0
1
comments
Friday 23 July 2010 - 07:38

PKK terrorçu təşkilat kimi tanınsa…

Story Code : 31945
PKK terrorçu təşkilat kimi tanınsa…
PKK terrorçu təşkilat kimi tanınsa…
Türkiyənin dövlət naziri və baş nazirin müavini Cəmil Çiçəyin Şimali Kiprdə keçirilən tədbirdə çıxış edərkən Azərbaycan da daxil olmaqla, türk cümhuriyyətlərini PKK-nı terror təşkilatı kimi tanımamaqda qınaması mövzunu daha da aktuallaşdırıb. PKK-nın terror təşkilatı olaraq Avropa ölkələrində tanındığını xatırladan Cicək qardaş ölkələrin bu addımı atmamasını təəssüflə qeyd edib.
Qeyd edək ki, Azərbaycan parlamentində bu məsələ dəfələrlə qaldırılıb. Ancaq rəsmilər Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Abdulla Gülün imzaladığı bəyannamədə terrora qarşı birgə mübarizə barədə müddəanın olduğunu əsas gətirərək, ayrıca qanunun qəbuluna ehtiyac görmürlər. O da etiraf olunur ki, PKK terrorçu təşkilat kimi tanınsa, bu təşkilat erməni terrorçuları ilə birləşib Azərbaycana qarşı aktiv fəaliyyətə keçə bilərlər.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyir ki, öncə terrorçuluq haqqında qanunun qəbuluna ehtiyac var: “Azərbaycan hökuməti bu məsələdə ehtiyatlı mövqe tutur, Azərbaycanın həssas bölgə kimi poliqona çevrilməsinin qarşısını almaq istəyir. Çünki PKK terrorçu təşkilat kimi tanınsa, gərək ”əl-Qaidə", “Ceyşullah” yaxud başqaları da tanınsın. Bu da ona gətirib çıxara bilər ki, terrorçu təşkilatlar Azərbaycanla bağlı qərarlar qəbul edə bilər". Amma İ.Ağazadə hesab edir ki, Azərbaycan PKK-ya münasibətdə Türkiyə ilə ortaq mövqedən çıxış edir: “Ona görə də hesab etmirəm ki, Azərbaycan tərəfinin PKK-nı terrorçu təşkilat kimi tanımasında bir problem var”. C.Çiçəyin məlum açıqlamasının Bakı ilə Ankara arasında münasibətləri yenidən gərginləşə biləcəyi barədə suala cavab olaraq millət vəkili qeyd edir ki, Türkiyə Azərbaycanın mövqeyini anlayışla qəbul etməlidir: “Mən də zamanında PKK-nın terrorçu təşkilat kimi tanınmasını çox tələb etmişəm. Bu gün də hesab edirəm ki, Azərbaycan bu tipli məsələlərə bir az açıq olmalıdır. Amma indi regionda durum bir az dəyişib. Xüsusilə terrorçu qrupların Azərbaycana münasibəti və Azərbaycanda ayrı-ayrı qruplarla işləmək planları genişlənib. Ona görə də hesab edirəm ki, Türkiyə bu məsələdə problem çıxarmamalıdır”.
Milli Məclisin YAP-çı deputatı Aydın Mirzəzadə isə hesab edir ki, Türkiyə rəsmisinin dediklərinin Azərbaycana aidiyyəti yoxdur: “Çünki Azərbaycan müxtəlif səviyyələrdə dəfələrlə bildirib ki, Türkiyənin problemi onun problemi, Türkiyənin sevinci onun sevincidir. Türkiyə PKK-nı terror təşkilatı kimi tanıdığına görə Azərbaycan da onu birmənalı şəkildə terror təşkilatı hesab edir. Bu, müzakirə edilməyəcək bir mövzudur. Azərbaycanın Türkiyənin problemlərini öz problemləri kimi qəbul etməsi həmişə olub və bundan sonra da olacaq”.
Bu prinsipial mövqenin parlament səviyyəsində rəsmiləşdirilməsinə nə mane olur?
A.Mirzəzadə bildirir ki, PKK Türkiyə ərazisində fəaliyyət göstərən bir təşkilat olduğuna görə bu təşkilatın Azərbaycan tərəfindən terror təşkilatı kimi tanınmasına ehtiyac yoxdur: “Terrorla mübarizədə Azərbaycan həmişə Türkiyənin yanındadır. Bu mübarizədə beynəlxalq hüquq normaları çərçivəsində Türkiyəyə mümkün olan nə kömək mümkündürsə, Azərbaycan bunu həmişə edib. Ona görə də ölkəmizdə PKK-ya simpatiya göstərənlər tək-tük halda mövcud deyil”.
“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanın Azərbaycanda PKK-nın terrorçu təşkilat kimi tanınmamasını əsas gətirərək bu təşkilatı terrorçu sayanları ölkə qanunlarına hörmət etməyə çağırmasını A.Mirzəzadəyə xatırlatdıqda deputatın fikri belə oldu: “Hesab edirəm ki, Tahir Süleymanın fəaliyyətinə də, onun Türkiyədə terrorçu təşkilat kimi tanınan qurumu təbliğ etməsinə də ciddi hüquqi qiymət verilməlidir. Bir Tahir Süleymanın mövcudluğu hələ Azərbaycanın bu məsələyə baxışı demək deyil. Bu məsələdə Azərbaycan və Türkiyə həmişə bir yerdə olublar və bundan sonra da olacaqlar”.
E. Paşasoy /Musavat/
Comment


Azerbaijan
Aydın məsələdi ki, Azərbaycanda bir çox məmurlar PKK-ya dəstək verirlər. Milli məclisdəkilər nəyi düşünürlər??? təbii ki, öz kreslolarını və öz ailələrini. Azərbaycanı heç kim düşünmür vəssalam.