Onun üçün məmur təyin etməkdə meyar ədalət və təqva idi. Özündən əvvəlki xəlifə Osman ədalətlizlikdə və öz qohum-əqrəbasını xalqın boynuna mindirməkdə ad çıxartmışdı. İmam Əli (ə) hakimiyyətə gələn kimi bütün harınlamış məmurları işdən çıxartdı. Buna sübut olaraq harınlamış Müaviyənin tutduğu postdan – Şamın icra hakimliyindən əl çəkməməsini misal göstərmək olar. İmam Əli (ə) nə üçün bu işi görürdü? Niyə ədalətsiz insanları hakimiyyətdən uzaqlaşdırır və təqva sahiblərinə öz dövlətində yer verirdi? Çünki ədalətə ilk olaraq özü riayət edirdi. Deməli, bu gün hansısa prezidentin təyin etdiyi nazirlər, məmurlar xalqı incidirsə bunun birinci günahkarı həmin dövlət başçısıdır. Çünki bu məmurlar birbaşa onun imzasıyla, sərəncamıyla təyin edilirlər. Bəs onları harınlamağa nə vadar edir? Dövlət başçısının ədalətsizliyi. Əks halda, dövlət başçısı ədalət prinsipini öz hakimiyyətində əsas meyar hesab etsəydi bu gün həmin məmurların önündə gözü kölgəli olmazdı. Bir rəhbər, dövlət başçısı İmam Əli (ə) kimi alnı açıq, üzüağdırsa heç bir məmur onu şantaj edib bütün özbaşınalıqlarına baxmayaraq hələ də azadlıqda olmazdı. Beləliklə bir dövlət başçısının öz məmurlarına olan davranışını aşağıdakı kimi qruplaşdıra bilərik;
1. İnsan öz şəxsi həyatında ədalət prinsipinə riayət edir və bu xasiyyət onda rəhbər olduqda da təcəlla edir. Eyniylə İmam Əli (ə) kimi.
2. Ədalətli və təqva sahibi olan insan dövlət başına gəldikdə yenə ədalətə riayət etməlidir. Rəhbər olduğu zamanlarda bütün təyinatlarında, imzaladığı sərəncamlarda təqvanı əsas götürməlidir, rüşvətxorluq və talançılığı yox. Özündən əvvəl hakimiyyət orqanlarına harınlamış insanlar kök atıbsa da onları kökündən qazıb atmalıdır. Həmin postlara adil insanlar təyin edilməlidir. Məsələn, qeyd etdiyimiz kimi İmam Əli (ə) rəhbər olan kimi keçmiş harın məmurları işdən çıxarıb təqvalı insanlara vəzifə verdi.
3. Rəhbər adil və təqvalı olduğu təqdirdə məmurların qarşısında gözükölgəli olmayacaq. İmam Əlinin (ə) mübarək həyatında bir səhnə var. "Nəhcül-bəlağə" kitabında İmamın (ə) Bəsrə şəhərinin valisi Osman ibn Hüneyfə yazdığı məktubda onun diqqətinə maraqlı bir məsələni çatdırır. İmam (ə) eşidir ki, Osman şəhər əhlindən bəzisinin qonağı olub növbənöv təamlar düzülən süfrədə əyləşib. İmam (ə) yazıb xatırladır ki, unutma kimin tərəfindən göndərildiyini. Baxmayaraq ki, hansısa varlı süfrəsində əyləşmək günah deyil və Osman ibn Hüneyf kimi bir şəxs belə bir günaha mürtəkib olmazdı. Yenə də ona xəbərdarlıq edib deyir ki, süfrəsində quru çörək olan bir şəxsin tərəfindən Bəsrəyə icra hakimi göndərildiyini və onu (rəhbəri) təmsil etdiyini unutmasın. Baxın, İmam (ə) bununla da sübut edir ki, heç bir məmurun qarşısında gözü kölgəli deyil. El diliylə desək məmurlar qarşısında dili qısa, gözü kölgəli deyil.
4. Növbəti bir məsələ bundan ibarətdir ki, fərz edək ki, məmur həddini aşdı. Bu halda nə etməli? Onu öz özbaşınalığı ilə baş-başamı buraxmalıdır? Əsla yox, onu dəfələrlə xəbərdar etməli, şiddətli töhmət etməli və düzəlmədiyi halda işdən qovmalıdır. İmam Əli (ə) bir gün məsciddə namaz qılarkən bir qadın gəlib onun (ə) valisindən Həzrətə (ə) şikayət edir. İmam (ə) qəziyyəni soruşduqdan sonra namə yazıb möhürləyib qadına verir ki, aparıb həmin şəhərin qazisinə çatdırsın. Qadına şəhərə çatdıqdan sonra özbaşınalıq edən məmur vəzifəsini başqasına təhvil verir. Bu, o deməkdir ki, ola bilər rəhbərin təyin etdiyi məmur özbaşınalığa yol versin, amma bunun qarşısı dərhal alınmalıdır.
5. Əgər özbaşına məmurlar başçının, rəhbərin sözünə baxmadısa onlarla mübarizə aparmalı və özbaşınalıqlarına son qoymalıdır. İmam Əlinin (ə) bu mənada bizə təqdim etdiyi çox gözəl örnəklər var. O Həzrət (ə) onun qanuni xilafətinə qarşı baş qaldıran azğın və harınlamış məmur, Şamın icra hakimi Müaviyə ilə mübariə apardı, onun qaldırdığı üsyanı müvəffəqiyyətlə yatırdıb ona həddini bildirdi.
Əlbəttə İmam Əlinin (ə) xilafətə gəlməzdən öncəki həyatı ədalət və təqvalı keçdiyi kimi xilafətə gəldikdən sonra da öz ədalətində və təqvasında qalıb. Dünya malı, vəzifə onu aldada bilməyib. Təbərrük olaraq bunlar qeyd etməkdə əsas məqsədimiz budur ki, gərək əhalisinin çoxu şiə olan bir xalq "prezident yaxşıdır, ətrafı pisdir", "prezident iş görmək istəyir, ətrafı imkan vermir" kimi sözlərdən uzaq olsun. Unutmasın ki, şiə xalqın rəhbəri Əlidir (ə) və O Həzrətin (ə) həyatı bizə nümunədir. Həzrət (ə) Osman ibn Hüneyfə yazdığı namədə buyurur ki, hər məmumun (özünə imam seçən şəxsin) bir imamı (rəhbəri) var. Demir hər icra başçısının bir prezidenti var. Məhz məmum (rəhbərə tabe olan ardıcıl) buyurur. Çünki insan istər məmur oldu, istər adi insan öz rəhbərinə sadiq qalmalıdır. Xalqımız özünə şiə deyirsə gərək unutmasın ki, onun İmam Əli (ə) kimi imamı var və Onun (ə) həyatından ibrət almalıdır. İmam Əlinin (ə) həyatına baxdıqda isə bizə məlum olur ki, əslində dövlət başçısı yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərə sahib olduğu təqdirdə mümkün deyil məmur öz özbaşınalığına, zülmünə davam etsin. Əgər bu gün ölkəmizdə bu zülm, özbaşınalıq davam edirsə bundna ötrü ilk olaraq dövlət başçısı günahkardır. Çünki həmin məmurları təyin edərkən ədalətə və təqvaya riayət etməyib. Bunun da səbəbi çox aydındır. Çünki bu müqəddəs dəyərlər onda cəmlənməyib.
Source : Nur-az.com
Comment