0
Tuesday 31 July 2018 - 19:41

"Bizim Cəbiş müəllim" Novruz Məmmədov necə işə yarayır?

Story Code : 741557
"Bizim Cəbiş müəllim" Novruz Məmmədov necə işə yarayır?

Sayt yazır ki, bir kişi xanımının ondan boşanmaq istəməsinə etiraz olaraq özünü öldürmək məqsədilə körpüyə çıxıb. Bu anlarda 70 yaşlı baş nazirimiz Novruz Məmmədov həmin zonadan keçirmiş. Bir anlıq türk kinolarındakı mərhəmətli insanlar kimi öz maşınını saxlatdırıb və hadisə ilə maraqlanıb. Məlum olub ki, kişi öz xanımından boşanmaq istəməyib və intihara cəhd edib.

Əvvəla onu deyim ki, bir müddət əvvəl saytımızda yazı getmişdi. Yazıda bildirilmişdi ki, Gəncədə terrorçu, xain elan etdikləri insanları öldürmək əvəzinə zərərsizləşdirmək lazım idi. Çünki onların hansı ölkədən idarə olunduqlarını üzə çıxartmaq lazımdır. Bundan başqa əgər bu adamlar kənar qüvvələrin təsiri altına düşübsə onları doğru yola yönəltmək lazım idi. Buna görə də onların diri qalması şərtdir. Buna inanmayanlara Novruz Məmmədovdan sübut gəldi. Adam intihar edən şəxsi "öldürmədi", saytın yazdığına görə ona dərhal zəng vurub onu intihardan çəkindirdi. İndi onun nömrəsini hardan tapıb, adam intihar vaxtı telefonunu niyə cibinə qoyub – biz bu barədə bilmirik. Novruz Məmmədovun da əli-qolu müəyyən dairələri çatır. Görünür bəzi məmurlarımız öz əl-qolunu təkcə kreslodan möhkəm yapışmaq üçün istifadə etmirlər. Bizə nəticə laızmdır. Nəticə isə budur ki, Novruz Məmmədov bir kişini xilas edib.

Baş nazirin bu xəbərini eşidəndə "Bizim Cəbiş müəllim" yada düşür. Orada Namiq dostu Makedon üçün bulka, yağ almağa çalışır, amma vermirlər. Cəbiş müəllim araya girib məsələni həll edir. Namiq bunu Makedona deyəndə o da deyir ki, bizim Cəbiş müəllim də bir işə yarayarmış. Əlbəttə Cəbiş müəllim çox yararlı adamdır. Müharibə vaxtı nəinki tələbələrin savadlanmasıyla məşğul olur, bundan əlavə gözləri zəif gördüyü, müharibəyə yararsız olduğu halda hətta cəbhəyə, ən azından "hərbi hospitala" gedib xəstələrin altını təmizləməklə məşğul olmağa hazır olduğunu da oradakılara bildirir.

Bizim məmurlar isə nəinki öz vətəndaşının altını təmizləməyi, heç onu qəbul edib dərdi-sərini dinləməyə belə təhəmmül etmirlər. Elə Novruz Məmmədovun öz otağına iki ay bundan qabaq bir dəstə adam girib ondan görüş tələb edirdi. Amma normalda bizdə məmur vətəndaşa nifrət etdiyi üçün Novruz Məmmədovun da bundan istisna edilmədiyi ehtimal edilir.

Xalq isə göründüyü kimi məmur onun qulluğuna gələndə məmura qulaq asır. Yetər ki, məmur onun qulluğuna gəlsin. Bizdə isə hətta dövlət başçısı dəfələrlə məmurları xalqa xidmət etməyə dəvət etsə də məmurlar bu işi hələ ki, həyata keçirtməyə qərar verməyiblər. Məsələ əslində olduqca sadədir.

Baxın, burada Novruz Məmmədovun bəxti gətirib ki, adam siyasi bir məsələ üzündən intihara qalxışmayıb. Fərz edin – Allah göstərməsin – adam deyir ki, filan nazirdən, icra başçısından şikayətim var, Novruz Məmmədov bu işi bacara biləcəkdimi? Xalq məhz bu üzdən intihar edir. Novruz Məmmədov əlbəttə yaxşı iş görüb. Bizim məmurlar – elə Məmmədovun sələfləri də başda olmaqla – indiyədək xalqın xeyrinə bir işə yaramayıblar. Amma cənab Məmmədov bunu bacarıb. Ona məsləhət görərdik ki, öz potensialından maksimum həddə istifadə edib bütövlükdə xalqın qanayan yarasına dərman olsun. Bu xalq hələ ki, hökümətdən ağır bir şey istəməyib. Bu xalq hökümətə demir ki, gedin Qarabağı alıb bizə qaytarın. Bu xalq hökümətə demir ki, ailə biznesinizdən bizə də pay ayırın. Bu xalq hökümətə demir ki, 20 ildir zəbt etdiyiniz kreslolarınızdan durub cəhənnəm olun qoyun bizim balalarımız da gün görsün. Bu xalq ancaq adam kimi yaşamaq istəyir. Bu xalq şərlənmək istəmir. Bu xalq əxlaqsız şou-biznes görmək istəmir. Bu xalq məmurların dilənçi olub xalqın beş-on manatına göz tikməsini istəmir. Bu xalq artıq özündən keçib, balası üçün yaşayır. İstəyir balası oxuyub adam olsun, hərbiyə qaytımaq şərtiylə getsin, balası həbs edilməsin, əziyyət çəkib oxuyan balasına iş verilsin. Xalqın bundan başqa istəyi yoxdur. Bir sözlə, cənab Məmmədovun timsalında bütün məmurlara səslənib deyirik ki, xalqa qulaq assanız intihar etməz. Görürsünüzmü xalq sizə necə qulaq asır.
Source : Nur-az.com
Comment