0
Friday 6 December 2013 - 07:41

Ədalət mühakiməsi varmı?

Story Code : 327896
Ədalət mühakiməsi varmı?
Ədalət mühakiməsi varmı?
Dekabrın 2-də Bakı Ağır Cinayətlər məhkəməsində, eks deputat Gülər Əhmədovaya höküm oxundu, prokuror ittiham olunan xanım üçün 4 il iş istədi, hakim isə 3 il azadlıqdan məhrum etmə ilə kifayətləndi.

Oxucuların yəqin yadındadır ki, Gülər Əhmədova ABU rektoru Elşad Abdullayevin qalmaqallı videolarından sonra fevralın 12-də həbs olundu. Gülər Əhmədova dələduzluq yolu ilə külli miqdarda əmlakın ələ keçirilməsində ittiham olunurdu ki, bu halda da təqsirləndirilən şəxsi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gülər Əhmədova əhvalatında elə əvvəldən istintaq işi ciddi məqamları nəzərə almayıb. Çünki Elşad Abdullayevin videolarında xanım deputatla rektor arasında olan söhbətdən bəlli olur ki, burda qanunverici hakimiyyətin qəsb olunmasından söhbət gedir.

Düzdür, bu hakimiyyətin zorla ələ keçirilməsi deyil, ancaq eyni zamanda bu hakimiyyətin qeyri konstitusion yolla hakimiyyətin mənimsənilməsidir, di gəl istintaq bu amili nəzərə almadı. Bunun da səbəbi ondadır ki, istintaqın bu yöndə aparılması məhkəmədə adları videoda çəkilən adamların cəlb olunacağı perspektivi yarada bilərdi ki, bu adamlar da Ramiz Mehdiyev, prezident İlham Əliyev kimi adamlar ola bilərdi. Bununla belə aparılan istintaq nəticəsində dövlət ittihamçısının məhkəmədən 4 il azadlıqdan məhrumetmə cəzası istəməsi də hüquqi baxımdan anlaşılan deyil, çünki hüquqa görə külli miqdarda (bir milyon yarım manat) dələduzluq maddəsi ilə titiham olunan şəxsi azı 7 il həbs gözləyir.

Özü də onu da deyək ki, Azərbaycan məhkəmə praktikasına görə dövlət ittihamçısı hakimdən adətən cəzanın yüksək plankasını tələb edir, sonra da hakimi yüngülləşdirici amilləri nəzərə alsa daha aşağı cəzanı verə bilər. Bu isə Gülər Əhmədovaya aid edilə bilməz çünki cinayətin ictimai təhlkəsizliyindən burda söhbət belə gedə bilməz. Yəni kobud desək, prokuror heç olmasa 8 il iş istəmli idi, hakim də 7 ildən az cəza verə bilməzdi. Burda bəhsimizin daha anlaşılan olması üçün çox gözəl bir misal köməyə yetir. Xatırlayırsınızsa, Gülər Əhmədova hələ deputat olan zaman “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı 10 min manatlıq iddia qaldırdı, dələduzluqla ittiham olunan baş redaktoru məhkəmə 9 il azadlıqdan məhrum etdi. Eyni maddə ilə də Gülər Əhmədova ittiham olundu, özü də Gülərdən fərqli olaraq Əvəz Zeynallının günahı sübuta yetirilmədi, heç bir dəlil olmadı, ittiham olunan özünü günahkar bilmədi. Həmin maddə ilə ittiham olunan Gülər Əhmədovaya qarşı isə milyon yarım iddia idi, dəlil vardı, ancaq nəinki hakim ona minimum cəza verdi, hətta dövlət ittihamçısı belə minimum cəzanı tələb etmədi. Bu da bir daha göstərir ki, Gülər Əhmədova işində həm istintaq, həm də məhkəmənin hökmü sırf siyasi xarakter daşıyır, burda hüquqdan, qanundan söhbət gedə bilməz.

Məsələ onda da deyil ki, Gülər Əhmədova əliyev rejimi üçün önəmli adamdır və bu səbəbdən də hakimiyyət hüququ qanunu tapdalaya bilər, zatən hakimiyyət hər gün bunu edir də. Məsələ ondadır ki, hakimiyyət cəmiyyətə daha çox isə öz ətrafındakı adamlara mesaj verir ki, ona xidmət edənləri ən çətin vəziyyətdə belə meydanda tək buraxmır. Yəni heç kim hakimiyyətin törətdiyi cinayətlərini hakimiyyətin iradəsi xaricində mühakimə edə bilməz.

Onu da qeyd edək ki, bu hələ hər şey deyil, Gülər Əhmədova yerli instansiyanın qərarında appelyasiya şikayəti də verə bilər və yəqin ki, verəcək də. Bir müddət də məhkəmə dəhlizlərində gəzişdikdən sonra 2014-cü ilin fevralın 12-si yetişər, Gülər Əhmədova aldığı cəzanın üçdə birini çəkmiş olar və bu da eks deputatın amnistiyaya düşməsi üçün əsas yaradar. Növbəti amnistiya aktında da Gülər Əhmədova azadlığa buraxılmış olar ki, bunu da artıq cəmiyyətdə indidən müzakirə edirlər.
Source : Islamtimes
Comment