0
Wednesday 29 November 2017 - 21:11

Dünyanı rövnəqləndirən Rövnəq müəllimin iynəli sözləri

Story Code : 686622
Dünyanı rövnəqləndirən Rövnəq müəllimin iynəli sözləri
SOCAR və futbol federasiyasının prezidenti, deputat (bəs deputat heç bir yerdə işləməməli idi) Rövnəq Abdullayev dünyanı rövnəqləndirməyi kişi kimi qarşısına məqsəd qoyub. Adam əziyyət çəkir, Misirdən vurub Gürcüstandan çıxır.
Bir zamanlar müsahibə verərkən "Misirdə 4 ildir kəşfiyyatla məşğuluq" deyən Rövnəq müəllim, Gürcüstana səfər edərkən orada alovlu çıxış edib. Əlbəttə alovlu çıxış deyərkən onun mənalı, kəsərli nitqini, yaxud qulaq asanların gurultulu alqışlarını nəzərdə tutmuruq. "Avro 2020" haqqında "Avro iyirmi-iyirmi" deyən bir adamdan hansı elmi nitq, yaxud mənalı sözlər gözləmək olar. Adam iki kəlmə sözü ("2020 – ci ildə"ki iki dənə 20 rəqəmini) yan-yana qoyub danışa bilmir. Təsəvvür edin bu cahil insan gedib Grcüstanda belə deyir: "SOCAR təkcə Azərbaycanda deyil, qonşu və dost Gürcüstanda da elmin, təhsilin və idmanın inkişafına böyük önəm verir." Şirkəti xirtədəyə qədər borca, özü də alına qədər yalana batan bir insanın bu cür riyakarlığı təəccüblü deyil. Əlbəttə, o gedib Gürcüstandakı tələbələri, idmançıları aldada bilər. Təbii ki, Gürcüstandakı tələbə və idmançı heç də çörəyi qulağına yemir ki, durub hırla-zırı qanlayan Rövnəq Abdullayevə asanlıqla inansın.
Azərbaycanda isə nə təhsilin nə də idmanın səviyyəsi yuxarı deyil. Təhsilin səviyyəsini yoxlamaq üçün kifayət edər ki, paytaxtda (ona görə ki, paytaxt "adam arasına çıxmalı" yerdir) iki-üç məktəbə gedəsən. Orada şagirdlərin nə də müəllimlərin elmi səviyyəsi yuxarı deyil. Təhsil ocaqlarında rüşvətxorluq baş alıb gedir. Bir ölkənin müəlliməsi Rövnəq kimi insanların deputat seçildiyi seçkilərdə "karusel" əməliyyatları ilə məşğuldursa, yaxud bir qanayan yaraya dərman olmayan bir insan yenə də deputat seçilirsə burada hansı həqiqətdən danışmaq olar. İdmana gəldiksə isə adam AFFA-nın (Azərbaycan Futbol Federasiyası Assosasiyası) prezidentidir. Özü də 2008-ci ildən bəri. Bu on il ərzində Azərbaycan futboluna Rövnəq Abdullayev nə verib? Ancaq məğlubiyyət.
Bilirsiz niyə bu belədir? İndi deyim. Çünki bu həmin adamdır ki, Mirşahinə müsahibə verərkən deyirdi ki, Gürcüstanda 440 kilsəyə (erməni kilsəsi də bura daxildi), ibadət evinə, məscidə qaz veririk. Özü də pulsuz. Daha sonra Mirşahinin sözünə qüvvət olaraq deyir ki, biz bu işi Allah rizası üçün edirik. Yalansa Allah heç sizdən razı olmasın. Nardaran kəndini qazsız-işısız qoyanda da Allah rizası üçün bu işi edirsiniz? Belə də ki, doğrudn da sizin Allahınız var ki, onun rizası üçün iş də görəsiniz?
Buradan görünür ki, Rövnəq Abdullayev kimi insanlar Gürcüstan hökümətinə yaltaqlanmaq üçün onlarla olan əməkdaşlıqlarını möhkəmləndirirlər, amma öz ölkəsi neft ölkəsi olduğu halda xalqı acından qırılır. Bu, təbii ki, birinci hal deyil. Sonuncu dəfə də olmayacaq. Bilirsinizsə, Heydər Əliyev fondu Pakistanda qızlar üçün məktəblər açmışdı. İnternetdə axtarış aparsanız görərsiniz ki, qızlar məktəbində təhsil alan qızların hamısının başı örpəklidir. Həm də bu təbliğat o zaman aparılırdı ki, Azərbaycanda məktəblərdə hicab qadağası meydana çıxmışdı. Qız uşaqları müstəqil şəkildə, hicabla məktəbə gedə bilmədiyi halda Pakistanda qız məktəblərində hicab azad idi.
Bunun da mənbəyinin haradan qaynaqlandığı məlumdur. Çünki Rövnəq Abdullayev kimi məmurlar öz xalqını heç zaman sevməzlər. Həmçinin öz xalqının gözündə də bu cür insanların zərrə qədər də olsun dəyəri olmaz. Bu cür adamlar təyin edildiyi vəzifədə ancaq adam tapılmadığından təyin edilərlər. Bu cür insanlardan soruşamq gərək: Siz Azərbaycanı düzəltdiniz ki, gedib Misirdə kəşfiyyatla (Allah bilir nə kəşf edirlər orda) Gürcüstanda təhsilin, idmanın inkişafı ilə məşğulsunuz? Adama deyərlər əgər siz belə təhsilin halına yanansınızsa elə Azərbaycanda oxumağa şərait yaradın da. Nə üçün camaat ata-anasından uzaqda gedib Gürcüstanda təhsil alır. Utanmaz-utanmaz da deyir ki, onları məvaciblə təmin edirik. Elə o tələbənin xaricdə oxuması onu deməyə əsas verir ki, Azərbaycanda təhsilin səviyyəsi ən az Rövnəq Abdullayevin səviyyəsi qədərdir. Ona görə camaat xaricə qaçır. Əlbəttə bu tək dünyəvi sahədə deyil, dini sahədə də vəziyyət ürəkyandıran həddədir.
Çünki Rövnəq Abdullayev çox gözəl bilir ki, Azərbaycanda bir işə yaramırlar, özlərini elə göstərməyə çalışırlar ki, güya bunlar indi Misir, Gürcüstan kimi inkişaf etmiş ölkələrdə ciddi işlə məşğuldurlar. Görün Azərbaycan hər sahədə nə gündədir ki, kök atıb qalmış naziri, məmuru yerindən tərpətmək üçün onun işində əyriliklər "tapıb" çıxarırlar. Təbii ki, Azərbaycanda istənilən sahədə yeyinti, büdcəni dağıtmaq, xalqa yalan satmaq, oğurluq, rüşvət halları vardır. Amma bu hallar nədənsə məmuru tərpətmək zamanı meydana çıxır. İndi təsəvvür edin ki, Rövnəq Abdullayev də həmin məmurlardan biridir.
Əlbəttə indi SOCAR prezidenti özünü "aləmi bəzər, özü lüt gəzər" məsəlindəki iynə kimi hiss edir. Buna görə də öz ölkəsi acından qırılır, kəndləri, rayonları qazın, (rəhbərlik etdiyi) futbolçuları "qol"un, soydaşları neftin, seçiciləri Abdullayevin "gül üzünə" həsrət qaldıqları halda o erməni kilsələrinə "Allah rizası" üçün qaz verməklə ya da Misirdə Firon rizası üçün kəşfiyyatla məşğuldur. Seçici də zəhmət çəkib onu görmək üçün Misirə getsin.
Source : Nur.az.com
Comment