0
Wednesday 2 September 2009 - 20:37

AZƏRBAYCANDA RÜŞVƏT ALMAYAN MƏMUR VARMI?

Story Code : 10985
AZƏRBAYCANDA RÜŞVƏT ALMAYAN MƏMUR VARMI?
Məlum olduğu kimi, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri Rauf Dadaşov, Vaqif Şahbazov və Şücaət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi gedir. Təqsirləndirilən şəxslər ötən məhkəmə iclaslarının birində İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə 350 min dollar rüşvət verdiklərini deyiblər. Qeyd edək ki, o vaxt bu nazirliyə Heydər Babayev başçılıq edib.
“Bizim yol” qəzeti isə Heydər Babayevə qarşı səsləndirilən rüşvət ittihamlarına keçmiş nazirin mövqeyini dərc edib. Heydər Babayev bildirib ki, məhkəmədə deyilənlər böhtandır: “Mən heç kimdən rüşvət almamışam və bu sözləri məhkəmədə deyənlər qələt eləyir”.
Maraqlıdır ki, Gədəbəy və Xətai rayonlarının icra başçılarının, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adı bu gün ölkədə gündəmdə olan ən iri mənzil fırıldağı ilə bağlı işdə - “GEN” MMC işində rüşvət qalmaqalında çəkilib. Yəqindir ki, onları da dindirsən, eynilə H.Babayev kimi “biz rüşvət almamışıq” deyə bu ittihamları rədd edəcəklər. Halbuki fakt budur - ölkədə rüşvət var və onu məmurlar alır. Hamı da buna əmindir.
Bunu sadə vətəndaşlar arasında keçirdiyimiz küçə sorğusu da təsdiqləyir. Respondentlərimizə bu sualla müraciət etdik: məmurların rüşvət almasına inanırsınızmı? Cavablarla siz də tanış olun.
Rafiq Əliyev (sahibkar): - Təsərrüfatım üçün kredit götürmək istəyirdim. 500 manat “şapka” istədilər. 35 min manat kredit üçün İqtisadi İnkişaf Nazirliyinə 1000 manat “şirinlik” vermişəm. Dedilər 1000 manat ver, kağızı, məktubu göndərək. 50 min kredit üçünsə 5 min “şirinlik” verməli olursan. Cəlilabad rayonunda narkotik alveri ilə məşğul olanlara kreditləri daha tez və asan verirlər.
Şadman Niftiyev (ticarətçi): - Məmurlar həmişə rüşvət alıblar, alacaqlar da. Onlar hansı pulla villa tikib, maşın alırlar? Onların uşaqları gündə bir maşın dəyişir. Hansı pullarla? Mən heç vaxt rüşvət verməmişəm. Bir dəfə məcburən 1500 manat, bir dəfə də 300 manat sahə müvəkkilinə vermişəm. Məcbur olduğumdan vermişəm, yoxsa işini aşırmaq olmur.
Salman Cabbarov (ev alqı-satqısı ilə məşğul olan makler): - Bir dənə arayışı pulsuz almaq olmur. Azərbaycanda hər yerdə rüşvət var. Məmurların da rüşvət almaması hətta gülünc görünə bilər. Çünki bura Azərbaycandır.
Emin Talıbov (tələbə): - Universitetdə imtahandan qiymət almaq üçün dekana 500 manat rüşvət verdim. Ona görə mən bizim məmurların rüşvət almasına artıq təəccüblənmirəm.
Gülnarə Əliyeva (müəllimə): - Azərbaycanda məmurun rüşvət almamasına inanmaq olmur. Çünki bu dəqiqə rüşvət ən aşağı instansiyadan tutmuş yüksək nazirliklərə qədər hər yerdə var.
Vüqar Hüseynzadə (iqtisadçı): - Bizimkilər rüşvətə “şirinlik” deyirlər. Elə bil ki, mənim hansısa məmura borcum var. Onların borcudur ki, mənə lazım olan torpağın sənədini pulsuz və problemsiz versinlər.
Əli Həşimli (təqaüdçü): - Mən məmurun rüşvət almasını özümə əlillik dərəcəsi alanda gördüm. Bu qırılmışlar məndən hər il pul istəyirlər ki, nə var, nə var əlilliyə görə dövlətdən 60 manat müavinət alacam. Bunlar soyğunçudur.
Günel Salmanzadə (evdar qadın): - Sözsüz ki, məmur özünü müdafiə edəcək. O, nə bilir ki, həmin məbləği yazıq vətəndaş canından çıxarıb verir. Belələri bu dünyada da olmasa, o dünyada mütləq cavablarını alacaqlar. İndi neyləyək ki, Azərbaycanda rüşvət qəbul olunmuş anlayışdır.
Faiq Süleymanov (hüquqşünas): - Azərbaycanda məmurların rüşvət almasına xalqın belə sakit yanaşması və haqlarını rüşvətlə alması bizi irəliyə aparmayacaq. Ona görədir ki, bütün beynəlxalq hesabatlarda adımız korrupsiya səviyyəsinə görə öndə gedir. Əgər bunu dövlət məmurları edirsə, onda şagirdindən 50 manat rüşvət alan sinif rəhbərinə nə deyək?!
Bax belə. Bunlar ölkəmizi xərçəng kimi bürümüş korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının əlindən zülm çəkən sadə vətəndaşların fikirləri idi. Maraqlıdır ki, heç kim Azərbaycanda məmurların rüşvət almadığını deyib onları müdafiə etməyə qalxmadı...
Source : Yeni Musavat
Comment