0
Friday 12 August 2011 - 16:54

Avropanın mərkəzində oyanış dalğası

Story Code : 91292
Avropanın mərkəzində oyanış dalğası
Avropanın mərkəzində oyanış dalğası
Bu gün Britaniya deyəndə oda çəkilmiş, qana bələnmiş bir ölkə təsəvvürə gəlir. Artıq etiraz dalğası Londonun hüdudlarını aşaraq, Birmingham, Liverpul, Bristol, Mançester, Lidz, Notinqham şəhərlərini əhatə edib.

29 yaşlı qaradərili Mark Duqan İngiltərə polisinin odlu silahdan açdığı atəş nəticəsində həlak oldu. Bu qətldən qısa bir müddət sonra xalqın qəzəb alovu cəmiyyəti bürüdü. Yaranmış vəziyyət, vətəndaşların dövlətə yönəlmiş hiddəti Devid Kameron dövlətinin sütunlarını laxladıb. Etirazların davamında son günlər vəziyyət daha da gərginləşib. İstirahət məzuniyyətində olan Kameron İtaliyadan təcili qayıdıb və ölkədə etirazları cilovlamaq üçün polislərin sayını 10 min nəfər artırmaq barədə göstəriş verib. Artıq Londonda 16 min polis növbədədir. Kameron eyni zamanda ölkənin siyasi və təhlükəsizlik üzrə məsullarından ibarət Kobra adlı fövqəladə komitə təşkil edib. Hakimiyyət etiraz aksiyalarına son qoymaq üçün yol axtarır.

Ötən günlərdə İngiltərə polisi tərəfindən yüzlərlə nümayişçi həbs edilib. “Times” qəzeti yazır ki, London həbsxanalarında böyük sıxlıq yaranıb. London polisinin amansızlığı
nümayişçilərin qətlinə qədər güclənib. Londonun Kridon məhəlləsində 26 yaşlı gənc polis tərəfindən qətlə yetirilib.

Ölkədəki gərginlik futbol yarışlarına da təsirsiz ötüşməyib. Birinci liqada nəzərdə tutulan oyunlarla yanaşı İngiltərə-Hollandiya yoldaşlıq görüşü də təxirə salınıb.

Hadisələrlə bağlı siyasi analitiklərin rəyinə görə son günlərdə etiraz aksiyaları zamanı şəhərdəki müxtəlif binalara dəyən zərər 900 milyon funtu aşıb. Bu isə təxminən 1, 5 milyard dollar deməkdir.

Bu arada İngiltərə dövləti və güc nazirləri iddia edirlər ki, ölkədə gərginlik yaradan cinayətkar qruplardır. Guya nümayişçilər narkomanlardan ibarətdir. İngiltərə baş nazirinin müavini Nik Kleq bazar ertəsi günü Notinqham şəhəri ilə tanış olduqdan sonra deyib: “Bu etirazlar vəhşilik və qarət üçün fürsət axtarmaqdan başqa bir şey deyil!”

Maraqlı burasıdır ki, İngiltərənin bəzi qəzetləri, o cümlədən “Guardian” və “İndipendent” ölkədə baş verənləri Liviya diktatoru Müəmmər Qəzzafinin ayağına yazırlar. Onlar London və başqa şəhərlərdə baş verən hadisələrdə Qəzzafini ittiham edirlər. Onlar deyirlər ki, London Liviyaya qarşı Alyansın əməliyyatlarında
iştirak etdiyi üçün Qəzzafi bu ölkədən intiqam alır.

İngiltərədə baş verən son hadisələri dəqiq araşdırdıqda aydın olur ki, yuxarıdakı təhlillər xalqın əsil problemlərini ört-bastır etmək məqsədi daşıyır. Bəs etirazların əsas səbəbi nədir?

1. Heç şübhəsiz İngiltərənin müxtəlif şəhərlərində baş verən etiraz aksiyalarının əsas səbəbi xalqın dözülməz iqtisadi durumudur. Mütəxəssislər belə hesab edirlər ki, Kameron dövləti xalqın ərzaq boxçasını elə bir vəziyyətə salıb ki, vəziyyət dözülməz olub. Kameronun iqtisadi siyasətinə görə təhsil haqqı artırılıb, hətta bəzi universitetlərdə bu rəqəm üç dəfə böyüyüb. Başqa bir tərəfdən universitetlərin büdcəsi azaldılıb. Ölkədə vergilər vətəndaşların imkanlarından qat-qat artıq səviyyəyə yüksəlib.

Vergilərin, təhsil haqqının artırılması ilə eyni zamanda dövlət sosial yardımları azaldıb. Mütəxəssislər belə hesab edir ki, xalqın boğazından kəsilən böyük məbləğ xaricdə təcavüzkar müharibələrə sərf olunur. Bu gün xalqın əsas etirazlarından biri bu məsələ ilə bağlıdır.

Britaniya cəmiyyətində işsizlik və infilyasiya elə bir həddə çatıb ki, hələ bir müddət
öncə mütəxəssislər növbəti böhranla bağlı xəbərdarlıq edib. Ölkəni bürümüş yoxsulluq təbəqələr arasındakı uçurumu daha da dərinləşdirib, narazıların sayını artırıb.

2. Amma belə görünür ki, iqtisadi problemlərdən də öndə irqi ayrıseçkilik və təbəqələr arası ziddiyyət təsirli olub.

Artıq London və başqa şəhərlərdə yaşayanların böyük əksəriyyəti özünü “ikinci növ vətəndaş” adlandırır.

Özünü bəşər hüquqlarının müdafiəçisi kimi göstərən London mühacirlər və qaradərililərlə yanaşı əsil ingiltərəli yoxsulların hiddətinə tuş gəlib. Burada xatırladacağımız başqa bir nöqtə budur ki, İngiltərə dövləti tərəfindən irqçilik siyasəti qəbul edilib. Misal olaraq qeyd edə bilərik ki, son bir neçə gündə polislə aksiyaçılar arasında qarşıdurmada ən böyük vəhşiliklərə əl atılıb. Ölkədəki hüquq-müdafiə təşkilatları irqi ayrıseçkilik faktının aşkar bir həqiqət olduğunu vurğulayır.

3. Yuxarıdakı iki amildən də mühümü ölkədə məhkəmə sisteminə inamsızlıqdır. Artıq İngiltərədə kimsə məhkəmələrin ədalətinə inanmır.

Əldə olunmuş məlumatlara əsasən,
xalqın əksəriyyəti məhkəmələrdə ədalətin icrasından ümidlərini üzüblər. Təbii ki, məhkəmə sistemi irqi ayrıseçkilik və təbəqə ziddiyyətlərinin bir hissəsini aradan qaldırsaydı, xalqın qəzəb alovu daşmazdı.

29 yaşlı qaradərilinin ingilis polisi tərəfindən qətlə yetirilməsi məhkəmə və güc strukturlarının biganəliyinə sübutdur. Polisin dinc aksiyaçılara qarşı odlu silahdan istifadəsi açıq aşkar qanunsuzluqdur.

Aydın məsələdir ki, yalnız qaradərili olduğu üçün bir insanın qətlə yetirilməsi və bu hadisəyə məhkəmə sisteminin biganəliyi hazırkı etirazlarda özül səbəblərdəndir.

4. İstənilən bir halda hazırda Britaniyanı bürümüş etiraz aksiyalarının əsas səbəbi iqtisadi problemləri kölgədə qoymuş irqi ayrıseçkilik və ədalətsizlikdir. Bu isə Qərb üsul-idarəsinin fundamental problemlərindəndir. Avropa kübar həyat tərzi, ciddi təbəqələşmə cəmiyyətin dözülməz ağrıları ilə müşayiət olunur. Baş verən hadisələr Liberal-Demokratiya və kapitalist iqtisadiyyatının günün tələblərinə cavab vermədiyini göstərir. Xalqın vəziyyəti hər gün pisləşməkdədir. Xalqın böyük bir hissəsi ağır iqtisadi durumdadır və ayrıseçkilikdən əziyyət
çəkir. Cəmiyyət hakimiyyət və mövcud rejimə inanmır.

Demokratiya, insan haqları, rifah, ədalət, azadlıq Avropa və Amerikada yalnız şüardan ibarətdir. Xalqlar şahiddirlər ki, onların istəkləri dövlətin siyasətlərində yer almır. Mövcud rejimlər cəmiyyətin istəklərini öz proqramlarında qətiyyən nəzərə almır. Hələ 3 il əvvəl qlobal iqtisadi böhran zamanı bir çox zahiri şüarların puç olduğu aydınlaşdı. Budur kapitalist cəmiyyətinin mahiyyəti.

Maraqlı nöqtələrdən biri budur ki, ABŞ və Qərb dövlətlərinin üsul-idarəsindəki problemlər BMT-nin simasında özünü daha bariz şəkildə göstərir. İnsan haqqlarının ən amansız şəkildə pozulması beynəlxalq təşkilat tərəfindən sükutla müşayiət edilir. Görəsən BMT öz təhlükəsizlik şurasının daimi üzvünə xəbərdarlıq edirmi? Londona insan haqqları üzrə komissiya göndərilibmi? Bu təşkilatın dünya ölkələrinə münasibətdə ikili siyasəti bir daha özünü təsdiqləyir. Artıq yaxın Şərq və Şimali Afrikada baş verən xalq hərəkatları “Mədəniyyət ocağı” hesab olunan Avropanın mərkəzini ağuşuna almaqdadır.

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Keyhan qəzeti
Comment