0
Thursday 27 March 2014 - 06:49

Yenə Suriya mövzusu

Story Code : 366262
Yenə Suriya mövzusu
Yenə Suriya mövzusu
İki gün əvvəl Suriyaya məxsus döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması haqqında yayılan məlumatlar artıq təsdiqlənib.

Bu hadisədən sonra Türkiyə hakimiyyəti Hərbi Hava Qüvvələrinə mərkəzin əmrini gözləmədən istənilən hava təhlükəsinə qarşı zərbə vurmaq əmrini verdi. Bundan başqa o da məlum oldu ki, Suriyada yerləşən Süleyman Şah Türbəsini türk qırıcıları qoruyacaq, həmin Türbənin terrorçular tərəfindən məhv ediləcəyini əsas gətirərək Türkiyə hakimiyyəti artıq Suriya ərazisinə öz hərbi qüvvələri ilə girmək qərarı verib.

Suriyada bu vaxta qədər baş alıb gedən silahlı münaqişəyə dünya mətbuatında vətəndaş müharibəsi adı verilsə də, həqiqətdə dünyanın çox ölkəsindən döyüşmək üçün terrorçular bu ölkəyə yığışıb. O da məlumdur ki, Əsədə qarşı döyüşmək üçün Suriyaya gedən vəhabilərin əksəriyyəti Türkiyə ərazisindən keçərək bu ölkəyə soxulur.
Lakin bu vaxta qədər nə Türkiyə, nə də başqa bir ölkə gərgin müharibənin getdiyi Suriyaya öz hərbi qüvvəsi ilə müdaxilə etməyib, indi isə belə çıxır ki, Türkiyə öz hərbi qüvvəsi ilə Suriyaya girir.

İnanmaq çətindir ki, türk hərbi təyyarələri Suriyaya girərsə, qərb dünyası, xüsusilə ABŞ buna etiraz etsin. Lakin deyəsən Türkiyə də Əsədə qarşı döyüşən terrorçulara verdiyi dəstəyə görə əziyyət çəkməyə başlayıb. Belə ki, ötən gün Niğde şəhərində polis yoxlamaları zamanı türk hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silahdan atəş açan və 3 nəfəri qətlə yetirən üç nəfər terrorçudan ikisi Azərbaycan vətəndaşı olub.

Bununla bağlı baş nazir Ərdoğanın da açıqlaması olub. Olayın geniş təfsilatı və polisə atəş açan şəxslərin kimlikləri dəqiq bilinməsə də ehtimal olunur ki, onlar Suriyadan qayıdan azərbaycanlı vəhabilər olub.

Suriyadan qayıdan başqa bir azərbaycanlı vəhabi Rasim Bədəlov bu günlərdə Sumqayıtda polis tərəfindən həbs edilib. Verdiyi ifadədə Bədəlov qeyd edib ki, Əsədə qarşı çeçen komandirinin rəhbərliyi altında savaşıb və ordakı qəddarlığı gördükdə qorxaraq geriyə dönüb.

Rasim Bədəlov polislər tərəfindən yaxalandıqda həm də səhv yolda olduğunu da etiraf edib. Onu da qeyd edək ki, Suriyada döyüşərək Azərbaycana qayıdan vəhabilər az sayda olsalar da var, bu isə onların hamısının həbs olunması demək deyil, sadəcə olaraq Rasim Bədəlov həm də Sumqayıtda silahlı insidentdə iştirak etdiyi üçün saxlanılıb, belə çıxır ki, bu vəhabi Suriyada törətdiyi qətllərə görə yox, Sumqayıtda törətdiyi silahlı münaqişəyə görə məsuliyyətə cəlb olunub.

Bu gün isə verilən xəbərə görə Azərbaycan vətəndaşı, vəhabi təriqətinin daşıyıcısı, Balakən rayonunun Mahamalar kəndinin sakini, “Xasavyurt dəstəsi”nə başçılıq edən Tural Atayev Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Dağıstanda keçirilən əməliyyat nəticəsində məhv edilib.

Turalla yanaşı bir neçə terrorçunun da məhv edildiyi bildirilir. Belə çıxır ki, azərbaycanlı vəhabilərin heç də hamısı Suriyada yox, bir qismi də Rusiya ərazisində döyüşür. Görünür bir müddət Suriya mövzusu gündəmdən çəkildiyi dövrlərdə vəhabilər öz fəallığına fasilə verməyib. Bunu bu günlərdə mətbuatda yayılan xəbərlərdən də görə bilirik.

Sumqayıt vəhabilərinin daha çox fəallığı isə gözə dəyir, başqa bir məlumata görə Sumqayıtdan olan, güləş üzrə Azərbaycan və Avropa çempionu Ceyhun Əliyev və yeznəsi Suriyada gedən döyüşlərdə həlak olub. Bu barədə Ceyhunun Suriyada döyüşən və hazırda sağ olan bacısı məlumat verib. Ancaq digər məlumatlara görə həmin döyüşdə həlak olan azərbaycanlıların sayı 15 nəfərdir.
Source : Islamtimes
Comment