0
Sunday 24 April 2022 - 14:00
Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında barışığa nail ola biləcəkmi?

İlham Əliyev yeni vasitəçiliyə nikbindir - ŞƏRH

Story Code : 990817
İlham Əliyev yeni vasitəçiliyə nikbindir - ŞƏRH

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. 
Telefon danışığı əsnasında aprelin 6-da Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş qeyd olunub və əldə edilmiş razılaşmalara uyğun olaraq praktiki və nəticəyönümlü işin aparılmasının önəminə toxunulub.
Məlumatda qeyd olunur ki, İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması məqsədilə verdiyi dəstəyinə və bu məsələləri daim diqqətdə saxladığına görə Avropa İttifaqı Şurasının prezidentinə təşəkkürünü bildirib.
Dövlət başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-İrəvan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.
Şarl Mişel isə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.
Söhbət zamanı minaların təmizlənməsi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının Azərbaycana dəstək vermək niyyəti təqdir olunub.
Qeyd edək ki, Avropa İttifaqının Qarabağ məsələsinin nizamlanması daxil, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesində təşəbbüskarlığı öz əlinə keçirməyə çalışması Kremlin diqqətindən kənarda qalmayıb, ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan son günlər Moskvaya çağırılaraq ondan Brüssel danışıqları barədə izahat tələb olunub. Bildirilir ki, Rusiyanın maraqları təmin olmazsa, Azərbaycanla Ermənistan arasında sülh prosesi tormozlanacaq. 
Digər tərəfdən Paşinyanın ziddiyyətli bəyanatları və Qarabağ ermənilərinin razılığı olmadan hansısa heç bir sülh sazişi imzalamağa hazır olmayacağını bildirməsi onu deməyə əsas verir ki, proses birbaşa Rusiyanın nəzarətindədir. Ermənistanın baş nazirinin Moskvadan qayıdarkən bu açıqlamanı verməsi özü düşündürücü məqamdır. 
 
Source : Sahartv
Comment