0
Tuesday 6 June 2017 - 02:04

Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri saymaq olarmı (3-cü hissə)

Story Code : 643528
Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri saymaq olarmı (3-cü hissə)
Öncəki yazılarımızda da bildirdiyimiz kimi Heydər Əliyevi hazırkı rejim tərəfindən Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri kimi qələmə vermək heç bir standartlara uyğun deyil. Mövcud hakimiyyət öz mənəvi atasını özünün ulu öndəri hesab etməkdə sərbəstdir, amma bir xalqın adından çıxış edib onun əvəzindən ulu öndər təyin etmək haqsızlıqdır. Hakimiyyət isə özü üçün Heydər Əliyevi ulu öndər seçməkdə, ürəyi istədiyi qədər mədh etməkdə tam haqlıdır. Çünki məhz Heydər Əliyevin sayəsində hazırkı hakimiyyət, hakimiyyətdə təmsil edilən məmurlar gün üzü görməkdədirlər. İlham Əliyev də başda olmaqla bu hakimiyyət xalqdan yığıb taladıqları bütün sərvətə, şan-şöhrətə görə Heydər Əliyevə borcludur. Xalqa gəlincə isə xalq o zamanlar Heydər Əliyevin, indi də oğlu İlham Əliyevin zülmünə, haqsızlığına məruz qalıb.

Ulu öndərin, ümummilli liderin xələfi olmalıdır, sələfi yox!

Öncəki yazılarımızda da qeyd etmişdik ki, bir xalqın ulu öndəri, mənəvi atası, rəhbəri, ümummilli lideri olan insanlarda bu şah-şöhrətə layiq müəyyən kriteyalar olmalıdır. Məsələn, kimlərsə özündən öncəki zalım rəhbərləri devirib hakimiyyətə gəlib və gəlişiylə yeni düzən gətirib, rəhbərlik etdikləri xalqı ağ günə çıxarıblar. Yaxud kimlərsə yeni ideologiya və quruluş gətirib. Bu mənada tarixdə bu insanların vəzifələrinə baxdıqda görürük ki, onların vəzifələri təsis edilib və onlardan öncə bu vəzifəyə kimsə sahiblənməyib. Məsələn, əsrlər boyu Türkiyə və sair ərazilərində hökmranlıq edən Osmanlı imperiyasından sonra Türkiyədə Cümhuriyyət quruldu və ilk prezident olan Mustafa Kamal Atatürkün vəzifəsi təsis edildi. Tarixdə bu şəxsin tercümeyi-halına baxdıqda görürük ki, vəzifəsi təsis edilib və bu vəzifədə onun sələfi olmayıb. Ondan sonra gələn bütün prezidentlər onun xələfləri hesab edilib.
Və yaxud İran İslam Respublikasında İslam İnqilabı qələbə qazandıqdan sonra ölkəyə rəhbərliyi bir din alimi, müctəhid bir şəxs öz üzərinə götürüb. Əsrlərdir davam edən şahlıq rejimi, Pəhləvi imperiyası məhv edilib. Sovet imperiyasının qurucusu olan Lenin də Çar imperiyası əleyhinə alovlanan qiyamlara rəhbərlik etdikdən sonra Çar imperiyası taxtdan salınıb və yeni hakimiyyət meydana çıxıb.
Bu sətirlərə diqqət edin: adları sadalanan bu insanlar bu gün İran, türk, rus xalqlarının mənəvi liderləri və ulu öndərləri sayılır. Çünki hər biri fiziki, ideoloji inqilab edib və xalqa yeni quruluş gətiriblər. İran İslam Respublikasının banisi İmam Xomeyni öz xalqına İslam quruluşu təqdim edib. Mustafa Kamal Atatürk uzun illər Osmanlı sultanlarının əsarətində yaşayan türk xalqına demokratiya quruluşu, seçki vəd edib. Leninin başçılığı altında Rusiya ərazilərində yaşayan insanlar və imperiyaya daxil olan digər xalqlar yeni sistemlə - sosializmlə tanış olublar. Elə Azərbaycan ərazilərinin özündə belə Çar Rusiyasından sonra müstəqil-demokratik Azərbaycan dövləti yaranıb. O zamana qədər isə Azərbaycan əraziləri rus çarlarının müstəmləkəsi altında inləyib. Məhəmmədəmin Rəsulzadə və silahdaşları isə bu ölkəni, xalqı azad edib bu ərazilərdə dövlət təsis ediblər. Yəni, Çar imperiyasından sonra, imperiyalizmdən sonra bu torpaqlara milli şüur, millilik, doğmalıq, yeni demokratik, xalqa məxsus olan quruluş gətiriblər. Əgər, bu gün Türkiyə Cumhuriyyətini Demokratik dövlət adlandırırıqsa, unutmamalıyıq ki, ilk dəfə müsəlman şərqində demokratik quruluş da məhz Azərbaycan Demokratik Respublikası zamanında gəlib. O zamanlar bu dövləti təsis edən Milli Şura başda Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə olmaqla bu xalqın, ulu öndərləri hesab edilməlidirlər.

Heydər Əliyevdə bu kriteriyalar hansı biri var?

Bütün bunların müqabilində Heydər Əliyev bir ulu öndər olaraq nə edib? Nə yeni bir düşüncə və quruluş gətirməyib, nə inqilab edib zalım diktatoru devirib xalqa səadət bəxş etməyib, nə də tutduğu vəzifə yeni təsis edilməyib. Bir ulu öndərin, mənəvi liderin isə xələfi olmalıdır, sələfi yox. Heydər Əliyevin isə müstəqilliyimizdən öncə (SSRİ zamanında) tutduğu vəzifədə də sələfi (özündən əvvəl həmin vəzifədə qərar tutmuş şəxs) olub, ikinci dəfə müstəqillik əldə etdiyimiz zamanda da.
Məsələn, SSRİ zamanı Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 11-ci birinci katibi olub. Avtobioqrafiyasına nəzər saldıqda isə görürük ki, vəzifəsi təsis edilməyib, sələfi isə Vəli Axundov olub. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində işləyərkən isə sələfi Əkbər Əliyev olub. Vəzifəsi təsis edilməyib. Həyatı boyu tutduğu ən yüksək post olan Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığı zamanlarda isə bir daha qeyd etməliyik ki, vəzifəsi təsis edilməyib, sələfi isə Əbülfəs Elçibəy olub. Yəni o zamanlar artıq Azərbaycan Respublikası mövcud və müstəqil idi. Heydər Əliyev isə bu Respublikanın üçüncü prezidenti olub. Hətta, Milli Məclisin sədri olarkən belə onun sələfi (ondan əvvəl bu vəzifədə çalışan) İsa Qəmbər olub.
İndi bir anlıq fərz edin: Ayaz Mütəllibov uzun sürən mühacirətdən sonra Azərbaycana qayıdarkən ulu öndər hesab etdikləri Heydər Əliyevin heykəli, büstü önündə necə baş əyməlidir? Axı, Ayaz Mütəllibov bu ölkədə ilk prezident olub və o zamanlarda Heydər Əliyev sıradan bir vətəndaş idi. İsa Qəmbərin Heydər Əliyevdən qabaq Milli Məclisin sədri kimi xidmətləri olub, necə ola bilər özündən sonra həmin vəzifəyə gələn şəxsin heykəli önündə baş əyib onu ümummilli lider kimi tanısın. Bu haqsızlıq, bu qanunauyğunsuzluq indiyədək hansı ölkədə müşahidə edilib?

Ardı var
Source : Nur.az.com
Comment