QR CodeQR Code

RUS ÇƏTİRİ ALTINDA QARABAĞ SÖHBƏTİ

Medvedyevdən Əliyevə: “Həyat ağırdır, tez-tez görüşmək lazımdır”

Yeni Musavat , 6 Jun 2009 10:58

Sankt-Peterburqda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin görüşü nəticəsiz qaldı.


Rusiya mətbuatının yazdığına görə, prezidentləri gəmi səyahətindən çiskinli, yağışlı hava da saxlaya bilməyib. Onları çətirlə çayın sahilində qarşılayan Medvedyev zarafatla deyib: “Təəssüf ki, havayla anlaşa bilmədik. Ancaq buna baxmayaraq sizin şəxsinizdə istiqanlı cütlük var, mənə xoşdur ki, gəlmisiniz”. Medvedyev Əliyevlə ikitərəfli görüşündə deyib ki, müzakirə olunası çox məsələlər var. Bura Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, enerji təhlükəsizliyi, iki ölkə arasında mal dövriyyəsinin həcmi, hamını narahat edən qlobal iqtisadi böhran və digər məsələlər daxildir.
“Baxaq görək nə etmək olar ki, Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin həcmi aşağı düşməsin”. İlham Əliyev isə cavab olaraq deyib ki, qlobal böhrana baxmayaraq, hələlik Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin həcmi çox aşağı düşməyib: “Ötən ilə nisbətən cəmi 3.4 faiz geriləmə var, böhrana baxanda bu pis göstərici deyil” deyə o bildirib. Medvedyev isə “Həyat ağırdır, çətinlikləri aradan qaldırmaq üçün tez-tez görüşmək lazımdır” deyə ona reaksiya verib. Görüşün mətbuata açıq hissəsində İlham Əliyev az əvvəl Ermənistan dövlət başçısı ilə “Baltiyskaya zvezda” otelində aparılan danışıqlar haqda Medvedyevə məlumat verməyib.
Sərkisyan isə Medvedyevlə görüşü zamanı çıxışını Rusiyanın Ermənistana ayırdığı 500 milyon dollarlıq kreditə görə təşəkkür etməklə başlayıb. O deyib ki, həmin pullar Ermənistana böhranlı vaxtlarda böyük köməkdir. Sərkisyan Əliyevdən fərqli olaraq Qarabağ danışıqları haqda Medvedyevi məlumatlandırıb: “Biz israrla Dağlıq Qarabağ əhalisinin öz tarixi vətənlərində təhlükəsiz yaşamasını təmin etməyin yollarını axtarırıq, ancaq təəssüf ki, bu axtarışlar hələ konkret nəticə verməyib”.
Sankt-Peterburq görüşü haqda Ermənistan və Azərbaycan xarici işlər nazirləri mətbuata qısa açıqlama veriblər. Edvard Nalbəndyana görə, danışıqlarda hansısa irəliləyiş və ya dönüş haqda danışmaq mümkün deyil, lakin tərəflər irəliyə doğru hərəkət edirlər və danışıqları davam etdirmək haqda anlaşıblar. Onun sözlərinə görə, prezidentlər arasında yaxın vaxtlarda yeni görüşün təşkili mümkündür. Sankt-Peterburq görüşü ərəfəsində danışıqlarda heç bir irəliləyiş olmadığını deyən və bu görüşə də ümid bəsləmədiyini bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə optimist danışıb. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq bu görüş başqa tərzdə keçirilib. “Əlbəttə, irəliləyiş olduğunu deyə bilmərik - deyilənlərlə tam razıyam ki, görüşdə müəyyən irəliləyiş olub”. O, prinsipcə böyük anlaşma, bir-birinin mövqelərinin daha çox dərk edilməsi və ən başlıcası irəliləyiş, bu məsələnin həll olunmasının vacibliyi barədə ümumi razılıq olduğunu və bu qərarın çox sevindirici hal olduğunu qeyd edib.
Mübahisəli mövqelərin məhz hansı məsələlər ətrafında olması barədə sualı isə o belə cavablandırıb: “Praqa prosesindən başlayaraq, Madrid sənədində əksini tapan son beş il müddətində işlənmiş prinsiplər mövcuddur. Prezidentlər səviyyəsində indi müzakirə olunan bu prinsiplərin bəziləri üzrə anlaşmalarda müəyyən konturlar hiss olunur. Bu kontekstdə deyə bilərəm ki, əgər sənəd qəbul edilsə, - bu isə ümumi anlaşmadır, - onda həmin sənəd birgə şəkildə qəbul ediləcək”. Azərbacanın xarici siyasət idarəsinin rəhbəri rəsmi Bakının ötən görüşlərlə bağlı səsləndirdiyi bəyanatlar barədə sualı cavablandırarkən isə bu fikirlərin həmişə faktlara və reallıqlara əsaslandığını bildirib.
Rusiya prezidentinin köməkçisi Sergey Prixodko isə jurnalistlərə bildirib ki, prezidentlərin birgə şam yeməyində və Neva gəzintisində qarşıya hansısa yüksək vəzifələr qoyulmamışdı. Onun sözlərinə görə, Rusiya münaqişənin həllində maraqlı olmaqla yanaşı tərəfləri hansısa həll modelinə məcbur etmək fikrindən uzaqdır: “Mühümdür ki, hər iki tərəf Rusiyanın vasitəçiliyini qəbul edir və danışıqları davam etdirməyə hazırdır. Biz prezidentlərin ikitərəfli görüş formatını dəstəkləyirik”.
Beləliklə, Əliyevlə Sərkisyan arasında sayca dördüncü görüş də arxada qalıb və rəsmən təsdiqləndiyi kimi, hansısa ciddi nəticələr yoxdur. Rusiya isə Qarabağ münaqişəsinin həllini sürətləndirmək haqda son vaxtlar Qərbdən göstərilən təşəbbüsləri müdafiə etmədiyini açıq büruzə verir. Bəs elədirsə Kremlin Sankt-Peterburqda Əliyevlə Sərkisyanın “mehribancasına” birgə nahar etməsini və gəmi gəzintisinə çıxmasını təşkil etməkdə məqsədi nə idi? Ekspertlərə görə, Kreml sadəcə olaraq nümayiş etdirməyə çalışır ki, Qarabağ münaqişəsi onun nəzarəti altındadır və prosesə kənardan təsirlərə imkan verilməyəcək. İndiki halda münaqişənin “dondurulmuş” vəziyyətdə qeyri-müəyyən müddət davam etməsi Rusiyanın siyasətinin başlıca məqsədi kimi görünür.


Story Code: 6239

News Link :
https://www.islamtimes.org/az/fori_news/6239/rus-çətiri-altinda-qarabağ-söhbəti

Islam Times
  https://www.islamtimes.org