0
Saturday 3 October 2009 - 22:54

XALQI SOYAN MƏMURLAR

Story Code : 12591
XALQI SOYAN MƏMURLAR
Son həftələrdə daxili bazarda baş verən bahalaşmanın gömrükdə qeyri-rəsmi ödənişlərin artırılması ilə bağlı olduğunu yazmışıq. Yağdan tutmuş tikinti materiallarına qədər bütün sahələrdə qiymətlərin artması əhalinin onsuz da ağır olan güzəranını bir qədər də ağırlaşdırdı. Xatırladaq ki, Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında aparılan ekspert hesablamalarına əsasən, avqust ayında Azərbaycanda yaşayış minimumu adambaşına 130,16 manat təşkil edib.Hökumət isə bu göstəricini 84 manat hesablayıb. Əmək qabiliyyətli əhali üçün bu, 92, pensiyaçılar üçün 65, uşaqlar üçün 69 manatdır. Hökumətin bu kimi məsələlərdə hər zaman saxtalaşdırmaya meylli olması və bunu reallaşdırması faktdır. Lakin hər birimiz bazarlarda qiymətlərin od tutub yandığının şahidiyik və rəsmi rəqəmlərin saxta olduğunu xüsusi ekspert hesablamaları ilə tanış olmadan da bilmək mümkündür. Hökumət ölkədə dolanışıq imkanlarının minimum səviyyədə olmasını gizlətməyə çalışsa da, buna o qədər də müvəffəq ola bilmir. Rəsmi statistikaya görə, ilin birinci yarısında orta aylıq əməkhaqqı təxminən 300 manat, orta aylıq pensiya isə 100 manat civarında olub. Belə olan halda 4 nəfərlik ailənin normal yaşamaq imkanlarının hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Bu cür ailənin aylıq tələbatı təxminən 520 manat təşkil edir.
Belə bir vaxtda gömrükdə yeni qiymət tətbiqi daxili bazarda güclü bahalaşma yaradıb ki, bu da ciddi narazılıqlara səbəb olub. «Azadlıq» qəzetində isə gömrükdəki bahalaşma ilə bağlı maraqlı informasiya dərc edilib. Belə ki, qəzetə açıqlama verən sahibkarlar onlardan alınan pulla bağlı olduqca qəribə arqumentlə üzləşdiklərini bildiriblər: «Bizə deyirlər ki, rüşvət təbii fəlakətdən zərərçəkənlərə yardım edilməsi məqsədilə artırılıb(?!) Deyirlər ki, sizdən pulu özümüz üçün yığmırıq. Bu pullar bölgələrdə baş verən təbii fəlakətdən zərərçəkən ailələrə veriləcək. Bizə bildirirlər ki, bu, Kəmaləddin Heydərovun tapşırığıdır. Axı nə üçün bizim pulumuzla? Məgər dövlət yoxdur?» «Azadlıq» həmçinin xatırladır ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev olsa da, bu qurum fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir: «Görünür, elə buna görə gömrükçülər rüşvətin məbləğinin artırılması tapşırığının Kəmaləddin Heydərovdan gəldiyini bildiriblər. Həm də unutmaq lazım deyil ki, təbii fəlakətlər nəticəsində dəyən ziyanın aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinin vəzifəsidir. Deməli, Kəmaləddin Heydərov indi də sahibkarları soymaq üçün bu üsula əl atıb».
Qeyd edək ki, gömrükdə bahalaşma təbii fəlakətlərdən, yəni güclü leysan yağışları başlamazdan əvvəl baş verib. Ona görə də qeyd olunan arqument tam olaraq iflasa uğrayır desək, yanılmarıq.
Gömrükdəki qeyri-rəsmi ödənişlər və daxili bazarda yaranan bahalaşma son nəticədə vətəndaşın güzəranına mənfi təsir edir. Bundan heç bir məmur itirmir, əslində bir çoxları böyük qazanc əldə edir. Xalqı soyan həmin məmurların siyahısını bir daha dərc etməyi özümüzə borc bildik. Bunlardan ikisini artıq qeyd etdik: gömrük şefi və «fövqəlnazir». Bu gün sahibkarları ən çox narahat edən məsələlərdən biri də vergi sistemində olan qeyri-rəsmi ödənişlərin səviyyəsinin artmasıdır. Ölkəyə mal idxal edən sahibkarlar onlara tətbiq olunun gömrük rüsumları ilə bərabər, əlavə dəyər vergisinin (ƏDV) yüksək olmasından da narazılıq edirlər. Qeyd edək ki, bu gün ölkədə ƏDV dərəcəsi 18 faizdir. Qlobal maliyyə böhranı başlayandan sonra bəzi iqtisadçılar sahibkarlıq subyektlərinin ciddi zərər çəkməməsi üçün mənfəət vergisinin və ƏDV dərəcələrinin aşağı endirilməsini təklif etmişdi. Doğrudur, mənfəət vergisində müəyyən islahatlar aparıldı. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, vergi dərəcələrinin azaldılması qeyri-rəsmi ödənişlərin faizlərinin artmasına yol açıb. Deməli, bu proseslərdə vergi orqanları və gömrük qurumları əlbirdir.
Bunlardan əlavə, ölkədə müxtəlif sahələrin inhisarda olması süni qiymət artımlarına səbəb olan başlıca amillərdir. Bu sahələrdən biri də ekzotik meyvələrin idxalıdır ki, ona da prezidentin şəxsi mühafizəsinin rəhbəri general Bəylər Əyyubov nəzarət edir. Yaxın xarici ölkələrdə su qiymətinə satılan bananın Azərbaycanda real qiymətindən on dəfələrlə baha satıldığı dəfələrlə araşdırma mövzusu olub və danılmaz faktlarla təsdiqini tapıb. Generalın adı həmçinin tikinti malları bazarındakı monopoliyada da keçir. Bildirilir ki, Azərbaycana idxal edilən taxta məhsullarının bir hissəsi məhz B.Əyyubovun nəzarətindədir. Tikinti malları bazarında Allahşükür Paşazadənin də adı hallanır. Şeyxin xüsusilə taxta alverində payının olduğu bildirilir.
Nəqliyyat naziri Ziya Məmmədov daxili bazarda daş-qum inhisarçısı kimi tanınır. Rayonlardan tikintinin daha çox vüsət aldığı paytaxta daşınan daş və qumdan gələn gəlirin məhz nəqliyyat nazirinin cibinə getdiyi deyilir. Z.Məmmədovun adı xaricdən tikinti mallarının idxalında da hallanır. Burada həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da adı çəkilir. Təsadüfi deyil ki, daxildə tikinti malları istehsalı bu qədər zəifdir. Məhz bu cür yüksək çinli məmurların «xidməti» sayəsində Azərbaycan bazarı idxal məhsullarının ümidinə qalıb. Xaricdən olduqca ucuz qiymətə alınan mal və məhsullar gömrükdən «ucuz» qurtarıb daxili bazarda baha sırınır. Bütün bunlardan əldə edilən gəlirlər isə «kasıb» məmurlarımızın hesablarına axır.
Ərzağa nəzarət də eyni qaydada məmurlar arasında bölünüb. Söhbət etdiyimiz ekspertlər bildirirlər ki, ölkədə bütün sahələr kiçik bir qrupun inhisarındadır: «Onlardan başqa heç kim yoxdur. Baxın neçə-neçə iş adamımız var, xaricdə əl-qol açırlar, imkanları genişlənir, amma Azərbaycanda heç bir iş qura bilmirlər. Niyə? Çünki burada mafiya dövlətdir, şah qanundur».
Source : Yeni Müsavat
Comment