0
Sunday 15 September 2013 - 00:52

Heydər Əliyev nə üçün Azərbaycanda təhsil alır?

Story Code : 301853
Heydər Əliyev nə üçün Azərbaycanda təhsil alır?
Heydər Əliyev nə üçün Azərbaycanda təhsil alır?
Prezident İlham Əliyevin Bərdəyə səfəri zamanı daha bir çıxışı mətbutda bir neçə gündür müzakirə olunmaqdadır, bu da təhsillə bağlıdır.

Məlumdur ki, bu ali məktəblərə keçirilən qəbul imtahanlarında prezident İlham Əliyevin oğlu, Heydər Əliyev də iştirak edib və 700 baldan 570 bal toplayaraq Dövlət İdarəçilik akademiyasına qəbul olunub.

Əvvəla onu deyim ki, bu xəbər cəmiyyət üçün xeyli gözlənilməz oldu, çünki Azərbaycanda xalq kiçik Heydər Əliyevin qərbdə-İngiltərədə təhsil aldığını bilir və buna vərdiş etmişdi, elə hamıda qəti şəkildə belə fikir formalaşmışdı ki, ali məktəbi də balaca Heydər ya Avropada ya da ABŞ-da davam etdirəcək, ancaq gözləntilər dəyişdi. Balaca Heydərin təhsilinin Azərbaycanda davam etdirməsi ilə bağlı qərarının səbəbləri rəsmən məlum deyil, ancaq bunu təxmin etmək də çətin deyil.

Burda həm prezidentin oğlunun Azərbaycan mühitinə daha yaxından bələd olması ən əsas səbəbdir ki, bu da gələcəkdə Heydər Əliyevin karyerası üçün önəmlidir. Bundan başqa belə bir qərar həm də İlham Əliyevə siyasi arqument kimi də lazımdır və artıq ondan istifadə etməyə başlayıb. Bu da Bərdədə baş verdi.

Prezident çıxışında qeyd edib ki, Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması istəklərindən biridir, buna nail də olub. İstərdi ki, azərbaycanlılar daha çox elə öz vətənlərində təhsil alsın, oxumaq üçün
xaricə getməsin. Buna əsas kimi də Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması olub.

Dövlət başçısı onu da vurğulayır ki, bir neçə il əvvəl xaricdə təhsil almaq üçün dövlət proqramı qəbul olunub, xeyli sayda gənclər təhsil almaq üçün xaricə üz tutdu, ancaq indi Azərbaycanda təhsil səviyyəsi artdığı üçün gənclərimiz elə burda oxumalıdır.

Nümunə olaraq da prezident özünü göstərərək, oğlunun burda təhsil almasını qeyd edir. Əlbəttə hər kəs istəyər ki, Azərbaycanda təhsil yüksək səviyyədə olsun, ancaq əfsuslar ki, reallıqda il ildən bu sahədə geriləmə müşahidə olunur, bu barədə də ekspertlərin fikirləri mövcuddur. Hər hansı bir ölkədə təhsilin səviyyəsinin yüksək olması ilə bağlı rəyi adətən bu sahədə nüfuzu beynəlxalq reytinq cədvəllərinə, həmin ölkədə ali məktəb məzunlarının bilik və bacarıqlarının aldıqları diploma adekvatlığına və nəzəri biliklərinin praktik tətbiqində əldə etdikləri uğura görə qiymət verilir.

Ancaq biz baxsaq görərik ki, Azərbaycan bu reytinq cədvəllərində heç axırıncı yerdə də durmur, məzunların iş bacarığını gəldikdə isə vəziyyət daha pisdir, çünki elə rəsmi dövlət adamların verdikləri açıqlamalarda bəyan edirlər ki, ali məktəb məzunlarımızın bilik səviyyəsi vakant iş tələblərini ödəmir.

Mahiyyət etibarı ilə prezident çıxışında özü
özünü də inkar edir. Məsələn, siz araşdırsanız görəcəksiniz ki, bir çox dövlət təşkilatlarında, səhmdarı dövlət olan şirkətlərdə, iri özəl şirkətlərdə çox sayda boş vakant yerlər var, Azərbaycandakı ali təhsilli işsizlər ordusundan kimsə həmin vakant yerlərə işə düzələ bilmir. Burdan belə nəticə çıxır ki, ya bu işsizlərin biliyi həmin yerlərdə işləmək üçün kifayət deyil ki, bunu elə belə də iddia edirlər, ya da hakimiyyət iş yerlərini insanların bacarıq və biliyinə görə yox öz keyfinə görə istədiyi adama həvalə edir və belə hallar da az deyil.

Bundan başqa hamı yaxşı bilir ki, Azərbaycanda prestijli müəssisələrdə, arzuolunan, yüksək əmək haqqı verilən iş yerlərində əsasən əcnəbi vətəndaşlar işləyir ki, bu da onların bilik və bacarıqları ilə izah olunur.

Daha bir məsələ ondan ibarətdir ki, savadlı və bacarıqlı azərbaycanlılar işləmək üçün xaricə, xüsusilə qərb ölkələrinə üz tutur. Reallıqla prezidentin iddiaları ilə tam ziddir, dövlət rəsmilərinin verdiyi bəyanatlar da İlham Əliyevin dediklərini inkar edir, İlham Əliyevin apardığı yarıtmaz siyasət nəticəsində Azərbaycanda sayı onsuzda az olan savadlı və bacarıqlı gənclərin xaricə getməsinə səbəb olursa, hansı təhsil səviyyəsindən bəhs edilir? Prezidentin oğlunun Azərbaycanda təhsil almasının səbəbləri barədə isə yuxarıda bəhs etdik.
Source : Islamtimes
Comment