0
Tuesday 4 July 2017 - 18:05

Namazgahı sökən kurorta, namaz qıldıran zindana gedir

Story Code : 650767
Namazgahı sökən kurorta, namaz qıldıran zindana gedir
Əslində Allahı qəzəbləndirməsəydi, deyərdim dağılmalı ölkədir Azərbaycan. Allah bizə yaxşı insanlara görə rəhm edib dağları başımıza çırpmır. Nə hikmətdirsə Allah bilir. İndi deyərsiniz ki, niyə ölkə, elə qoy dağılırsa məhkəmə, hakimiyyət, icra hakimiyyəti dağılsın da, ölkə, məscid, yazıq camaatın evi niyə dağılır. Məsələ burasındadır ki, elə həbs edən də, edilən də, dağıdılan da, dağıdan da – hamısını bu torpaq yetişdirib. Azərbaycanda məscid sökən də azərbaycanlıdır, həmin məscidin özü də bu torpağın məhsuludur. Masallıda həbs edilən Şeyx Sərdar (Allah qapısını açsın) da Masallıdandı, onu həbs edən hakim, iş istəyən dövlət ittihamçısı, şərləyən başçı da. Nəhayət bu zülmlərə susanlar da sözdə bu xalqın övladlarıdır. Burada erməniyə nə ehtiyac, özümüz erməni xislətliyik. Heç erməni öz xalqına bu zülmü etmir.
İşə bax ki, namazgah olan məscidi sökən Yasamal icra başçısı məscidi sökdüyü üçün kurorta gedir. Prezidentin göstərişinin əksinə addım atıb, amma müsahibəsində deyir heç bir işdə işləmək fikrim yoxdur, istirahət edəcəyəm. Amma digər tərəfdən namaz qıldırdığına görə Şeyx Sərdar 3 il zindanda qalmalı olacaq. Həqiqətdə Gülər Əhmədova və Nicat Əliyev (Allah qapısını açsın) hadisələri təkrarlanır. Gülər Əhmədovanın “Gülərqeyt” hadisəsi meydana çıxandan sonra 2-3 illə canını qurtara bildi. Çünki etdikləri “zibil” bir nəfərin deyil idi, bütün hakimiyyətin zibili idi. Amma Nicat Əliyev haqqı dediyi üçün 10 həbs edildi. Bundan əvvəl maşınla iki uşaq anasını öldürən qudurğan məmur balası da cərimə edilmiş, pul verdikdən sonra işi həll edilmişdi.
Biz bu cür alçaq, nadan, fırıdağçı, rüşvətxor, zalım bir rejimin zülmü altında inləyirik.
Şeyx Sərdarın həbsi rejimin yalanlarına aldanıb ruhaniləri “agent” olamqda suçlayan insanların ağzına möhür vurdu. İndiyədək rejim öz alçaqlığını ruhaninin cibinə narkotik atmaqla, xarici ölkələrə işləməkdə ittiham etməklə ört-basdır edirdi. “Xəzər TV”, “Müsavat” kimi bəzi mediya mənsubları da buna alət edilmişdi. Amma Şeyx Sərdarın həbsi göstərdi ki, heç kim bu rejimin zindanına düşməkdən sığortalanmayıb. Hətta, rejim əleyhinə heç bir söz işlətməyən, sadəcə namaz qıldığına və qıldırdığına görə də bu ölkədə insanlar həbs edilə bilər.
Artıq hamıya məlumdur ki, bu ölkədə sökülən ancaq müsəlman ibadətgahı, həbs edilən ancaq müsəlman ruhanisidir. Bu ölkədə bu qədər dini tolerantlıqdan, multikulturalizmdən yalandan, saxtakarcasına dəm vururlar, amma bütün hörmətləri, izzətləri xristian və yəhdunin, bir də İslam düşmənləri tərəfindən qondarılmış vahhabizmədir. Amma ölkədə xalqın böyük əksəriyyətinin mənsub olduğu şiə məzhəbinin məscidlərini sökür, ruhanilərini həbs edirlər.
Allah-Təala Şeyx Sərdarın timsalında bütün nahaqdan tutulan, Stalinin repressiyalarından daha betər olan YAP repressiyalarının qurbanı olan insanların qapısını açsın. Onların həm zindanın içində, həm də azadlıqda qorusun. Aminə ya Rəbbəl-Aləmin.
Source : Nur-az.com
Comment