QR CodeQR Code

Günel Mövludun Məşhəd kompromatı

13 Nov 2010 19:26

Lent.az-da “Günel Mövlud Məşhəd ziyarətindən yazır” reportajının 2-ci hissəsini oxuduqdan sonra bir daha əmin oldum ki, insanın kimliyində onun cinsinin, yaşının, milliyyətinin, regionunun, peşəsinin heç bir həlledici rolu yoxdur.


Yəni Qarabağ kimi cənnət bir məkanda doğulmuş gənc bir xanım hər şeyi qara görmək istədikdə onun bu niyyətinə heç bir anket göstəricisi mane ola bilmir.
Bu xanımla mübahisəyə girmək fikrindən çox uzağam. Sadəcə yazını oxuyub Məşhədə ziyarət səfəri barədə yanlış qərar çıxarılacağından ehtiyat edir və bu səfərin G.Mövluddan gizlənmiş müsbət məziyyətlərinin olduğunu ən qısa şəkildə xatırlatmaq istəyirəm.
Əvvəla, Biznesdən fərqli olaraq Dində önəmli olan nəticə yox, səbəb, başqa sözlə niyyətdir. Din qəlb, eşq mövzusudur və könül sevən göyçək olar. Dünyada qəlbini İblisə də verən var, Allaha da. Jurnalist xanımın bu səfərdə niyyəti ziyarət olmadığından qara rənglər onu ağuşuna alıb və gözəllikləri pərdələyib. Avropalıların İran haqqında xoş səfər təəssüratları ona nəsib olmayıb. Şübhəsiz ki, qəlb boş qalmır – arada sevgi yoxsa, onu nifrət doldurasıdır.
Sonrası, yalnız vicdanlı və güclü insanlar hər hansı predmetə qərəzsiz, təəssübsüz qiymət verə bilir. G. Mövlud mövzuya M. Köhnəqalanın pəncərəsindən daxil olur və onun öncədən kristallaşmış fikirləri var. O bu məqaləni səfərə çıxmadan yazsaydı, həmin məqalə hazırkından çox da fərqlənməzdi.
Müəllif qarşıya qoyulmuş “Məşhəd ziyarətinə nifrət yaratmaq” missiyasını “ziyarətgaha girəndə bir iranlının əlini atıb, bizim zəvvar qadınlardan birinin budunu əlləşdirməyi” sözləri ilə başa çatdırır. O basabasda, dünyanın min bir ölkəsindən gəlmiş zəvvarlar arasında görəsən həmin şəxsin (əgər həqiqətsə) iranlı olduğunu kim müəyyənləşdirib? Ümumiyyətlə, iranlının əli necə olur ki? İranlılar ümumi götürdükdə iradı gizləyən xalq deyillər. Onların İranla bağlı bir sıra gileyləri var. Amma ən sözbaz iranlı da etiraf edir ki, qadın İranın bir başından durub tək-tənha o biri başına gedər və kimsənin ona söz atmağa cürəti çatmaz. Digər tərəfdən, Məşhəddə nəinki ziyarət yeri , hətta giriş qapıları qadınlar və kişilər üçün ayrı-ayrıdır.
Başqa bir nöqtə də var. Jurnalistin sadaladığı bir sıra nöqsanlar həqiqət olsa da təkcə Məşhəd səfərinə aid deyil. Siz Bakıda təyyarəyə əyləşin, bir saat sonra düşün Tehranda. Tehrandan da Məşhədə eləcə. Məşhəddə 5 ulduzlu oteldə yer götürün və İmam Riza bazarı adlanan məşhur pasajda alış-veriş edin. Deyirsiniz İranda almağa bir şey yoxdur. Amma göstərilən xəritə ilə getsəniz yəqin ki, pulunuz çatmaz. Bu problem İranın yox, dünyanın problemidir. Yaxşı şərait üçün pul xərcləmək lazımdır. 100-200 manata 3 min kilometr yol gedəndə təbii ki, dadsızdan yeyib, çirklidə yatmalı olacaqsınız. Siz həmin pulla başqa ölkələrə piyada da gedə bilməzsiniz.
Biz təbrizlilər vətən saydığımız Azərbaycana gələndə hər addımda, hər saat G.Mövludun uşaqlıqdan yaşadığı nöqsanlarla rastlaşırıq. Amma vətəndir deyə qayıdanda açıb-ağartmır, xoş sözlər danışırıq. Yəqin ki G.Mövluddan İran gömrüyündə, sürcülərindən isə minlərlə kilometr yollarda rüşvət tələb edilməyib. Yəqin ki yollar rahat olub, gecələr işıqlı. Yəqin ki...
Nə G.Mövludun yazısını oxuyanda, nə də bu iki-üç kəlmə münasibəti yazanda ləzzət almadım. Çünki bundan şirin, faydalı və zəruri mövzular yenə sonraya qaldı.

Babək Təbrizli (HaqqYolu üçün)


Story Code: 44025

News Link :
https://www.islamtimes.org/az/fori_news/44025/günel-mövludun-məşhəd-kompromatı

Islam Times
  https://www.islamtimes.org