0
Saturday 5 August 2017 - 16:22

Stalin və yazıq Qax camaatı

Story Code : 658785
Stalin və yazıq Qax camaatı
Sayt yazır ki, İlham Əliyev Qax rayonuna səfərə gedərkən bütün rayon boşaldılır. Deyilənə görə orada uşaq bağçasının və bayraq dirəyinin açılışı olacaqmış. Hətta dükanlar bağladılıb, küçələr boşaldılıb, maşınlar da gözə dəymir. (Bir gün də olsa bu rayonda qudurğan məmur balası neçə milyonluq maaşınla körpə uşaqlı ananı vura bilmirsə, buna görə prezidentə təşəkkür düşür) Yerli sakinlərin prezidenti görməsinə icazə zad da yoxdur. Azadlıq.info xəbər portalına rayonun icra hakimiyyətinin mədəniyyət şöbəsindən deyilib ki, şəkili bir ekstrasensin dediyinə görə rayonda bir nəfər var neqativ enerjilidir, o prezidenti görsə cənab prezidentə göz-nəzər dəyər. (Burada icra hakimiyyəti işçilərinə təklif verirəm ki, bayraq dirəyinə bayraq əvəzinə gözmuncuğu assınlar)
Mən başa düşmədim, əgər camaatı yaxına buraxmırlarsa uşaq bağçasının və dirəyin açılışı zamanı cənab prezidenti kim alqışlayacaq. Lenti, qayçını ona kim təqdim edəcək.
Camaatın komendant saatı (hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsinə deyərlər) kimi küçələrə buraxılmaması üçün yaxşı variant tapılıb. Bu neqativ adamın kimliyini araşdırıb məlum etmək və ancaq onu hadisə yerindən uzaqlaşdırmaq mümkün olmadığı üçün bütün insanların ora gəlişini qadağan edilib. Bu eyniylə bir həşəratın ziyan verməsindən amanda qalmaq üçün həmin həşəratın naməlum olması səbəbindən bütün həşəratların soyqırım edilməsinə bənzəyir. Üstəlik biz müharibə şəraitində yaşadığımız üçün kəndlərin, şəhərlərin necə və hansı şəraitdə boşaldılmasını yaxşı başa düşürük.
Biz zaman-zaman bəzi liderlərin adam arasına çıxmasının şahidi oluruq. Məsələn, Bəşar Əsəd bir də görürsən qısaqol köynək geyinib özü üçün Suriya küçələrində gəzir, bazara girir, parka gedir, camaatla, uşaqlarla, hərbçilərlə tez-tez görüşür. Başı bəlalı Saakaşvili də öz sevimli velosipedi ilə idman edərkən dəfələrlə velosipedi saxlayıb qara camaatla görüşür. Qucaqlaşır, o bunu, bu onu öpür. Hələ Allahın Ərdoğanı da adam arasına çıxıb arada-bərədə ata bir tərəfdən minib o biri tərəfindən başı üstə çırpılır, bununla da ora toplaşanlara gülüş bəxş edir. Elə İlham Əliyevin də adam arasına çıxmadığını iddia etmək olmaz. Onun da keçəlin başında yumurta sındırmaq kimi jestləri var. Amma bu vəziyyət tam olaraq anlaşılmaz qalır.
Mənə elə gəlir ki, bu iş məhz icra hakimiyyətinin işidir. Birincisi ekstrasens, yaxud icra hakimi – neqativ adam xəbərini verən hər kimsə - nə əcəb həmin adamı tapa bilməyib. İkincisi məgər indiyədək bu neqativ adamın görüşdüyü insanlar olmayıbmı, onlara nə üçün nəzər dəyməyib? Dəyibsə nə üçün xəbərlərdə məsələn "Qaxda əhaliyə bir-birinin ardınca nəzər dəyir" başlıqlı xəbərlər dərc edilməyib. Əgər dərc edilibsə nə əcəb bu cür təhlükəli yerə cənab prezident səfər edir? Bütün bunları araşdırmaq DTX-nin əməkdaşlarının, bir də jurnalistlərin işidir. Təbii ki ürəkli jurnalistlərin. Amma icra hakimiyyətinin fırıldağı olması ehtimal edilən variantdır. Çünki o çox gözəl bilir ki, indiki şəraitdə məmurlar, icra başçıları çox danlanır, işdən qovulur, sonra özlərini, balalarını prezident üçün qurban kəsirlər. Belə olan halda bütöv bir camaatı prezidentə qurban vermək daha münasibdir. Buna baxmayarq məsələ yenə də qaranlıqdır. Çünki böyük ehtimalla (təcrübələr göstərir ki) prezident indiyədək hansı məntəqəyə səfər edibsə Novruz bayramına oxşar bir səhnə düzəldiblər. Çünki bizdə böyük adamlarla görüş sadə və mütəvazö, bir az da səmimi şəkildə keçmir. Mütləq bir ssenari yazan, mahnı bəstələyən, aktyorluq, drijorluq edən adamlar tapılır, (Allaha şükürlər olsun ki, yaltaq yoxdur bizim ölkədə) qabaqcadan təyinatlandırılır, kimin hansı şeiri oxuması, hansı nağılı kimin danışması qabaqcadan müəyyənləşdirilir. Daha sonra konsert, teatr (hər nə istəsəniz deyə bilərsiniz) baş tutur.
Bu yerdə ekstranses mənim yadıma Stalini saldı. Deyirlər bir dəfə Stalinin köməkçisi gəlib ona bir nəfər ekstrasensin onunla görüşmək istədiyini deyir. Köməkçi deyir ki, ekstrasens uzaqgörən olduğunu iddia edir. Stalin isə deyir ki, güllələyin getsin, o uzaqgörən olsaydı bura gəlməzdi. Bəli, əlavə şərhə ehtiyac yoxdur. Qax camaatı heç də inciməsin, gedin oturun evinizdə Allahınıza şükür edin ki, Stalinin ölkəsində yaşamırsız. Yoxsa hamınızı Kür çayına tökərdilər.
Source : Nur.az.com
Comment