0
Sunday 14 January 2018 - 20:57

Xalid Kazımlının "xarici barmağı" Türkiyəni qarışdırdı, bəs İran?

Story Code : 697076
Xalid Kazımlının "xarici barmağı" Türkiyəni qarışdırdı, bəs İran?
İran hadisələri səngisə də "Azadlıq"- "Müsavat" cütlüyü səngimək bilmir. Dünən "Azadlıq"ın yazarı Xaliq Bahadırı susdurmağa çalışırdıq, indi də "Müsavat"ın Xalid Kazımlısı ortaya çıxıb. Nə qəribəlikdirsə bu insanların hər ikisi türkpərəst, Türkiyə sevən, İrana nifrət edən, ən əsas İslama qarşı insanlardır. Xalid Kazımlı ateistdir, bunu ondan müsahibə alan bir sayt yazmış, Kazımlı isə təkzib etməmişdi. Xaliq Bahadır isə İslam qanunları haqqında "qansız-amansız" ifadəsi işlədən, İslam peyğəmbərinin peyğəmbərliyini şübhə altına alan adamdır. (Sonuncu haqda saytımızda məqalə dərc edilib) Deməli, Xalid Kazımlını da "İslamı söyə bilməyib İranı söyənlər" silsiləsinə aid etmək olar.
Amma Allaha qurban olum, bu da Allahın hikmətindəndir ki, əvvəl Xaliq Bahadır, ondan sonra isə Xalid Kazımlı absurd danışıb özlərini biabır etdilər. Jurnalist olub obyektiv yanaşmadıqları, əksinə İrana qarşı qərəzli, Türkiyəyə münasibətdə yalaq olduqları üzə çıxdı. (Şəxsən mənim üçün Türkiyə də, İran da digər müsəlman ölkələri də əzizdir, din qardaşlarımdır, amma yalaqlıq, qərəzlilik kimə lazım?)
Xalid Kazımlı son olaraq ""Xarici barmaq" – reallıq və mif" başlıqlı yazısında reallıq hissini itirb mifə qoşulduğunu bir daha biruzə verib. Məlum yazısında güya xalqları etiraz edən dövlətlərin "xarici barmaq" axtardıqlarından danışıb, amma elə öz yazısında da "xaric barmaq"ın olduğu qətidir. Təəccüb doğuran məsələ bundan ibarətdir ki, "Müsavat" deyəsən kollektiv olaraq "xarici barmaq" məsələsinə etiqadlı deyil. Bundan qabaq Hüseynbala Səlimovla Zamin Hacı da ("Müsavat" yazarları) ABŞ, Avropa, İsrail kimi ölkələrin fitnəkarlığını inkar edib "xarici barmaq"ın olmadığını sübut etməyə çalışırdılar. Yenə də İranda baş verənlər Səudiyyədə baş versəydi, inanardıq ki, xalq etiraz edir. Çünki Səudiyyə dövləti birbaşa ABŞ-ın maşasıdır, ABŞ oranı niyə qarışdırsın ki? Amma İranda iğtişaşlar baş versin, bunda ABŞ barmağı axtarmayasan, yaxud bunu inkar edəsən – bu onu göstərir ki, sənin dünyadan xəbərin yoxdur.
Xalid Kazımlı məqaləsində özünü nəyi var biabır edib. Anlamıram bu zehniyyətdə olan insana o qəzetdə nə üçün qonarar verirlər? Halbuki bir abzası o biri abzasını təkzib edir.
Əvvəlcə yazır: "2016-cı ilin iyulunda Türkiyədə başladılan hərbi çevriliş xaricdən təşkil olunmuşdu, amma baş tutmadı." Daha sonra sözünə belə davam edir: "İrandakı son hadisələrdə isə nə qədər “xarici əl” axtarılsa da, ortada elə bir uzun barmaq görünmürdü. Ona görə ki, bu dövlət xarici kəşfiyyatların casuslarına qarşı həssas və qəddardır, varlıqlarına dözmür, tutduğunu asır. Birdən-birə İranda o boyda 5-ci kolon ortaya çıxa bilməzdi." (Birdən-birə niyə? Zaman-zaman gizli fəaliyyət göstərmək ABŞ-ın adətidir. İğtişaşçıların kasıbçılıqdan, işsizlikdən etiraz etdiyini düşünsək, məgər işsizlik, kasıbçılıq birdən-birə meydana çıxır? Xeyr, sadəcə etiraz edənlər sözü bir yerə qoyub bir tarix təyin edirlər. Qəddarlığa, tutduğunu asmaq məsələsinə gəldikdə isə Türkiyədəki o hadisələrdən sonra Ərdoğan və komandası ölüm hökmü qanununu çıxartmağı müzakirə etməyə başladılar. İranda isə elə əvvəllər də İslam qanununun tələblərinə görə ölümü haqq edənlər edam edilirdi)
Xalidin hər iki abzasını onun kimi mən də ardıcıl qeyd etdim. Türkiyədəki hadisələrin "xarici barmaq" olmasının dəlili nə imiş? Yazır: " Çünki təşkilatçılar köhnə stereotiplərlə hesablamalar aparmışdılar, hər şeyin əski zamanlarda olduğu kimi baş verəcəyini düşünmüş, xarizmatik liderin gücünü nəzərə almamışdılar."
Deməli, Türkiyə hadisələrindən sonra yeganə günahkar insan Fətulla Gülən çıxdı ki, indi onu "FETÖ terror təşkilatı adlandırırlar. FETÖ harda oturur? ABŞ-da. ABŞ kimdir? İranın bir nömrəli düşməni. İranda devrilən şahın varisi harada oturur? ABŞ-da. Xalid bəy özü çox gözəl bilir ki, şah ailəsinin ayağı o torpaqlara dəyən gündən ABŞ ümidlə yaşayır. Nə vaxtsa inqilab olar, şahzadə ora şah kimi qayıdar. Həmçinin uzaq başı Ərdoğanla sözləri düz gəlməz, ehtiyat namizəd kimi Fətullanı kirli pul kimi dövriyyəyə buraxarlar. Hətta bəziləri Azərbaycandakı iqtidara müxalif olan Rəsul Quliyevin də ABŞ tərəfindən ehtiyat fiqur olmasını qeyd edir. Çünki ABŞ-ın dostu olan xalq yoxdur, ABŞ dünya xalqları ilə "qoz-qoz" oynayır. Bunun müqabilində də bu qozu onun başında sındıran İslam dövləti var. ABŞ-ın isə bu dövləti görən gözü yoxdur.

Xalid Kazımlı Ərdoğanı xarizmatik lider hesab edib "xarizmatik liderin gücünü nəzərə almamışdılar" deyir. Adam yəni bilmir ki, bu xarizmatik lider dar ayaqda Ali Dini Lider Ayətullah Xameneiyə sığınır. Biz İraq Kürdüstanı olaylarında da bunu açıqca gördük. Xalid Kazımlı bilmir ki, Şərqin ağsaqqalı İran, İranın ağsaqqalı Ayətullah Xameneidir? Əslində İranda o biabırçılıqları törədən satqınlar Ali Dini Liderin nüfuzunu nəzərə almadılar. Anlamadılar ki, o insanın bir sözü bəs edər İranda.
Bir neçə gün öncə saytımızda Xaliq Bahadırın da buna oxşar fikrini tənqid etdik. O ermənilərə dövlətlərində yer verən Osmanlı haqqında "qəlbinin genişliyindən" deyir, İranı isə ermənilərə kömək etməkdə suçlayır. Xalid də Türkiyədəki olayları "xarici barmaq" adlandırır, amma İrandakını yox. İranda kasıb, işsiz, bahalıqdan əziyyət çəkən insan ola bilər. Amma məscidi yandıran, bayrağa od vuran, dini ocağı yandıranları necə "xarici barmaq" adlandırmayaq. Hələ illər öncə mərhum Türkiyə başbakanı Nəcməddin Ərbakan demişdi ki, imperializmin məqsədi Suriyanı, Türkiyəni, İranı aradan aparmaqdır. Sonra Suriyada qırğınlar baş verdi, Xalid ayılmadı, Türkiyədə hərbi çevriliş etmək istədilər, Xalid dedi "xarici barmaqdır", İranda qarışıqlıq yaratmaq istədilər Xalid bu barmağın varlığını inkar etdi. Halbuki mərhum Ərbakanın dövrünə baxanda indiki vəziyyətdə fitnəni daha tez ayırmaq olur. Xalid Kazımlı isə ayaqda uyuyur.
Source : Nur.az.com
Comment