QR CodeQR Code

Livan vətəndaş müharibəsinə sürüklənir - Yenilənib

22 Jun 2012 21:23

IslamTimes - Son bir neçə gündə Livanda siyasi böhran güclənmişdir bəzilərinin nəzərincə bu ölkədə vətəndaş müharibəsinin başlaması mümkündür.


Livanda vətəndaş müharibəsi ilə bağlı nigarançılıqlar

Livanda durumu gərginləşdirən, tayfalar və məzhəblər arasındakı ziddiyyətlərin müxtəlif cərəyanlar tərəfindən gücləndirilməsidir. Orduya qarşı silahlı müqavimət ölkənin şimalından cənubuna doğru genişlənməkdədir.

Livanın şimalında, Nəhrül-Bard düşərgəsində asayişin pozulması cənubda Seyda şəhəri yaxınlığında Eynül-Həlvə düşərgəsinə uzanmaqdadır. Bəziləri ordunu düşərgədə yaşayan fələstinlilərlə qarşıdurmaya sürükləyir.

Enerji böhranı

Livan uzun illərdir ki, elektrik enerjisi sahəsində böhran yaşayır. Ölkədə bu ehtiyacı təmin edəcək qurğular yoxdur. Havaların istiləşdiyi bir zamanda elektrik enerjisinin 18-22 saat kəsilməsi dözülməz bir şərait yaradıb. Ölkədə böhranın əsas səbəblərindən biri budur. Livanda ictimai-siyasi durumun gərginləşməsi enerji sahəsinə də təsirini göstərmişdir. Ölkənin əksər nöqtələrində 4 gün ardıcıl elektrik enerjisinin kəsilməsi xalqın küçələrə axışması ilə nəticələnmişdir.

Yeniyetmələr müxtəlif məntəqələrdə küçələrdə avtomobil təkərlərini yandırmaqla küçələri bağlamış, bu vəziyyətə etiraz bildirmişlər. Etiraz dalğası yoxsul məntəqələrdə o qədər güclənib ki, ordu etirazçılarla qarşılaşmaqda aciz qalıb.

Livanın digər məntəqələrində, xüsusi ilə Beyrutun cənubunda şiələr sıx şəkildə məskunlaşıb. Onlar gündə cəmi 2 saat elektrik enerjisi ilə təmin olunur. Hansı ki, xristianlar və sünnilər yaşayan məntəqələrə dövlət idarələrini bəhanə etməklə 21-24 saat enerji verilir.

İki gün öncə bütün Livan qaranlığa qərq olub. Bu hadisəyə görə etirazçılar da ittiham olunur. Amma əsas səbəblərdən biri bəzi elektrik stansiyalarının qızma səbəbindən işləməməsi olub. Ordu dərhal küçələrə çıxıb, etirazçılar yollardan uzaqlaşdırılıb.

Hava limanına gedən yolun bağlanması

İmam Rzanın ziyarətindən qayıdan 11 livanlı ailənin Suriya qiyamçıları tərəfindən oğurlanması hadisəsindən bir ay ötür. Oğurlanan insanların yaxınları dövlət məsullarını bu mövzuya etinasızlıqda ittiham edərək Beyrutun hava limanı yolunu bağlamışlar. Yaranmış tıxac nəticəsində hava limanına gedib-gələnlər ağır yüklərini əl ilə daşımağa məcbur olmuşlar.

Fələstinlilərin düşərgələrində qarışıqlıq

Bütün nigaranedici hadisələrin kənarında ordu Nəhrül-Bard düşərgəsində fələstinlilərlə qarşıdurmaya getmişdir. Bu hadisə 2007-ci ildəki qarşıdurmanı yada salır. Həmin vaxt 400 nəfər qətlə yetirilmiş, minlərlə insan yaralanmışdır. Belə bir ehtimal var ki, ordunun fələstinlilərlə qarşıdurmaya cəlb olunması şimalda dövlətin nəzarətini zəiflətməkdir. Suriya hadisələri ilə əlaqədar həmin regionda ordunun nəzarətinə, tayfalar və məzhəblər arası qarşıdurmalara nızarətə ehtiyac var. Tripoli qarşıdurmalarında tərəflərdən biri Livanın Suriya ilə sərhədini şimaldan bağlayaraq, Suriya qiyamçılarına silah ötürülməsini mane olmağa çalışmışdır.

Nəhrül-Bard düşərgəsində bir neçə gün öncə 4 nəfərin öldürülməsindən sonra düşərgə sakinləri ayağa qalxmışdır. Yeniyetmələr bu hadisədə ordunu daşa basmışlar. Arada vəziyyətdən sui-istifadə edənlər bir hərbi maşını yandırmış və orduya atəş açmışdır. Nəticədə 3 əskər yaralanmışdır. Bu addım vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

Sonda ordu fələstinliləri atəşə tutmuş, nəticədə 2 nəfər öldürülmüş, 20 nəfər yaralanmışdır. Düşərgədəki sələfi cərəyanlar gərginliyi o biri düşərgələrə ötürməyə çalışır. Hədəf Eynül-Həlvə düşərgəsidir və bu düşərgədə oxşar hadisələr baş vermişdir. Nəticədə bir fələstinli həlak olmuşdur.

Sələfi Şeyxi və Cənubda fitnəkarlıq alovu


Seyda yaxınlığında sələfilərin təxribatçı rəhbərlərindən olan Şeyx Əhməd əl-Əsir Suriya müxalifətinin müdafiəsi məqsədi ilə şəhərdə aksiya keçirmişdir. Bu aksiya böhranın güclənməsinə səbəb olmuşdur. Aksiyada Suriya hakimiyyətinə müxalif sələfi cərəyanlar aktivlik göstərmiş, Bəşar Əsəd, onun qardaşı Mahir Əsəd, Rusiya prezidenti Vladimer Putin, Rusiya xarici işlər naziri Sergey Lavrovun şəkilləri yandırılmışdır.

Əl-Əsir bu aksiyada məzhəblər arası təfriqəni qızışdıran çıxışlar etmiş, Hizbullahı hədələmişdir. O Hizbullahın əlində olan silahların orduya verilməsini tələb etmişdir. Şimal sərhədlərində də Livana məxsus silahlı qruplaşmalar Suriya ordusunu atəşə tutmuşdur. Suriya ordusu cavab vermək məcburiyyətində qalmışdır.

Mahmud Abbasın faydasız vasitəçiliyi


Zahirən qeyd olunan qarşıdurmalarda silahlı qruplaşmalar itki verməyib. Suriya Təhlükəsizlik Qüvvələri xəbər verir ki, hər gün Livan ərazisindən Suriya ordusunun mövqeləri atəşə tutulur.

Livan ordusu ilə Fələstin düşərgəsi arasında gərginlik artdığı bir vaxtda FAT başçısı Mahmud Abbas Livan prezidenti Mişel Süleymanla telefon əlaqəsi qurub. Son hadisələr müzakirə edilib. Livan ordusunun komandanı general İmad Qəhveci xəbərdarlıq edib ki, ordunu əsas işindən ayırmaq istəyənlər buna müvəffəq olmayacaq.

Öncədən planlaşdırılmış hadisələr

Fələstin düşərgələrində baş verən hadisələrdən sonra Livanın parlament sədri deyib: “Bir neçə həftə bundan öncə fələstinlilərin düşərgələrində qarışıqlıq yaranacağı ilə bağlı məlumatımız vardı.” Spiker mətbuatla söhbətində deyib ki, bu hadisələrdə ordu hədəf olub. Onun sözlərinə görə plan quranlar ordunu düşərgələrlə üzbəüz qoymaq istəyib. O əlavə edib ki, milli barışıq Livanda təhlükəni aradan qaldırmaq üçün ümidverici addımdır.

Spiker bunu da vurğulayıb ki, qarşıda duran vəzifələr ərazi bütövlüyünü qorumaq, strateji müdafiəyə nail olmaqdır və bunun Hizbullahın tərki-silah olunması ilə heç bir əlaqəsi yoxdur.

Xalqı yolları bağlamağa təşviq edən siyasətçilər

Livan Milli Azadlıq Hərəkatının rəhbəri Mişel Ovn bu barədə deyib: “Şimaldan cənubadək uzanan, Beyrutu ağuşuna alan son hadisələr təsadüfi görünmür. Bəzi daxili siyasi cərəyanların bu işdə iştirakı var. Onların məqsədi Livanda gərginlik yaratmaqdır. Biz ayıq olmalıyıq.” Hərəkat başçısı bildirib ki, yolların bağlanması enerji kəsildikdən sonra keçirilən aksiyalar siyasətçilərin təhriki ilə reallaşır.”

Hizbullah məsullarından biri Livan mətbuatına müsahibəsində deyib: “Amerika Livanda və Suriyada asayişin pozulmasından bəhrələnir və bu yolla müqavimət qüvvələrini hədəfə almağa çalışır. Maraqlıdır ki, belə hadisələr ABŞ məsullarının Livana səfərindən sonra baş verir.”

Əl-Qaidə bu ölkədə təşkilatlanır

Əl-Əxbar qəzeti bu barədə yazır: “Terrorçu Əl-Qaidə təşkilatından qüvvələrin cəlb olunması sürətlənir. Sələfi qrupları bir çox insanları təsir altına alıb. Əl-Qaidə Livan ordusu və Suriya qüvvələri ilə vuruşmaq üçün Eynül-Həlbə düşərgəsində təlim keçir.”

Qəzetin yazdığına görə orduya qarşı son əməliyyatların ardınca ehimal olunur ki, şimaldakı ordu qüvvələri sələfilər və Əl-Qaidəyə bağlı qüvvələr tərəfindən hücuma məruz qalacaq. Əl-Qaidəyə bağlı Fəthul-İslam sələfi qrupu Livandan Suriya ərazisinə terrorçu ötürməklə məşğuldur. Döyüşlər sünnə əhlinə yardım şuarı altında aparılır. Əslində isə ölkədə məzhəblər arasında qarşıdurma yaradılır.

Livan və Suriya ordusu ilə döyüşə gedənlər


Sələfi komandirləri hazırda Suriya ərazisində hərbi təlimlər keçir, hakimiyyət qüvvələri ilə vuruşur. Eynül-Həlbə düşərgəsindən Suriyada döyüşməyə gedənlər Livanla əlaqədədir və gediş-gəliş kəsilmir. Livandakı sələfi qruplar Əl-Qaidənin köməyi ilə təşkilatlanır. Livanın “Əl-Səfir” qəzeti Tripolidəki sələfilərin Livanın şimalında aktivləşdiyindən yazır. Bu qruplar Livanda Suriya əleyhinə təlim keçənlərə qoşulur. Suriyanın Qəsir və Zebdani məntəqələrində qarşıdurma gücləndikcə sıxışdırılan terrorçular Livanın şimalına qayıdır. Onlar bu ərazidən Suriyaya qarşı azad şəkildə istifadə edir.

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 173321

News Link :
https://www.islamtimes.org/az/fori_news/173321/livan-vətəndaş-müharibəsinə-sürüklənir-yenilənib

Islam Times
  https://www.islamtimes.org