0
Wednesday 13 May 2009 - 11:21
Trend News-un icmalçısı Rufiz Hafizoglu:

PAPANIN HƏCC SƏFƏRI IBADƏTDƏN SIYASƏTƏ ÇEVRILDI

Story Code : 4850
PAPANIN HƏCC SƏFƏRI IBADƏTDƏN SIYASƏTƏ ÇEVRILDI
Papa Müqəddəs Torpaqlara səfəri çərçivəsində İordaniya müqəddəs yerləri ziyarətindən sonra , İsrail və Fələstində də möminlər üçün müqəddəs sayılan bir çox yerlərdə olacaq. Maraqlısı odur ki, bu səfər "Sülh üçün həcc" adı altında həyata keçirilir.

Bir çox ərəb siyasətçiləri Benediktin bu səfərini Yaxın Şərqdə dinlərarası dialoqun başlanması üçün müsbət addım kimi qiymətləndirirlər.

İordaniya Kralı adına Dini Araşdırmalar Mərkəzinin direktoru, İordaniyanın BMT-dəki keçmiş səfiri Həsən Əbu Nimət Benediktin Yaxın Şərq səfərinə münasibət bildirərkən bu səfərin həm xristian, həm də islam dünyası üçün önəmli olduğunu və bunun dinlərarası dialoqun başlanması üçün ilkin addım olduğunu qeyd edib.

Bir çox müsəlman və xristian din xadimləri 2008-ci ilin dinlərarası dialoq ili olacağına ümidlə yanaşırdılar, məhz bu səbəbdən də Avropada 2008-ci il dinlərarası dialoq ili kimi elan edilmişdi. Dialoqun baş tutması kilsə və məscidlərin bir-birinə daha da yaxınlaşması məqsədilə Avropa və bir sıra müsəlman ölkələrində müxtəlif konfranslar və tədbirlər təşkil olunmuşdu.

Əslində, dinlərarası dialoq təklifi ilk dəfə türkiyəli mütəfəkkir Fətullah Gülən tərəfindən gündəmə gətirildiyi zaman o, masonluqda ittiham edilmiş, bir çox müsəlman alimləri, əsasən Səudiyyə müftiləri isə dialoqun mümkünsüzlüyü barədə bildirmişdilər.

Dinlərarası dialoq dünyada, o cümlədən Yaxın Şərqdə dini zəmində baş verən bir çox problemlərin qarşısını almaq iqtidarında olsa da, gözlənilən effekti vermədi.

Vatikan rəsmiləri Papanın Yaxın Şərqə səfərinin siyasi deyil, sadəcə ibadət və həcc xarakterli olmasını söyləmələrinə baxmayaraq, səfər ilk günüdən ibadətdən siyasətə çevrildi. Qüdsün statusu gündəmə gətirildi, İordaniya Kralı II Abdulla isə Qüds probleminin müsəlman və xristianların diqqət mərkəzində qalmalı olduğunu bildirdi. II Abdulla Qüds probleminin xristian və müsəlmanların birgə həll etməli olduğunu söyləməklə yanaşı, Fələstin xalqının işğaldan azad olması üçün köməklik göstərilməli olduğunu da bildirdi. O, öz çıxışında dinlərarası dialoqun vacibliyini qeyd etdi.

Maraqlısı isə odur ki, dinlərarası dialoqdan danışılarkən bir çox hallarda dialoqun sadəcə xristian və müsəlmanlar arasında aparılmalı olduğu və bununla da sanki problemin sadəcə bu iki din mənsubları arasında olduğu bildirilir. Əslində, anlaşılmazlıq tək müsəlman və xristianlar arasında deyil, eyni zamanda müsəlman və yəhudilər, bütpərəstlər və müsəlmanlar və dolayısı ilə bütün din mənsubları arasında mövcuddur.

Görəsən papanın Yaxın Şərqə "Sülh üçün həcc" səfəri ilə bünövrəsi qoyulan dinlərarası dialoq baş tutacaqmı?

Dünyada, o cümlədən Yaxın Şərqdə baş verən bir çox hadisələr onu göstərir ki, üç səmavi dinin mənsubları da dialoqun gerçəkləşməsinə hələ tam hazır deyillər.

Bir çox hallarda buna səbəb isə məhz din xadimlərinin digər dinə qarşı bilərəkdən və ya bilməyərəkdən söylədikləri və bununla da bir çox yeni problemlərə yol açmalarıdır.

Bütün bunlarla yanaşı, bir çox münaqişələrə dini don geydirilməsi də dialoqun mümkünsüzlüyünü söyləməyə əsas verir.

Papanın Yaxın Şərqə ilk və bəlkə də son "Sülh üçün həcc" səfərinə gəldikdə isə, səfərin ikinci günü olmasına baxmayaraq, bəzi yaddaqalan hadisələr baş verdi.

İlk növbədə İsrail Papanın Fələstinə səfərinə qarşı kəskin etirazını bildirdi.

Çünki Papa Fələstində və İsraildə xristian dünyasının müqəddəs yerləri ilə yanaşı, Qüds və Beytləhim şəhərləri arasında yerləşən və beş min fələstinli qaçqının məskunlaşdığı Ayda qaçqın düşərgəsini də ziyarət edəcək.

Daha sonra isə İsrailin din xadimləri xristianlar üçün müqəddəs hesab olunan bəzi yerlərin Vatikana təhvil verilməsinə öz etirazlarını bildirdilər. Din xadimləri Vatikan ilə İsrail arasında müqəddəs yerlərin Vatikana verilməsi ilə aparılan danışıqlara da son qoyulmasını tələb etdilər.

Bunlarla yanaşı, islam dünyasında da Papanın Yaxın Şərqə səfəri birmənalı qarşılanmadı. Müsəlman din xadimləri, xüsusən də Qüds müftisi şeyx Təmimi XVI Benediktdən İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatları cinayət kimi qəbul etməsini istədi. İslam dünyasının Yaxın Şərqə "Sülh üçün həcc" edən Papadan istəyi bununla kifayətlənmədi.

XVI Benediktdən Almaniyaya səfəri zamanı cihad və islam haqqında dediklərinə görə üzr istəməsi də tələb olundu.

Papa sentyabrın 12-də Bavariyanın Regensburq Universitetində çıxış edərkən "Göstərin görüm, Məhəmməd yeni nə gətirib? Onun gətirdiyi din "qılınc gücünə yaymaq" çağırışları kimi zalım və qeyri-insani şeylərdən ibarətdir", - deyə bildirmişdi.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Papanın Yaxın Şərqə səfəri nə qədər ibadət üçün nəzərdə tutulsa da, öz ilkin - ibadət anlamını itirərək siyasətə çevrildi.
Source : Trend AIA
Comment