QR CodeQR Code

"25 nəfər əli dəyənəkli üstümə düşdü"-Abbas Hüseyn zindandan yazır

vetenugrunda.az , 21 Jun 2020 17:53

İslamtimes - Müsəlman Birliyi Hərəkatının fəalı Abbas Hüseyn həbsxanadan məktub ünvanlayıb.



Vetenugrunda.az məktubu olduğu kimi təqdim edir:
"Əvvəlcə bunu qeyd etmək istəyirəm ki, biz həbsdə olsaq da, cinayətkar deyilik, ölkəni idarə edən sistemin cinayət və haqsızlıqlarına etiraz etdiyimizdən zindandayıq. Azadlıqda olanda gücümüz çatdığı qədər etiraz etdiyimiz kimi, bu gün də həqiqətləri dilə gətirib haqqı qorumaqla qaranlıqlara işıq saçmaq istəyirik.
Bütün dünyanı sarmış koronavirus bəlası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Pandemiyanın ölkəmizə təzə ayaq basdığı zamanlarda həbsxanalarda qoyulmuş qadağalar əvvəl müsbət qarşılanırdı. Güman etdik ki, bu məhdudiyyətlər bizim sağlamlığımız və təhlükəsizliyimiz üçündür. Lakin ilk 2-3 həftə ərzində diqqət etdik ki, həbsxanalarda insan həyatı II, III, IV sıralardadır.
23 cəzaçəkmə müəssisəsinin hər birində ən ümdə məsələ maddi maraqlardır, yaranan qorxulu vəziyyətdən istifadə etməkdir. Bu dediklərimin əsası var. İlk 1-2 həftədən sonra heç bir dezenfeksiya işləri görülmədi. Elə bu səbəbdən də, bəzi cəzaçəkmə müəssisələrində koronavirusa yoluxan məhbuslar oldu.
Mənim olduğum 8 saylı cəzaçəkmə müəssisəsində də koronaviruslu məhbuslar aprelin 4-ündə və mayın 11-də aşkarlandılar. Bu 3 ayda həbsxanadakı məsul şəxslərdən heç biri nə maska taxır, nə də məhbuslara maska paylayırlar. Bir dəfə vəkilimiz Fəxrəddin Mehdiyev də gələndə özü gördü ki, nəzarətçi maskadan istifadə etmədən yaxın məsafədən dustaq aparır.
Heç həbsxananın rəisləri belə maskadan istifadə etmirlər. İnanın ki, həbsxanalarda virusla mübarizə xəbərləri sadəcə imitasiya yaratmaqdan ibarətdir. Virusa qarşı normal addımlar atılmır.
Virus orqanizmi zəif, immuniteti aşağı olan kəsləri daha tez tutur. İllərdir ki, həbsxanalarda dustaqlara verilən yemək rasionu eynidir. Heç bir dəyişiklik yoxdur. Həmişəki kimi keyfiyyətsizdir, dustaqlar yemirlər. Verilən yeməkləri özləri də yaxşı görürlər.
Vəzifəli şəxslər deyirlər ki, bir dustaq üçün 15-25 manat pul ayrılır. İnanın Allaha, 60-70 qəpik istifadə olunsa, böyük şeydir. Bu sözləri mətbuatda yəqin ki, dəfələrlə eşitmisiz. Düşünmürlər ki, sərhəddən yük, ərzaq buraxılırsa, ölkənin bütün regionlarına ərzaq paylanılırsa, 23 həbsxana rəisinin 23 daxili bazarı işləyirsə, bəs nə səbəbə dustaqlara gələn sovqatlara qadağa qoyulur? Bu otuz min dustaq və onların ailələrinin haqlarının tapdalanması deyilmi?
İşə gələn nəzarətçi özü üçün çöldən üç cür (səhər, günorta, axşam) yemək gətirir. Belə çıxır ki, qoyulan qadağalar dustaqları qorumaq üçün deyil. Əslində dustaqları və onların yaxınlarını soymaqdır. Həm çöldəki, həm də həbsxanadakı insanlarda sual yaranır ki, pandemiya səbəbindən bir çox ölkədə doxsan min, yüz min dustaq azadlığıa buraxılırsa, bizdə niyə belə edilmir? Cavab budur ki, bizdə dustağı daşıyan maşına- "varanok"-a inkasator kimi baxırlar.
Maşının içindəkinə insan yox, "pul" gözüylə baxırlar. Çünki ən kasıbı 1 manat, imkanlısı 50-200 manata qədər xərcləyir. Burda etdiyim təklif və etirazlara görə məni cəza olaraq, 3 həftə hamamdan, telefon zənglərindən məhrum etdilər. Telefon otağına çıxartdılar, lakin telefonla danışmayım deyə kabeli şəbəkədən ayırdılar. Bu formada vaxt qazanmağa çalışdılar.
Məndə qorxu yaratmaq üçün 20-25 dəyənəkli nəzarətçi üstümə göndərdilər, erməni kimi üstümə cumub kameramı dağıtdılar. 1 aya yaxındır ki, hətta pulsuz olan konvert üçün pul versəm də, mənə konvertlə məktub yola salmağa imkan verilmir. Kadrlar şöbəsinin işçisi qanunsuzluğu dili ilə etiraf edərək deyir ki, məktubların hamısını rəis oxuyur.
Kameraya basqın edib dağıtdıqları zaman bəzi əşyalarım yoxa çıxıb. Ümumiyyətlə burda mənim sağlamlığım və həyatım təhlükə altındadır. Etdiyimiz etirazlara görə 2 dəfə dalbadal karsa salınmışam, rəis və polkovnik müavinləri məni ağzı üstə yerə yıxıb təhqir edib deyirlər, "burda sənə istədiyimizi istədiyimiz yolla edərik". Məni təhdid edib şantaj edirlər. İnsanları necə öldürüb adını intihar qoyurlar, ictimaiyyət dəfələrlə şahid olub.
Cəza yerlərində belə faciə görənlər də öz təhlükəsizliyi üçün səsini çıxartmır. Burada dustaqlar arasında intriqa yaradırlar. Bəzən ən adi şeylər üçün problem yaradıb dustaqları mənim əleyhimə qaldırmaq istəyirlər. Bəzi dustaqların əli ilə həyatıma təhlükə yaratmaq istəyirlər.
Allah şahiddir, edilən hər şey mənə qarşı təxribatdır. Hər gün fiziki işgəncədən betər psixioloji zərbələr alıram. Hər gün üst-başımı yoxlayırlar, ağızlarının tərbiyəsizliklərini edirlər. Dəfələrlə işçilərdən rəisə xəbər göndərmişəm, vecinə olmayıb. Elə bil təxribat planını özü cızır. "Zalımın zülmünə susmaq, məzluma zülmdür" əqidəsiylə bütün bunları sizə çatdırmaq mübarizəmin bir parçasıdır.
Bunların ədavəti təkcə pandemiya dövründən deyil, AŞPA məruzəçisi Sunna xanımın mənimlə görüşündən və 30 yanvar qətnaməsindən sonra başlayıb, daha da kəskinləşib.
Məhbusların hüquqlarını müdafiə edən komitələrdən, hüquq müdafiəçilərindən xahişim budur ki, 14 may saat 19:00-20:00 arası karsda baş verənlərə, 21 may 19:00-20:00 saatlarında olanlara korpusun, inzibati binanın həyətinin kameralarının videogörüntülərinə baxılmağı tələb edilsin.
Zorakılıqlarının səbəblərini açıqlasınlar. Əgər özləri düzdürlərsə, telefon zənglərimə niyə qadağa qoyduqlarına əsas gətirsinlər. Həmin video kadrlarda görəcəklər ki, Nardaran əməliyyatında olduğu kimi olduğum kameraya basqın edirlər, fərq odur ki,əllərində silahlarla yox dəyənəklərlə. Bunlar bizləri tapdalayıb zülm etsələr də, biz də bunları Allahın izni ilə rüsvay edəcəyik.
Doktor Şəriəti deyir ki, bir zalımı məhv edə bilmirsənsə, ən azı ifşa et. Özlərinə demişəm burda sizə davranış və tərbiyə qaydalarını öyrətmək mənlik deyil, lakin cəmiyyət ediyiniz zülmləri öyrənəcək. Həbsxana rəislərinin yaxınlarına və övladlarına insanları tapdalamaqla haram yedirdiklərini biləcəklər.
Sonda ölkənin azad fikir sahiblərindən xahiş edirəm ki, 30 min insan haqqına görə pandemiya dövründə dustaqlar üçün niyə video konfrans şəklində görüş yaradılmır, bunu araşdırsınlar. Və qeyd edim ki, məni Qobustan həbsxanasından bura qeyri-qanuni formada gətiriblər. Məhkəmənin qərarı ilə mən həbsxana kolonunda olmalıyam, bura isə xüsusi rejimli kolondur.
Bəlkə məni gözlərdən, tanıdığım insanlardan uzaqlaşdırmaqla hansısa oyun qurub hadisəyə təhrik etmək istəyəcəklər, həyatıma təhlükə yaradıb intiqam alacaqlar.
Abbas Hüseyn
8 saylı Cəzaçəkmə Müəssisəsi"
 


Story Code: 869979

News Link :
https://www.islamtimes.org/az/article/869979/25-nəfər-əli-dəyənəkli-üstümə-düşdü-abbas-hüseyn-zindandan-yazır

Islam Times
  https://www.islamtimes.org