0
Tuesday 20 July 2010 - 06:23

Münaqişənin açarı Rusiyanın əlindədir?

Story Code : 31564
Münaqişənin açarı Rusiyanın əlindədir?
Münaqişənin açarı Rusiyanın əlindədir?
Nazir xatırladıb ki, Kanadada prezidentlər səviyyəsində qəbul olunan bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının 6 prinsipi öz əksini tapıb: “Bunların sırasında Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Ermənistanla Dağlıq Qarabağ arasında yolun açılması da var.
Əgər Ermənistan birinci mərhələdə qoşunlarını çıxarsa, elə həmin gündən bütün yollar və kommunikasiyalar açılmış olacaq. Ermənistanla Dağlıq Qarabağ arasında yol Laçından da, Kəlbəcərdən də, Zəngilandan da keçə bilər. Təəssüf ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmadı və biz həmsədrlərlə birgə işi davam etdirmək barədə qərar qəbul etdik”.
Bu arada isə vaxtilə Qarabağa görə hakimiyyətdən devrilmiş Levon Ter-Petrosyan maraqlı açıqlamalar verib. O deyib ki, münaqişənin həlli üçün Qərbdən kömək gözləməyə dəyməz və Rusiyaya ümid etmək lazımdır. Çünki münaqişənin açarı Rusiyanın əlindədir. Ter-Petrosyana görə, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək barədə xəbərdarlıqları təəccüblü deyil. Çünki Ermənistan olmasa da Azərbaycan hərbi variantı heç vaxt gündəmdən çıxara bilməz.
Nəzərə çatdıraq ki, bu danışıqlar yenilənmiş Madrid prinsipləri ətrafında gedir. Lakin aydın görünür ki, erməni tərəfi bu prinsiplər ətrafında heç bir razılığa gəlmək istəmirlər. Hətta erməni müxalifətinin lideri də bunu etiraf edib. Belə bir vəziyyətdə yenilənmiş Madrid prinsiplərini arxivə göndərilmiş hesab etmək olarmı?
Mövzu ətrafında danışdığımız politoloq Natiq Miri bildirdi ki, əslində Sankt-Peterburq görüşünə qədər Ermənistanın ətrafındakı çevrə xeyli daralıbmış: “Təəssüf ki, Rusiyanın təhriki ilə yenidən Ermənistana manevr imkanları verildi. Yəni Sankt-Peterburqda Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə Rusiya tərəfindən yenilənmiş Madrid prinsiplərinə hansısa şərtlər irəli sürüldü. Həmin şərtlər daxilində məhz Ermənistana sərf edəcək variantlar var. Almatıda da Ermənistan Sankt-Peterburqdakı görüşün davamını istədi. Son zamanlar ABŞ-la Azərbaycan arasında münasibətlərin istiləşməsi Rusiyanı narahat etməyə başlayıb. Buna görə də Ermənistana manevr imkanları yaradıldı. Nəticə etibarı ilə Almatıda keçirilən uğursuz görüş müharibə variantını bir addım da yaxınlaşdırdı. Artıq görsəndi ki, Qarabağ probleminin çözülməsi üçün müharibədən başqa heç bir həll yolu qalmayıb. Baxmayaraq ki, Türkiyənin çox ciddi səyləri var. Almatı görüşləri bir daha göstərdi ki, dünya gücləri arasında Dağlıq Qarabağ problemi ilə bağlı konkret anlaşma yoxdur. Regionda maraqlar fərqli olduğundan, üstəlik Rusiya bu prosesdə öz dominantlığını kiməsə təhvil verməmək üçün çalışdığından hesab edirəm ki, nəinki Madrid prinsipləri, bütövlükdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll limiti, demək olar, qurtarıb. Azərbaycan tərəfi bunu əvvəlcədən də bilirdi. Yuxarı dairələrdə lokal əməliyyatların başlaması haqda razılıq da var. Bunu Qərb, Avropa, Rusiya da bilir. Eyni zamanda bu barədə Ermənistan hakimiyyətinə də xəbərdarlıq edilib”.
N.Miri bildirdi ki, artıq çox ciddi surətdə müharibəyə hazırlaşmağa dəyər: “Lokal əməliyyatlar nəticəsində Ermənistanı yenidən sülh masası ətrafında oturtmağa və konstruktiv mövqe tutmağa vadar etmək vaxtıdır. Yalnız bununla Ermənistanı bütün şərtlərə razı salmaq olar. Əks təqdirdə heç bir siyasi yolla nəticə əldə etmək olmayacaq”.
Comment