0
Friday 23 August 2013 - 12:43

Milli Şura nə işlə məşğuldur?

Story Code : 295387
Milli Şura nə işlə məşğuldur?
Milli Şura nə işlə məşğuldur?
Hazırda gündəmdə nə qədər mövzu olsa da ən çox müzakirə olunan Milli Şura ətrafında cərəyan edən hadisələrdir. Zaman çox daralıb, vaxt demək olar ki, çox azdır, sayılı günlər də yox, sayılı dəqiqələr qalıb, ictimaiyyətin, xalqın, narazı xalqın əsəbləri tarıma çəkilib, ancaq Milli Şura üzvləri sanki oyun oynayır, xalqın əsəblərini bir qədər də tarıma çəkir.

Bəlkə oyun sözü burda yazılmasını kimsə doğru hesab etməzdi, intəhası iş burasındadır ki, Milli Şura proseslərdə o qədər naşılıq, laqeyidlik və ya yalançı canfəşanlıq göstərir ki, buna başqa ad verə bilmirsən.

Milli Şura vahi namizədin seçilməsində az tərədüd yaşamadı, özü də elə bir halda ki, Şura hələ ideya kimi ortalığa atılan zaman Rüstəm İbrahimbəyovun vahid namizəd kimi qəbul olunacağı səslənirdi. Sonra da məlum oldu ki, Rüstəm müəllim həm də Rusiya vətəndaşıdır, bu faktı da iqtidar əlində al bayraq etdi. Sonra da hansısa hüquqşünaslar Rüstəm müəllimə bildirdi ki, onun Rusiya vətəndaşı olması seçkidə iştirakına hüquqi maneə yaratmır, İbrahimbəyov özü də bu fikrini müsahibəsində səsləndirdi, ancaq buna baxmayaraq bu məsələyə nə müxalifət, nə də müstəqil mətbuat heç bir reaksiya vermədi, ekspertlər də bu mövzuya şərh vermədilər.

Elə vəziyyət yarandı ki, guya hamı bu məsələnin unutdurulmasına maraqlıdır. İndi də Rüstəm müəllimin Rusiya vətəndaşlığından çıxarılmasını gözləyirlər kimi fon yaradıb vaxt itirirlər, jurnalistlər də siyasətçilərin nəzərinə vaxt darlığını xatırlatdıqda, o saat deyirlər ki, hələ hər şey itirilməyib.

Milli Şura bir neçə dəfə fövqəladə toplantılar keçirsə də bu iclaslarda konkret qərarlar qəbul etmədilər, ən aktual qərar isə Şuranın alternativ vahid namizədini müəyyən etmək idi. Bununla belə Milli Şurada təmsil olunan siyasətçilər iddia edir ki, onlar vahid qurum olaraq müxalifətin namizədi ilə çıxış edəcəklər, avqustun 26-da yenidən toplanıb vahid namizədin vəziyyəti ilə bağlı qərar verəcəklər.

Bəlkə də müxalif siyasətçilər haqlıdır, gec də olsa namizədlərini irəli sürüb rəsmi şəkildə qeydiyyatına nail olacaq və imzaları da zamanında təhvil verəcəklər. Ancaq burda şərh olunası və diqəddət çəkiləsi ciddi məqamlar var.

Birincisi, Rüstəm İbrahimbəyovun həm də Rusiya vətəndaşlığının olmasının seçkidə iştirakına hüquqi maneə yaratmaması fikri nə üçün qulaq ardına vuruldu?

Bu fikri ortaya atan hüquqşünaslar nə üçün susdu və ya susduruldu? Nə üçün Milli Şura bu fikrin dəqiqləşdirilib ictimaiyyətə təqdim olunmasında əlini ağdan qaraya vurmadı? Bu suallar həm də ona görə vacibdir ki, Rüstəm müəllimin həm Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşı olması başqa ölkə qarşısında öhdəlik yaratmır, ancaq iqtidar mənsubları bir kəlmə deməklə hamı onların fikrini qəbul edib sağlam mübahisələndirmə aparmadı, demirəm ki, məhəkəmələrə üz tutmalı idilər, məhkəmə sisteminin vəziyyəti göz qabağındadır, axı heç dar çərçivədə də mübahisələndirilmədi.

İkincisi, Tutaq ki, Milli Şura həqiqətən fədakarlıq edib Rüstəm müəllimin və ya bir başqasının sənədlərini MSK-yə təqdim edə bildi, bu isə son anda mümkündür, bəs qalan bir ay ərzində seçicilərlər uğurlu işləyə biləcəklərmi?

Başa düşürəm ki, Azərbaycan kiçik ölkədir, ancaq normal seçki şəraiti yaradılmayıb axı, söhbət təkcə Seçki Məcəlləsindən getmir, hakimiyyətin qeyri qanuni, zorakı metodlarla müşayət olunan hərəkətləri haqqında gecə gündüz mətbuatda materiallar dərc olunur, hər gün rayonlar da müxalif fəallar həbs edilir, paytaxdan rayonlara gedən müxaliflərin görüş keçirilməsinə ciddi maneələr yaradılır.

Milli Şuranın vahid namizədinin rəsmən qeydə alınması və namizədin imzaları təhvil verdikdən sonra seçki yarışında iştirak etməsi hüquqi məsələdir, əsl iş bundan sonra başlayır. Seçi təbliğatı, xalqın rəğbətini və sonra da səsini qazanmaq, bunlardan da az vacib olmayanı verilən səsləri qorumaq, bütün bunlar üçün isə çox çox əvvəldən hazırlaşmaq və xalqı hazırlamaq lazımdır. Milli Şura isə hələ ki, əsası olmayan arxayınçılıq nümayiş etdirir.
Source : Islamtimes
Comment