0
Friday 1 August 2014 - 12:47

“HƏMAS” nə üçün Türkiyəni, ərəb dövlətlərini deyil, “Hizbullah”ı köməyə çağırır?

Story Code : 402393
“HƏMAS” nə üçün Türkiyəni, ərəb dövlətlərini deyil, “Hizbullah”ı köməyə çağırır?
“HƏMAS” nə üçün Türkiyəni, ərəb dövlətlərini deyil, “Hizbullah”ı köməyə çağırır?
İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin toplantısından əvvəl jurnalistlərə açıqlamasında deyib: “Atəşkəs elan edilsə də, edilməsə də “HƏMAS”ın İsrailə gələn bütün tunellərini məhv edəcəyik”.

Baş nazir bildirib ki, “HƏMAS”a ağır zərbə endirmək İsrail hökumətinin qəti qərarıdır.

Bu arada “HƏMAS” hərəkatının siyasi bürosunun rəsmisi Livanın “Hizbullah” hərəkatını İsrailə qarşı cəbhə açmağa dəvət edib.

Hərəkatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq Livanın “Hizbullah” hərəkatını İsrailə qarşı cəbhə açmağa çağırıb. Rusiyanın “RİA-Novosti” agentliyinə açıqlama verən Əbu Mərzuq “Hizbullah” hərəkatının İsrailə şimaldan cəbhə açacağına ümid etdiyini və “terror rejiminə qarşı birgə mübarizə aparacaqlarını” deyib.

Xatırladaq ki, ötən həftə Ümumdünya Qüds Günü münasibətilə çıxış edən “Hizbullah” lideri Həsən Nəsrullah Qəzzada hədəfin yalnız “HƏMAS” deyil, bütün fələstinli müqavimət qrupları olduğunu bildirmişdi.

Qeyd edək ki, “HƏMAS” hərəkatının baş qərargahı 2001-ci ildən 2012-ci ilədək, 11 il müddətində Suriyada yerləşirdi. Hərəkat rəsmi Dəməşq tərəfindən hərtərəfli dəstəklə təmin olunurdu. Lakin 3 il öncə rəsmi Dəməşqə qarşı silahlı mübarizə başlandıqda, “HƏMAS”-ın da daxil olduğu “Müsəlman qardaşlar” hərəkatı Əsəd hakimiyyətinə qarşı savaşa girdi və bu zaman “HƏMAS” Suriyadan üz çevirib Dəməşqi tərk etmək və Qətərə köçmək qərarına gəldi. Livanın “Hizbullah” hərəkatı isə rəsmi Dəməşqi müdafiə edərək, Suriyadakı döyüşlərə qatıldı.

“HƏMAS”-ın Dəməşqi tərk etməyə və Əsədə müxalif olanlara meyllənməyə təşviq edən əsas dövlətlər isə, Türkiyə və Qətər olmuşlar. Onlar tərəfindən “Həmas”-a Əsədlə ittifaqa son qoymaq müqabilində hərtərəfli dəstək vəd edilirdi. Xalid Məşəl Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanı “İslam dünyasının lideri” deyə öyürdü.

Qəribədir ki, indi İsrail ilə savaş əsnasında “HƏMAS” hərəkatı “lider” adlandırdığı Ərdoğanı, regionun ən güclü dövlətlərindən olan və son zamanlar tez-tez İsrail əleyhinə bəyanatlarla çıxış edən Türkiyəni, yaxud son 3 ildə isti münasibətlər qurduğu və kifayət qədər güclü hərbi potensiala malik olan ərəb dövlətlərini deyil, Livanın “Hizbullah” təşkilatını İsrailə qarşı ikinci cəbhə açmağa çağırır. Halbuki “Hizbullah”-ın məhdud imkanları “HƏMAS”-ın son illər güvəndiyi Türkiyə və ərəb dövlətlərilə müqayisəyə gələ bilməz.

Yeri gəlmişkən, Qəzza od-alov içində yanarkən, sözügedən dövlətlərin heç biri bu alova yaxın durmağa cəsarət etmir. Ən yaxşı halda, uzaqdan-uzağa bəyanatlar verməklə kifayətlənirlər. Görünür, bu məqamda “HƏMAS” anlayır ki, “yetimə can-can deyən çox olar”, amma çörəyə gəldikdə… Yenə də ümidləri qalır “Hizbullah”-a…
/islam.az/
Source : İslam.az
Comment