0
Thursday 5 April 2018 - 18:28

Azərbaycanda yerli SOSİAL ŞƏBƏKƏ - REALDIRMI?

Story Code : 715886
Azərbaycanda yerli SOSİAL ŞƏBƏKƏ - REALDIRMI?
Son zamanlar sosial şəbəkələrlə bağlı müəyyən problemlər yaranıb. Misal üçün, Facebook sosial şəbəkəsinin istifadəçilərinin məlumatlarından ABŞ prezidenti Donald Trampın seçki təbliğatından istifadə edilməsi barədə xəbərlər yayıldı. Nəzərə alsaq ki, İnstagram və Whatsapp da Facebbok-a bağlıdır, onda məlumatlarımızın 3-cü şəxsin əlinə düşməməsi barədə söylənilənlərin cəfəngiyyat olduğunu görərik. Bu deyilənlərə Messenger-dəki yazışmların üçüncü şəxsə verilməsi barədə Facebook-un bugünkü rəsmi etirafını da əlavə etsək, mənzərə tam aydın olar.

Rusiya Federasiyası Telegram rəhbərliyinə əməkdaşlıq üçün vaxt qoyub. Əməkdaşlıq isə hökumətə lazım olduğu anda hansısa istifadəçinin yazışmalarının təqdim edilməsini əhatə edir. Əks halda, Telegram Rusiya ərazisində blok ediləcək. Rusların Telegram-a alternativi də var: VK və OK.

Qonşu İranda da vəziyyət eynidir. 21 aprel tarixinədək Telegram qarşısında şərt qoyulub. Belə ki, ölkə daxilində ixtişaş yaratmaq üçün bəzi şəxslərin məhz bu mesencerdən istifadə etməsi ölkə rəhbərliyində narahatlıq yaradıb. İran da Rusiya kimi bəzi şəxslərin yazışmalarına istədikləri anda baxmaq icazəsi istəyirlər. Əks halda, İran da Telegramı bloklayacağını və öz mesencerini istifadəyə verəcəyini açıqlayıb.

Qonşu dövlətlərdə daha çox yerli sosial şəbəkələrdən istifadə etmə barədə dövlətin qərarı var. Ümumiyyətlə Azərbaycnda necə, yerli sosial şəbəkə yarana bilərmi? Bunun üçün resurs varmı?

FaktXeber.com məsələ ilə əlaqədar İT mütəxəssisi Əli Abbasovdan münasibət öyrənib.

Kompyuter mütəxəssisi bir neçə il öncə dövlət tərəfindən deyil, fərdi şəxslər, şirkətlər tərəfindən sosial şəbəkələr yaradıldığını və yaradıcılardan birinin də özü olduğunu bildirdi: "Sosial.az altında fəaliyyət göstərirdik. Bundan başqa da gənclər tərəfindən yaradılan saytlar var idi."

Əli Abbasov dövlətin yerli sosial şəbəkələrin yaradılması məsələsində maraqlı olmadığını düşündüyünü bildirdi: "Hesab edirəm ki, beynəlxalq şəbəkələrdə dövlətə qarşı təzyiq, propaqanda, təbliğat olsa, dövlət o sosial şəbəkələri Azərbaycan ərazisində bloklaya və yerli sosial şəbəkə yarada bilər."

Proqramçının sözlərinə görə, yerli sosial şəbəkə üçün dövlətdə yetəri qədər resurs, bu sahədə savadlı kadr mövcuddur.

İT mütəxəssisi bununla belə, yaxın gələcəkdə yerli sosial şəbəkənin yaradılacağını gözləmədiyini söylədi: "Hansı sosal şəbəkələr ki, hazırda ölkədə istifadə olunur, belə də davam edəcək."

Bəs yerli sosial şəbəkə olarsa, bu nə dərəcədə effekt verəcək?

Əli Abbasov belə bir halda televiziya, radio vasitəsilə reklam, təbliğatla, yaxud hər hansı bloklanmış beynəlxalq sosial şəbəkənin adını yazanda avtomatik yerli şəbəkəyə bağlanmaqla və sair yollarla yerli sosial şəbəkəyə kütlə cəlb eləməyin mümkün olduğunu bildirdi: "Amma bunun nə dərəcədə effektiv olacağını praktika göstərəcək. Çünki xarici sosial şəbəkələr beynəlxalqdır, dünyanın hər yerində olan insanlarla əlaqə yaratmaq mümkündür. Yerli sosial şəbəkə isə, ancaq azərbaycanlılarla məhdudlaşacaq. Bununla belə, ölkəmizdə sosial şəbəkədən istifadə edənlərin əksəriyyəti azərbaycanlılarla əlaqə yaradır. Ona görə, hardasa 70-80 faiz effekt əldə etmək mümkündür."

Sosial.az-ı dayandırmağınıza səbəb nə oldu? Maraq yox idi, yoxsa nəsə başqa problemdən qaynaqlandı?

İT mütəxəssisi yerli şəbəkənin dayandırılmasına səbəbin maliyyə olduğunu bildirdi: "Maraq var idi. 6 ay ərzində 50 min istifadəçi yığılmışdı. Amma məsələ maliyyəyə görə dayandı. Çünki bu cür resursların saxlanılması üçün server avadanlıqları baxımından maliyyə tələb olunur. Bundan başqa, yüksək ixtisaslı proqramçılar olmalıdır: Bu cür sosial şəbəkələrin strukturu, proqramlaşması möhkəm qurulmalıdır ki, problemlər çıxmasın. Bu maliyyə məndə olmadığına görə, dayandırmaq məcburiyyətində qaldım."
Source : faktxeber
Comment