QR CodeQR Code

10 mart mitinqi bu ölkədə ədalətsizliyin, saxtakarlığın legitimləşməyəcəyinin mesajı oldu

Nur-az.com , 11 Mar 2018 20:49

Islamtimes - 10 mart mitinqi bir daha xalqı, dövləti təmənnasız sevməyin nümunəsini ortaya qoydu.


Bugün növbəti dəfə talana və yalana “yox” deyildi. Əlbəttə, bütün mitinqlər kimi bu mitinq haqqında da çox söz deyiləcək, müxtəlif fikirlər meydana çıxacaq, mənfi və müsbət məqamlar qabardılacaq. Amma 10 mart mitinqinin birmənalı mesajları var idi və heç kim bunun əksini sübut edə bilməz.
Bir daha təsdiqləndi ki, bu ölkədə onminlərlə insanı bir məkana yığa biləcək yeganə bir qüvvə var. Rejimin bütün cib müxalifəti bir yerə yığılsa, real müxalifətə ağız büzən marginal dəstələr də onlara dəstək versə, nəticə Milli Şuranın mitinqlərinin 10 faizi olmayacaq. Bir daha deyirəm ki, bunun əksini sübut edənlər meydana buyura bilərlər. Hətta 700 mindən artıq üzvü olduğunu iddia edən YAP hökuməti təzyiq və məcburiyyət olmadan “Məhsul”a adam toplaya bilməz və belə bir nümunə yoxdur. Məhz bunun göstəricisidir ki, seçki günü məntəqələrdə “karusel”siz keçinə bilmirlər. Bugün “Məhsul”da keçirilən mitinq razılaşdırılmış olsa da, təzyiqlərdən, həbslərdən, telekanalların anti-təbliğatından, büdcə təşkilatlarında çalşanların məcburi işə çağırılmasından sonra baş tutdu. Yəni, asflat yola çıxsaq da, hər dəfə qarşımıza böyük daş parçaları yuvarlandı və nəticə bundan ibarətdir. Bütün maneələrə baxmayaraq minlərlə insan mənzil başına çatdı.
Amma 10 mart mitinqinin əsas mesajı insanların sayı ilə ölçümür. 10 mart mitinqi “bu ölkədə hamını kölə etmək mümkün deyil”, “bu ölkədə məhrumiyyətlər hesabına etiraz ocağını söndürmək mümkün deyil”, “bu ölkədə haqqı deyən dillərə kilid vurmaq mümkün olmayacaq” mesajını verdi.
10 mart mitinqi və bundan əvvəlki mitinqlər mənəvi kütləvilyin göstəricisi oldu. Hansısa səbəblərdən o meydana gələ bilməyən milyonlarla insan var idi. Amma milyonların istəyi, tələbi, arzusu bu mitinqdə ifadə olundu. Növbəti dəfə sübut olundu ki, öz həyatını risqə ataraq xalqın taleyi uğrunda mübarizə aparanlar var və bu adamlar heç vaxt “el üçün ağlayan göz kor olar” deyiminə təslim olmayacaqlar.
10 mart mitinqi bu ölkədə yaltaqlığın, saxtakarlığın, ədalətsizliyin heç vaxt legitimləşməyəcəyinin, dəyərə çevrilməyəcəyinin mesajını verdi.
10 mart mitinqi bir daha xalqı, dövləti təmənnasız sevməyin nümunəsini ortaya qoydu. Bu baxımdan bu silsilə mitinqləri qələbə mitinqləri də adlandırmaq olar. Bu, şərin mütləq hakimiyyətinə imkan verməmək, heç bir resursun olmadığı halda təslim olmamaq və dəyərlərə sahib çıxmaq andıdır.
Və nəhayət, 10 mart mitinqinin ümümxalq mesajı da var. Əgər bir qrup insan bütün çətinliklərə sinə gərərək izdihamlı bir mitinq keçirə bilirsə, deməli yüzminlərin prosesə qoşulması qələbəni qaçılmaz edəcək. Bir neçə adamın varlığı, mübarizəsi hökuməti qorxudursa, deməli yüzminlərin mübarizəsi ağ bayraqların qalxmasını zəruri edəcək. Sadəcə olaraq özünəinam, işıqlı gələcəyə inam, mübarizəyə inam lazımdır.

İlham Hüseyn


Story Code: 710782

News Link :
https://www.islamtimes.org/az/article/710782/10-mart-mitinqi-bu-ölkədə-ədalətsizliyin-saxtakarlığın-legitimləşməyəcəyinin-mesajı-oldu

Islam Times
  https://www.islamtimes.org