0
Wednesday 15 January 2014 - 00:05

Şimali Qafqaz Azərbaycandan nə istəyir?

Story Code : 341153
Şimali Qafqaz Azərbaycandan nə istəyir?
Şimali Qafqaz Azərbaycandan nə istəyir?
Son illər Rusiyanın Şimali Qafqaz bölgəsinə daxil olan respublikaların liderlərinin Azərbaycana səfərləri intensivləşib. Son belə səfəri Dağıstan prezidenti Ramazan Abdulatipov gerçəkləşdirdi. Onun 2013-cü il dekabrın 26-da Azərbaycana səfəri rəsmi Bakı üçün bir sıra səbəbdən əhəmiyyətli idi.

Birincisi, Dağıstan Azərbaycana sərhəd bölgədir və əməkdaşlıq yollarının müzakirəsi Bakı üçün vacibdir. Azərbaycan hakimiyyəti təhlükəsizlik məsələləri istisna olmaqla Dağıstanla gediş-gəlişin açıq saxlanılması istəyir. Çünki türk və ləzgi xalqlarının bir-biri ilə qaynayıb-qarışmasının süni yolla əngəllənməsi əlavə problem yarada bilər. Bu isə nə Dağıstanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanın şimal rayonlarında ləzgilər, Dağıstanda və əsasən Dərbənd şəhərində isə xeyli Azərbaycan türkü yaşayır.

İkincisi, Dağıstan Rusiyanın ən qaynar və ən təhlükəli bölgəsidir. Terrorçular orada fəaldırlar və bu, rəsmi Bakını narahat etməyə bilməz. Dağıstandakı terror və radikal dini cərəyanlar tədricən Azərbaycanın şimal bölgələrinə inikas olunurlar. Təsadüfi deyil ki, son illər Dağıstandakı qüvvələrin təsiri ilə Azərbaycanın Zaqatala və Qax rayonlarında dini radikalizm artıb. Suriyaya gedən və “Əl-Qaidə”yə bağlı qrupların tərəfində savaşan Azərbaycan vətəndaşları ən çox bu bölgənin sakinləridir. Odur ki, Dağıstanla Azərbaycanın polis və kəşfiyyat orqanlarının sıx əməkdaşlığına da ehtiyac var.

Üçüncüsü, Azərbaycan kənd təsərrüfatı mallarının Dağıstandan Rusiya bazarlarına daşınılması imkanları var. Mal dövriyyəsinin, gəlirin, o cümlədən tranzit imkanlarının artırılması həm Dağıstanın, həm də Azərbaycanın xeyrinədir.

Bütün bunları nəzərə alaraq Dağıstan və Azərbaycan rəhbərlərinin daim görüşüb fikir mübadiləsi aparması aktualdır. Abdulatipov Azərbaycanın Dağıstan üçün əhəmiyyətini bölgənin keçmiş rəhbərlərindən daha yaxşı anlayır. O, təcrübəli siyasətçidir.

Ancaq Abdualtipova çətin olacaq. O bir tərəfdən Dağıstanı terrorçulardan, radikal dini cərəyanlardan və bölgədə dərin kök salmış rüşvətdən qurtarmalı, işsizliyin miqyasını azaltmalı, eyni zamanda əsas qonşusu olan Azərbaycanla sıx münasibətlər yaratmağa çalışmalıdır.

Abdulatipov öz bölgəsini yaxşı tanıdığı kimi Azərbaycanı da yaxşı öyrənib, rəsmi Bakının daxili və xarici siyasətinə dərindən bələddir. Bu mənada bir il öncə Moskvada formalaşan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqında Abdulatipovun yer alması təsadüfi deyildi. Əlbəttə, ilk baxışda Rusiyanın Dağıstan əsilli siyasətçisinin diaspor qurumu təsisçiləri arasında yer alması “axı o azərbaycanlı deyil” sualını gündəmə gətirmişdi. Ancaq Kreml onu siyahıya məhz Azərbaycana qonşu bölgənin rəhbəri kimi daxil etmişdi. Doğrudur, daha sonra Putinin Azərbaycanla və Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı ilə bağlı planları dəyişdi və Abdulatipovun imkanlarından istifadə olunmadı. Ancaq mövzu gündəmdən də çıxmayıb, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı da yerində qalır, Abdualtipov da əvvəlki tək bu təşkilatın üzvüdür. Odur ki, rəsmi Bakı Abdualtipovla təmas qursa da, Putinin Azərbaycanla bağlı planında yer alması səbəbindən Dağıstan prezidentindən çəkinir.

Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir. Onun Bakı səfərində iqtisadi mövzu ön planda olub, bu haqda çox danışılıb. Dağıstanın kənar investisiyalara böyük ehtiyacı var və buna görə də Abdualtipov neft və qazın satışından varlanan Azərbaycanın imkanlarından istifadə etmək istəyir.

Əlbəttə, rəsmi Bakı Dağıstanla sərhədin açıq olmasını istəyir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına rahat daşına bilsin. Ancaq Azərbaycan hakimiyyətinin Dağıstana böyük investisiyalar qoyması, inşaat sektorunu ora yönəltməsi problematikdir. Dağıstan həm siyasi, həm də iqtisadi baxımdan riskli bölgədir. İndiki vəziyyətdə rəsmi Bakının maliyyəsinin müəyyən hissəsini ora yönəltməsi mümkün görünmür.

Abdualitovdan əvvəl Bakıya Çeçenistan prezidenti Ramzan Kadırov və Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin də ayrılıqda gəlmişdilər. Hər ikisi Abdualitipov kimi Azərbaycanın Çeçenistana və Şimali Qafqazın digər bölgələrinə investisiya qoymasını istəyirdilər. Rəsmi Bakı nə Ramzan Kadırova, nə də Aleksandr Xloponinə “yox” dedi, hətta jest olaraq Azərbaycan hökumətinin böyük tərkibli nümayəndə heyətini Şimali Qafqaza göndərdi. Ancaq investisiya mövzusu hələlik elə bununla da yekunlaşdı. Çünki Azərbaycanın ən qaynar və riskli bölgələrə yatırım qoyması mümkün deyil. Heç bir dövlət buna getməz. Dağıstan, İnquşetiya, Şimali Osetiya dotasiya ilə yaşayan bölgələrdir, belə olan halda onlar Azərbaycanın kreditlərini necə vaxtında geri qaytara bilərlər?

Rəsmi Bakı ən yaxşı halda Rusiyanın daha təhlükəsiz Həştərxan və Volqoqrad vilayətləri ilə əməkdaşlığını davam etdirəcək. Ancaq rəsmi Bakı Həştərxan və Volqoqradda da birgə müəssisələr yaratmır, investisiya layihələri həyata keçirmir, sadəcə Heydər Əliyev Fondunun xətti ilə parklar salır, məktəblər inşa edir. Rəsmi Bakı bundan artığına hazır deyil. Azərbaycan hakimiyyəti Şimali Qafqaz və Rusiyanın digər bölgələrinə o zaman investisiyalar qoyar və oralarda birgə müəssisələr açar ki, bu, Moskvanın Cənubi Qafqaz və Qarabağ siyasətinə təsir etsin. Moskva isə siyasətini dəyişmək fikrində deyil.
Source : “Atlas” Araşdırmalar Mərkəzi
Comment