0
Thursday 22 May 2014 - 16:44

Fransanın Azərbaycan siyasətində mühüm məqamlar

Story Code : 388085
Fransanın Azərbaycan siyasətində mühüm məqamlar
Fransanın Azərbaycan siyasətində mühüm məqamlar
Fransa prezidenti Fransua Olland mayın 11-i və 12-də Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Bu səfərin Ukrayna hadisələri fonunda baş tutması təhlilçilərin diqqətindən kənarda qalmayıb. Çünki Ukrayna hadisələri fonunda Avropa ölkələrinin enerji tələbətlarını ödəmək üçün alternativ mənbələr axtarması Ollandın Azərbaycana səfər etməsi ilə eyni vaxta düşüb. Bu mənada Fransa prezidentinin Cənubi Qafqaz turnesində əsas mərkəzi məhz Azərbaycan olmuşdur.

Ümumilikdə, səfər öncəsi situasiyaya nəzərə saldıqda Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilə imzalamış Gürcüstanda və hələ də öz seçimini etməmiş Azərbaycanla danışıqlar aparmaq Fransa üçün önəm kəsb edir. Ona görə də diqqət cəlb edən məqam iki ölkə prezidentlərinin Azərbaycan və Mərkəzi Asiya enerji daşıyıcılarının alternativ yollarla Avropaya daşınması məsələsini müzakirə etmələri olub. Bu elə bir haldadır ki, Azərbaycan Respublikası ictimaiyyətində Rusiyanı qəzəbləndirməmək üçün hökumətin Qərbə inteqrasiya mövzusunda ehtiyatlı davranması tövsiyə olunur. Bəzi təhlilçilərin qənaətincə əgər şimaldan Azərbaycana təhlükə yaranarsa, Qərb özünə müttəfiq adlandırdığı ölkələrin müdafiəsinə qalxmayacaq. Bəlkə də buna qadir deyil. Hətta Qərb rəsmi Bakıya belə bir təminat versə belə, bu müsəlman ölkəsinə qarşı təhlükə əmələ gələcəyi halda onlar çətin ki, öz öhdəliklərini yerinə yetirsinlər. Hər halda biz bunu Qərbin Rusiyanın Gürcüstana və Ukraynaya qarşı hərbi müdaxiləsi zamanı ciddi addımlar atmamasında da gördük. Digər tərəfdən Rusiya tərəfindən Krımın ilhaqı ilə bağlı Ukraynaya yetərli dərəcədə olmasa da dəstək verən və təcavüzkara qarşı sanksiyalar tətbiq edən Qərb Ermənistana münasibətdə bu günə kimi analoji addımlar atmır. Əksinə müxtəlif yollarla Azərbaycana təzyiq göstərilir ki, ərazi itkisi ilə razılaşsın. Başqa sözlə Qərb təcavüzə məruz qalan və əraziləri işğal edilən Azərbaycanı deyil, təcavüzkar Ermənistanı müdafiə edir. Bu hələ azmış kimi son hadisələr göstərir ki, Qərb öz maraqlarının təmini naminə Azərbaycanı Rusiya ilə “oyun”a çəkmək istəyir. Bu səbəbdən bir sıra şərhçilər hesab edirlər ki, Ukrayna ətrafında böhranın dərinləşdiyi bir vaxtda Fransa prezidenti Fransua Olandın Cənubi Qafqaz regionuna səfəri Rusiya tərəfindən təxribat kimi qarşılana bilər.
Fransua Ollandın Bakı səfərində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu bildirilir. Ancaq nəzərdən qaçırmaq olmaz ki, Fransa qondarma erməni soyqırımını tanıyan və Cənubi Qafqaz siyasətini xristian təəssübkeşliyi üzərində quran dövlət olduğundan onun bu sahədə Azərbaycana hansısa yardım edəcəyini gözləmək sadəlövhlük olardı. Həmsədr ölkələrdən Fransanın Ermənistandakı səfiri Anri Reynaud bir müddət əvvəl İrəvanda keçirilən mətbuat konfransında belə bir fikir səsləndirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın sülh danışıqlarında tərəf kimi iştirak etməsi barədə düşünür: "Fikirləşirəm ki, Azərbaycan və Ermənistan Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsi barədə qərar verməlidirlər”. Siyasi təhlilçilərin fikrincə, həmsədr ölkənin səfirinin bu cür çıxışı ölkəsinin birtərəfli mövqedə durmasından xəbər verir və onu göstərir ki, Fransa da ABŞ kimi Qarabağdakı separatçı rejimin müstəqillik röyasına loyal yanaşır. Göründüyü kimi, Fransa belə məsələlərdə heç vaxt diplomatik qaydalara əməl etmir.
Beləliklə də aydın olur ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarını əks etdirməyən mövqedən çıxış etməkdə davam edir. Zira Fransanın Ermənistanla möhkəm əlaqələri var. Fransa dünyada yeganə ölkədir ki, orada qondarma Dağlıq Qarabağın Mədəniyyət Mərkəzi açılıb və həmişə erməniləri dəstəkləyiblər. Bu mənada Ollandın səfərindən müsbət nəticə gözləmək reallıq deyil.
Demokratiya məsələsinə gəlincə isə bunda da Azərbaycan Respublikasında siyasi fəalların və azadlıqsevər insanların Fransadan nəsə bir dəstək və ya təşəbbüs gözləməsi absurddur. Xatırladaq ki, Fransua Ollandın Bakıya səfəri ərəfəsində Azərbaycan məhkəməsi insan haqları uğrunda mübarizə aparan 8 gəncə uzun müddətli cəzalar kəsib. Azərbaycan ədliyyəsi NİDA Gənclər hərəkatının üzvlərini 6 ildən 8 ilə qədər ağır cəzalarla cəzalandırıb. Həmçinin hüquq fəalı Leyla Yunus və jurnalist Rauf Mirqədirov hüquq mühafizə orqanları tərəfindən həbs olundular. Eyni zamanda onlarla hicab məhbusunun saxta ittihamlar əsasında hələ də həbsdə qaldığını yada salmaq lazımdır. Şübhəsiz ki, özünü demokratiyanın beşiyi adlandıran Fransan bütün bunlara görə rəsmi Bakının qarşısında tələb qoymaq fikrində deyil və onun Azərbaycanla bağlı prioriteti sadəcə olaraq bu ölkə vasitəsilə özünün enerji təhlükəsizliyinin bir qismini təmin etməkdir.

Müəllif: Qəhrəman Nurani
Source : Islamtimes
Comment