QR CodeQR Code

BMT nə vaxtdan İranın türkdilli məntəqələrini Azərbaycanın bir hissəsi bilir?

Nur.az.com , 29 Dec 2017 12:20

Islamtimes - İsrailin qondarılmasına birbaşa qərar verən, erməniləri yerində oturda bilməyən BMT-ni şəxsən Hüseynbala kişi hüquq adlandırır.


ABŞ prezidenti Tramp Qüdsü qondarma İsrail üçün paytaxt eləmək istədi. Amma BMT 70 yaşlı qoca tülkünün bu sarsaq qərarını rədd elədi. Bu barədə yazıb-pozan, yıxıb-sürüyən adamlardan biri də "Yeni Müsavat"ın yazarı Hüseynbala Səlimovdur.
Ümumiyyətlə başlığında "müsəlman", İslam", "dindar", "ruhani" sözləri olan məqalələri, xəbərləri xüsusilə oxuyuram. Onun son yazısının başlığında "müsəlman" sözü olduğu üçün marağımı çəkdi. Həm də "Müsavat" qəzetində ateist-deistlə çiyin-çiyin çalışdığı üçün məhz Hüseynbala Səlimovun da dini baxışları maraqsız ötüşmədi.
Yazar Trampın qərarının müsəlman dövlətləri, avropa ölkələri, xüsusən də BMT tərəfindən rədd edilməsi barədə yazıb. Amma diqqətimi daha çox çəkən bir məsələ var. Müəllif yazır: "Düşünürük ki, Azərbaycan BMT-nin qərarlarını və beynəlxalq hüququ dəstəkləməli idi, çünki BMT heçdirsə, hüquq-filan yoxdursa, bu, o demək olardı ki, məsələn, BMT TŞ-nın Qarabağla bağlı qəbul etdiyi dörd qətnamə də heçdir!"
Hüseynbala Səlimovla o mənada razılaşmaq adilanə olar ki, bəli, Qüdsün İsrailə heç bir aidiyyatı yoxdur və Trampın qərarı ayaqlar altına atılmağa layiq qərardır. Amma ona görə yox ki, BMT bu qərarı dəstəkləmədi. Şəxsən BMT-nin çıxardığı qərarların da heç bir dəyəri yoxdur. Dəfələrlə orada çıxış edən dünya liderləri özlərinə xas bir jestlə BMT qətnamələrinin, qərarlarının dəyərsiz olmalarını bildirmişlər. De gəl ki, müəllif elə danışır ki, sanki BMT olmasaydı, onun Qarabağın ermənilər tərəfindən qeydsiz-şərtsiz boşaldılmasını tələb edən dörd qətnaməsi olmasaydı Qarabağ erməni torpağı sayılacaqdı. Çünki özü deyir ki "çünki BMT heçdirsə hüquq-filan yoxdursa, bu, o deməkdir ki, məsələn, BMT TŞ-nın Qarabağla bağlı qəbul etdiyi dörd qətnamə heçdir." Müəllif məqaləsindəki "Azərbaycan BMT-nin qərarlarını və beynəlxalq hüququ dəstəkləməli idi" cümləsində dəyişiklik etməlidir. Cümlə əslində belə olmalıdır: "Azərbaycan BMT-nin haqqa, həqiqətə söykənən qərarlarını dəstəkləməlidir." Belə olan halda isə haqqa, həqiqətə söykənənin nə olduğu, kim olduğu önəmli deyil. Əsas odur ki, haqqa, həqiqətə, ədalətə söykənir. Deməli, əslində Azərbaycan bununla haqqı, həqiqəti, ədaləti dəstəkləyir. Amma Hüseynbala Səlimovun cümləsindən belə çıxır ki, BMT səhv qərar da versə, Azərbaycan bunu dəstəkləməlidir. Zatən BMT bu mövzuda haqqın tərəfindədirsə (yəni Qarabağı Azərbaycanın ərazibütövlüyü hesab edirsə) doğru qərar verdiyi məlum olur, nəinki o belə bir qərar verdiyi üçün Qarabağ Azərbaycan torpağıdır. Çünki BMT dünən də - ötən gün də təsis edildiyi halda, Qarabağ əzəli Azərbaycan torpağıdır.
Amma Hüseynbala Səlimov yaddan çıxarır ki, "hüquq körpüsü", "ədalət çırağı" hesab etdiyi BMT-nin özü İsrailin qondarılmasına səbəb olan ilk və başlıca amildir. "BMT-nin səhv qərarı" deyərkən bunu nəzərdə tuturduq. Bu gün İsrailin kağız üzərində mövcudluğu, fələstinlilərə qan uddurması, Qüdsə tamah salması, İran və digər müsəlman ölkələrini hədələməsi – bütün bunlar BMT-nin "zibilləridir". Bundan əlavə BMT necə hüquq mərkəzi hesab edilir ki, dörd qətnamə çıxarmasına baxmayaraq bunu tətbiq edə bilmir.
Hüseynbala Səlimov çox ədalətsiz mühakimə yürüdür. Baxın, onun bəyənmədiyi İran rəhbərliyi dəfələrlə bildirib ki, Qarabağ müsəlman torpağıdır və orada ölənlər şəhiddir. Müəllif və onun düşüncəsində olan insanlar isə deyir ki, yox, İran bunu sözdə deyir, amma əməldə göstərmir. Buna görə də onlar – başda Hüseynbala Səlimov olmaqla – İranı ədalətsiz dövlət hesab edirlər. Amma İsrailin qondarılmasına birbaşa qərar verən, erməniləri yerində oturda bilməyən BMT-ni şəxsən Hüseynbala kişi hüquq adlandırır.

Bundan başqa, onu da qeyd edək ki, müəllif yazmağa mövzu tapmayanda separatçılıqla məşğul olub İran türklərini necə qızışdırmağın yollarını axtarır və bu haqda yazı yazır. O ağlınca düşünür ki, bir yol tapıb iranlı türkləri, azəri dilli vətəndaşları hökümət əleyhinə qaldırmaq lazımdır. İndi sual çıxır ortaya: məgər BMT Ərdəbil, Təbriz, Zəncan və s. türkdilli məntəqələri nə vaxtdan Azərbaycan Respublikasının bir hissəsi hesab edir? O, belə bir qərar vermirsə, BMT-nin qərarlarıyla nəfəs alanda, onun qətnamələrindən ilhamlanan və bu qətnamələri beynəlxalq hüquq üçün meyar hesab edən Hüseynbala Səlimov nə üçün separatizmlə məşğul olur?

Yeri gəlmişkən bu yaxınlarda İlham Əliyev ailəsiylə birlikdə BMT-də olub və orada kürsüyə dəvət edilib. Çıxışı isə demək olar ki, çoxlarını təəccübləndirib. Çünki o BMT-dəki çıxışında Qarabağ məsələsini gündəmə gətirmək əvəzinə idmanın uğurlarından danışıb. Lap belə yaxşı edib BMT-ni ciddi hesab etməyib. Mən onun yerinə olsaydım cırtdanın divi necə suda boğması nağılını danışardım. Beləliklə də BMT anlayardı ki, o heç də ciddi təşkilat deyil.


Story Code: 693250

News Link :
https://www.islamtimes.org/az/article/693250/bmt-nə-vaxtdan-iranın-türkdilli-məntəqələrini-azərbaycanın-bir-hissəsi-bilir

Islam Times
  https://www.islamtimes.org