QR CodeQR Code

İKİ NATO ARASINDA AZƏRBAYCAN

www.elxan.azeriblog.com , 13 Feb 2009 05:21

Nə etməliyik? - Üç yolumuz var.
Ya sürətlə həqiqi NATO-ya doğru istiqamət almalıyıq, ya Türkiyə ilə hərbi-strateji müqavilə imzamalıyıq, ya da ətrafımızda baş verənləri görməzliyə vurmaqda davam etməliyik.


Rusiya prezidenti Dmitri Medvedyev Moskvada təsis edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv hərbi qüvvələrinin gələcəyini necə görür?
“Çevik qüvvələrin təchizatı NATO-dan geri qalmamalıdır” deyib Rusiya prezidenti.
Bilirsiz bu nə deməkdir?
NATO-nu bölgəyə buraxmayan Kreml özü ətrafında NATO-ya bənzər qurum formalaşdırır. Mərkəzi Brüsseldə yerləşən NATO-nun hərəkətverici qüvvəsi Vaşinqtondursa, qonşuluğumuzdakı “NATO”nun mühərriki Kremldir.
Beləcə qalmışıq iki NATO arasında. Birinciyə ona görə üzv olmaq istəyimizi dilə gətirmirik ki, Rusiyanı qıcıqlandırmayaq, ikinci isə işğalçının yanında olduğundan işimizə yaramır.

Nə etməliyik?
Üç yolumuz var.

Ya sürətlə həqiqi NATO-ya doğru istiqamət almalıyıq, ya Türkiyə ilə hərbi-strateji müqavilə imzamalıyıq, ya da ətrafımızda baş verənləri görməzliyə vurmaqda davam etməliyik.

Hələ ki, biz üçüncü yolla gedirik.
Prezidentin İcra Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin vahid hərbi kontingentinin Azərbaycanın təhlükəsizliyinə təsir etməyəcəyini bildirib.

Bəlkə təhlükəsizliyimzə bu gün təsir etməz. Bəs təhlükə qapımızı sabah və ya birigün kəsdirərsə, cəngavərlərtək təkbaşınamı çıxacağıq bu durumdan?

Anti-terror əməliyyatı adıyla torpaqlarımızı işğaldan azad etməyə qalxsaq, İrəvan da buna cavab olaraq Moskvanın xeyir-duasıyla həmin çevik qüvvənin (buna xüsusi təyinatlı birliklər də demək olar)“hərbi biliklərindən” istifadə etməyə çalışsa nə edəcəyik? Əlbəttə, bu çevik qüvvələrin kənarda qalacağını da proqnozlaşdıra bilərik. Ancaq acı təcrübəmiz var. Rusiyanın Xankəndində 366 saylı “məşhur” alayı var idi. Hesabla həmin alay Azərbaycan-Ermənistan savaşına müdaxilə etməməliydi. Sonuc məlumdur.

7 dövlətin birgə formalaşdırdığı çevik qüvvələrin də, Rusiyanın Ermənistana ötürdüyü milyardlarla dollar silah və hərbi sursatın da hədəfi bəllidir.

Ermənistandakı çevik qüvvələr də, silahlar da Rusiyanın maraqlarına xidmət edir.

Rusiyanın maraqları isə Ermənistanın hərbi növqteyi-nəzərindən Türkiyə və Azərbaycan qarşısında dik durmasını təmin etməkdən, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçidinə imkan verməməkdən ibarətdir.

Bu isə bizim maraqlarımıza ziddir.

Buna rəğmən Novruz Məmmədov Azərbaycanın xarici siyasət kursunun ölkənin təhlükəsizliyini təmin etdiyini vurğulayır.

Biz Türkmənistan deyilik ki, daim neytral qalaq. Torpaqlarımız işğal altında, işğalçı sürətlə silahlanmaqda, Rusiyanın birbaşa (Ermənistana ötürülən 800 milyon dollar silah) və dolayı (çevik qüvvələrin formalaşdırılması) təzyiqləri artmaqdadır.

Bu arada Rusiyanın Ermənistana ötürdüyü silah qalmaqalı səngiməkdədir. Məlum siyahı üzə çıxandan sonra rəsmi Bakı xeyli fəallıq nümayiş etdirdi, Rusiya səfiri XİN-ə çağrıldı, nazir Elmar Məmmədyarov Moskvanın cavabından narazı qaldı, İslam Konfransı Təşkilatı üzvlərinə müvafiq bəyanat göndərildi və s.

Ancaq son günlər hakimiyyət mənsublarının ritorikasının yumşaldığı hiss olunur. 14 millət vəkili silah mövzusunu parlamentdə müzakirə etmək istəyirdi. Milli Məclis sədri müzakirəyə ehtiyac duymadan Moskvaya nümayəndə heyətinin göndəriləcəyini açıqladı.

Üstündən günlər keçib, Moskvaya kimin və nə zaman gedəcəyi bəlli deyil. Müdafiə naziri Səfər Əbiyevin Moskvaya səfərinin nəticələrindən də xəbərsiz qaldı ictimaiyyət. Və bütün bunların fonunda Novruz Məmmədovun “Rusiya tərəfi bizə rəsmi olaraq bildirib ki, Ermənistana 800 milyon dollarlıq silah verməyib. Biz buna inanmaq istəyirik” sözləri, şübhəsiz, Kremli rahatladar.

Ermənistana 1 milyard dollarlıq silah, 800 milyon dollarlıq silah, ardı hələ gəlir. Dözümlü millətik


Story Code: 643

News Link :
https://www.islamtimes.org/az/fori_news/643/iki-nato-arasinda-azərbaycan

Islam Times
  https://www.islamtimes.org