0
Saturday 7 April 2018 - 16:16

Taleh Bağırzadə: “Baş verənlər insanlığın gözümüzün qarşısında qətl edilməsidir…”

Story Code : 716273
Taleh Bağırzadə: “Baş verənlər insanlığın gözümüzün qarşısında qətl edilməsidir…”
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə təşkilatın İdarə Heyətinin üzvü, polislərin Nardaranda altı nəfərin ölümünə səbəb olmuş əməliyyatı keçirdiyi evin sahibi, özü də aldığı güllə yaralarından hərəkət qabiliyyətini tamamilə itirmiş Əbülfəz Bünyadovla bağlı bəyanat yayıb. İlahiyyatçı iflic edilmiş Əbülfəz Bünyadovun son 15 gündə ən yaxın qohumlarını, bacılarını belə görməsinə, ona dava-dərman çatdırılmasına qoyulan qadağaları pisləyib və yataq xəstəsi olan adama qarşı bu cür davranışın insanlığa sığmadığını bildirib.

Taleh Bağırzadə saxlandığı Qobustan həbsxanasından yaydığı bəyanatda bildirir:

“Dəyərli soydaşlarım, bacı və qardaşlarım!

Son dövrlərdə ölkədə baş verənlər elə həddə çatıb ki, bu, artıq hakimiyyət hərisliyi, yaxud gücün nümayişi deyil, insanlığın gözümüzün qarşısında öldürülüb qətl edilməsidir. Mən Qobustan həbsxanasındayam , baş verənlərdən az xəbər tuta bilirəm. Amma bu az xəbər tutduqlarım da kifayət edir ki, hakimiyyətdə təmsil olunanların olan-qalan insanlığını da itirib, özlərini zillətə dücar etmək üçün əllərindən gələni etdiklərini düşünüm.

Bilirsiniz ki, Nardaran hadisələri zamanı yaralanmış, yaralı ola-ola işgəncələrə məruz qalan Əbülfəz Bünyadov indi də təzyiqə məruz qalır. Onu ev dustaqlığına buraxıblar, amma əslində, evini həm özünə, həm də yaxınlarına zindan ediblər. Bu hərəkətə nə ad vermək olar, mən bilmirəm, amma Allahın bu zülmü götürməyəcəyi kəsindir. Əbülfəz Bünyadovun baxılmağa, yaralarının sarğısının dəyişdirilməsinə , yataq xəstəsi olduğu üçün qayğıya və həkim nəzarətinə ehtiyacı olduğu halda, son yarım ayda onu bundan məhrum etmək, evə gələn həkimi belə, yanına buraxmamaq, sarğısını dəyişən qohumlarının bunu etməsinə icazə verməmək nədir? Əgər vicdanları tam ölməyibsə, bu sualın cavabını qoy bütün bunları edənlər özləri özlərinə versinlər.

Mən buradan ölkə daxilində fəaliyyət göstərən bütün hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət edərək xahiş edirəm ki, baş verənlərə təkçə bir hüquq müdafiəcisi kimi deyil, vicdanlı insan kimi də öz etiraz səslərini ucaltsınlar. Bizlər bu ölkədə insani rəftar, ədalətin bərqərar olması üçün yol aldıq. Əmin edirəm ki, Uca Allah bu qədər gözəl bir ölkəni cəhənnəmə çevirmişlərin cəzasını da məhz Haqq deyib yola çıxanların birliyi ilə verəcək”.
Source : Nur-az.com
Comment